16:15 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
29510

Sürüşmələr, torpağın eroziyası, su çatışmazlığı ilə bağlı bitki örtüyündə dəyişikliklər müşahidə ediləcək. Yəni bütün bunlar bir-birilə bağlı proseslərdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 iyun — Sputnik. Bu il ölkədə kəskin su çatışmazlığı hiss olunur. Hazırda paytaxtın bir çox ərazilərinə içməli və suvarma suları fasilələrlə verilir.

Pandemiya dövründə su çatışmazlığı əhali tərəfindən narazılıqla qarşılansa da, acı reallığı qəbul etmək lazımdır.

Kürün suyunun azalması ilə çayda kiçik adaların əmələ gəlməsi və Mingəçevir su anbarında suyun səviyyəsinin azalması buna əyani sübutdur.

Bəs çıxış yolu nədir?

Sputnik Azərbaycan bu məsələ ilə bağlı Coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin fikirlərini öyrənib.

Məhəmməd Abduyevin sözlərinə görə, su qıtlığına səbəb iqlim dəyişmələri ilə əlaqədar çayların əsas qida mənbələrini təşkil edən atmosfer yağıntılarının azalmasıdır. Eyni zamanda temperaturun yüksəlməsi ilə buxarlanmanın və təsərrüfatın bütün sahələrində suya olan təlabatın artmasıdır. Nəticədə çaylara gələn su azalır və bu da özünü su çatışmazlığında göstərir.

Hazırda vəziyyətdən çıxış yolu kimi mövcud su ehtiyatlarından qənaətlə istifadə edilməli və suyun daha da azalması ilə bağlı senarilər işlənilməlidir.

M.Abduyev tövsiyə edir ki, suvarma sahəsində damcılı, çiləmə üsulu istifadə edilməlidir. Artıq bəzi rayonlarda bu üsuldan istifadə edilsə də, prosesin bütün ölkə ərazisində həyata keçirilməsi vacibdir.

Əhali də sudan qənaətlə istifadə etməlidir. Belə olsa, bəlkə, bu ağır vəziyyəti yola verə bilərik. Bundan başqa, dağ çaylarının təsərrüfatda istifadə edilməyən yuxarı hissələrində bəndlər tikilməlidir. 

Bu bəndlərə yaz aylarında qarların ərinti sularını yığmaq və yay aylarında həmin sulardan istifadə etmək olar. Azərbaycanda ümumi ehtiyatı 4,5-5 milyard kub metr hesablanan yeraltı sular mövcuddur. Qiymətli içməli sular olan yeraltı sulardan təsərrüfatın müxtəlif sahələrində geniş istifadə olunur. Bu sulardan qənaətlə istifadə olunmasa, gələcəkdə bizi içməli su problemi gözləyə bilər.

Abduyev qeyd edib ki, Azərbaycanda əvvəllər də yağıntıların az olması ilə bağlı quraq illər müşahidə edilib. Lakin belə uzunmüddətli olmayıb. Hazırkı quraq dövr nisbətən uzunmüddətlidir.

Mütəxəssis bildirib ki, hazırkı vəziyyətdə təkcə Azərbaycan ərazisinə düşən yağıntı miqdarının az olmasından söhbət getmir. Kür və Araz tranzit çaylardır. Və Türkiyə, Gürcüstan, Ermənistan və İranda daha çox istifadə edilməyə başlanılıb. Lakin su ehtiyatı artmır. Mövcud su ehtiyatından istifadə çoxalır, əhali artır. Atmosfer yağıntıları olduğu təqdirdə çaylarda su olacaq. Yağıntılar olmasa, su ehtiyatları azalacaq. Bu zaman isə vəziyyət daha da gərgin ola bilər.

M.Abduyev qeyd edib ki, su qıtlığına səbəblərdən biri antropogen amillər olsa da, bu amillərin təsiri nisbətən azdır:

"Su qıtlığına daha çox kosmik və təbii amillər səbəb olur. Bu təbiətdə baş verən proseslərlə bağlıdır. Buna antropogen amillər də qoşulur və prosesi daha da sürətləndirir. Bu bütövlükdə çoxamilli prosesdir. Məsələn, Antarktidada və Qrenlandiyada buzlar əriyir. Çaylar əmələ gəlir. Bu proseslərə antropogen amillərin təsiri 10 faizdir. 90 faizi təbii amillərə bağlıdır".

Təbiət öz-özünü bərpa etmək qüdrətinə malikdir. Təəssüf ki, antropogen amillər buna imkan vermir. Məsələn, çaylar ölçüsündən asılı olaraq 15-30 gün müddətində özünü təmizləyir.

El arasında deyirlər ki, "axar su çirkab götürməz". Lakin çirkab sular davamlı olaraq çaylara tökülürsə, bu çirklənmə davam edəcək və çayların ekosistemi pozulacaq. İnsan təbiətdən ağılla istifadə etməyi öyrənməlidir", - mütəxəssis bildirib.

Əlaqədar

Problemi artıq kəskin hiss edirik: İki dövlət qurumu birgə məlumat yaydı
Koronavirus suyumuza da əl qoydu: rejim düzəlməsə, çox pis olacaq
Təbiət də tərs düşüb: Yayın gəlişi ilə fermerlərin qara günü başlayıb
Su gələn arxa bir də gəlmir: Kanalizasiya sularını təkrar istifadəyə vermək istəyirlər
Ölkəyə böyük qıtlıq yaxınlaşır, “artıq içiləndə dərd verir su da” deyə bilməyəcəyik

Əsas mövzular