12:53 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
33820

Mütəxəssisin fikrincə, karantin müddətində hər gün verilən xəbərlərin izlənilməsi, rəqəmlər, ölüm səviyyəsi karantindən sonra da uzun müddət insanların yadından çıxmayacaq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Böyük Britaniyada aparılan araşdırmaya görə, koronavirus təhlükəsi səbəbindən karantinə alınmış şəxslərin 54 faizinin asqıran və öskürən insanlardan uzaq gəzdiyi müəyyən edilib.

Karantindən çıxan şəxslərin 26 faizi kütlə olan yerlərə getməkdən imtina edib, 21 faiz isə ümumiyyətlə cəmiyyət arasında olmaqdan imtina edir.

Araşdırma karantin zamanı verilən bəzi qərarların əks effekt göstərdiyini də sübut edib.

Azərbaycanda da sərt karantin rejiminin insanların psixikasına vurduğu zərərlər göz önündədir. Yollarda avtomobil sürücüləri arasında, polisə tabe olmamaq, mağazalarda ərzaq davası və s. bu kimi hallar cəmiyyətdə psixi vəziyyətin yaxşı olmadığından xəbər verir.

Mütəxəssislər iddia edirlər ki, gördüyümüz hadisələr görəcəklərimizin yanında "toya getməli" olacaq. Çünki karantin müddəti davam etdikcə, sərt karantin rejimi həyata keçirildikcə, insanlar daha da aqressivləşəcək, cinayətlərin sayı artacaq. Bu səbəbdən affekt hallarının çoxalacağı, psixi xəstələrin, yəni ruhi baxımdan karantinə davam gətirə bilməyən insanların sayının artacağı proqnozlaşdırılır.

Ehtimala görə, cəmiyyətdə hər təbəqədən olan fərdlər bundan öz nəsibini alacaq. Qocalı-uşaqlı psixi cəhətdən zəif olan şəxslərdə vəziyyət gərginləşə bilər. Psixi xəstəliklərin sayı, insanlar qorxu və təhlükəni yaşadıqdan sonra obsesif-komplusif hallar arta bilər.

Kliniki psixoloq Ramin Hacıyev hesab edir ki, bunun qarşısını almaq üçün psixoloji xəstəliklərə meylli insanlarla maarifləndirici söhbətlər aparmaq lazımdır: "Düzdür, bu, bütün psixiki xəstəliklərdən əziyyət çəkən insanlara aid edilmir. Amma bəzi psixi xəstəliklər var ki, pandemiya, sərt karantin rejimi onları ağırlaşdıra bilər".

Həkim bildirir ki, bu kimi problemlər cinsiyyətindən və yaşından asılı olmayaraq hər kəsdə görülə bilər.

"Pandemiyadan öncə psixi problemlər yaşan şəxslərin vəziyyəti indi daha da ağırlaşıb. Təəssüflə qeyd etməliyəm ki, psixi vəziyyətləri ağırlaşan şəxslər arasında 10 yaşlı uşaqlar da var" – deyən psixoloq bildirib ki, ümumiyyətlə pandemiya dövrü çoxu üçün çətin keçir.

Buna görə də, hətta psixoloji baxımdan güclü olan insanlarda belə psixiki problemlər yarana bilər. Belə hallarla qarşılaşan zaman isə qorxmadan, çəkinmədən psixoloq, psixiatr və bu istiqamətdə fəaliyyət göstərən həkimlərə müraciət etmək lazımdır.

Psixiatr İkram Rüstəmli qeyd edib ki, karantin bitdikdən sonra bəzi psixoloji tərəfdən zəif olan insanlar evdən çıxmaq qorxusu yaşayacaqlar. Yəni xəstəlikləri ağırlaşmış olacaq. Onun fikrincə, ən çox psixoloji stress səviyyəsi 16-24 yaşlı gənclərdə müşahidə edilir.

Ailələrə gəldikdə isə 1 uşaqlı ailələrdə psixoloji vəziyyət daha gərgin olur. Üç və daha çox uşaqlı ailələrdə isə stress nisbətən az müşahidə edilir: "Karantin vəziyyəti daha gənc və daha yaşlı insanlara daha ağır təsir edir. Yeniyetmələr və yaşlılar arasında psixi ağırlaşmalar müşahidə edilə bilər. Bu insanlar risk qrupuna daxil edilir. Buna görə də, risk qrupuna daxil olan şəxslərin yaxınları onlara qarşı daha diqqətli davranmalı, davranışlarında fərqlilik hiss etdikləri zaman müvafiq mütəxəssislərə müraciət etməlidirlər".

Psixiatrın fikrincə, karantin müddətində hər gün verilən xəbərlərin izlənilməsi, rəqəmlər, ölüm səviyyəsi karantindən sonra da uzun müddət insanların yadından çıxmayacaq. Elə bunu nəzərə alıb, karantin dövründə sosial şəbəkələrdən uzaq olmalı, bu tip xəbər yayan tv və radio proqramlara az baxılmalıdır.

Əsas mövzular