18:45 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
150 0 0

Ekspert: "Bəzi vergi ödəyiciləri elə bilirlər ki, köhnə kassa aparatının çekini vətəndaşa verməklə öz vəzifələrini yerinə yetiriblər. Amma bu, belə deyil. Artıq köhnə kassa aparatının çekini vermək, vətəndaşa çek təqdim edilməmiş kimidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Artıq pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara geri qaytarılıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, prosesin başlandığı may ayı ərzində alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 264 min nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 194.711-i və ya 74 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

May ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 1,7 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

İqtisadçı-ekspert Anar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə olan çətinliklərdən, vətəndaşların hansı məqamlara diqqət etməsindən danışıb.

Ekspert deyib ki, vətəndaş 90 gün ərzində nəzarət-kassa aparatı çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir: "Eyni zamanda "BirBank" tətbiqini telefonlarına yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. Nağd ödənişlərdə satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Nağdsız qaydada ödəniş edildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, vətəndaşa əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir".

O bildirib ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır: "Yaxşı olar ki, ƏDV ödəyicisi olan obyektlərin üzərində ƏDV ödəyicisi olduğunu göstərən lövhə vurulsun. Nəzərə alaq ki, bu da bir marketinqdir. Amma heç kim vergi ödəyicisindən mükəlləfiyyətini dəyişərək sadələşdirilmiş vergi ödəyicisi deyil, ƏDV ödəyicisi olmağı tələb edə bilməz. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic
Bunu bazar tənzimləyir. Amma təəssüf ki, ən böyük problem əksər vergi ödəyicilərinin hələ də yeni nəsil kassa aparatları quraşdırmamasıdır. Amma hissə-hissə bunu təmin etmək mümkündür. Məsələn, pərakəndə satışla məşğul olan iri şirkətlər var ki, şəxsən özümə yeni nəsil kassa aparatının çekini təqdim etmir, hələ də köhnə çek verirlər. Buna nəzarət olmalıdır".

"Vergi ödəyicisi çek verməyə borcludur və ödəyici öz məsuliyyətini dərk edərək bunu etməlidir və buna da nəzarət olmalıdır. Amma burada digər bir problem ondan ibarətdir ki, yeni nəsil kassa aparatlarından istifadə və onun daxili uçota tətbiqi bir az qəlizdir. Ona görə də bu istiqamətdə sadələşdirmə işləri aparılmalı, məsələ daha aydın olmalıdır", – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, hazırda yeni nəsil kassa aparatlarının mərhələli tətbiqi davam edir: "Artıq köhnə kassa aparatları ilə vətəndaşa verilən çeklər çek hesab edilmir, hökmən yeni nəsil kassa aparatının çeki vətəndaşa təqdim olunmalıdır. Bəzi vergi ödəyiciləri elə bilirlər ki, köhnə kassa aparatının çekini vətəndaşa verməklə öz vəzifələrini yerinə yetiriblər. Amma bu, belə deyil. Artıq köhnə kassa aparatının çekini vermək, vətəndaşa çek təqdim edilməmiş kimidir. Ümumilikdə pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi uğurla işləyəcək".

Qeyd edək ki, alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda yeni nəsil kassa aparatlarının mərhələli tətbiqi davam edir. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru "Kapital Bank"dır.

Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

Onu da bildirək ki, vergi ödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatları ilə təminatı 2022-ci ilin sonunda başa çatacaq. 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb. Tam olaraq bütün vergi ödəyicilərinin əhatə edilməsi isə 2022-ci il dekabrın 31-də başa çatacaq.

Azərbaycan ərazisində e-kassalara keçid prosesi "Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir. Müəyyən olunmuş müddət ərzində e-kassalara keçməyən vergi ödəyicilərinə qanunvericilikdə nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq ediləcək.

Əsas mövzular