03:27 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22910

Bu gün koronavirus keçirmiş şəxslərlə qonşuları da, iş yoldaşları da, hətta qohumları da təmas qurmaqdan çəkinir. Belə olanda həmin xəstələr özlərini cəmiyyətdən təcrid edirlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. Azərbaycanda koronavirusa yoluxmada rəqəmlər durmadan artmaqdadır. Hələ bir ay öncə yeni yoluxanların sayı 45-50 nəfər olsa da, bu gün koronavirusa yoluxduğu aşkar edilənlərin sayı artıq gündəlik 350-dən çox olur.

Yeni yoluxanlarla yanaşı xəstəlikdən sağalanların da sayında artım qeydə alınır. Həkimlər onlarda artıq koronovirusun olmadığını bildirsələr də, ortada narahatlıq doğuran məqamlar var. Bu, yeni xəstəlik olduğundan çoxları hətta xəstəliyi simptomsuz keçirdikləri halda belə, qorxu ilə yaşayır, bəzən özlərini cəmiyyətə yararsız, ətrafındakılar üçün təhlükəli hesab edir.

Qeyd edək ki, daha öncə də bəzi ekspertlər bildirmişdilər ki, virusdan çox onun təsirləri daha sərt olacaq. Bəzi hallarda belə şəxslərdə ilk dəfə olaraq təzyiqin qalxması və digər şikayətlər müşahidə olunur. Bəs sağlamlığına qovuşduqdan sonra bu şəxsləri cəmiyyətə qaytarmaq, onların sağlamlığına nəzarət üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Naqif Həmzəyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Koronavirusa yoluxmuş şəxslər həm müalicə dönəmi, həm də bundan sonra da dövlətin nəzarətində saxlanılır və onlarla bağlı bütün məlumatlar mərkəzləşdirilmiş bazada toplanılır. Düşünürəm ki, müalicə müddəti başa çatdıqdan sonra bu şəxslərlə reabilitasiya keçirilməlidir və onlarda virusdan sonrakı fəsadların aradan qaldırılması üçün dəstəklər verilməlidir. Eyni zamanda, belə şəxslərə psixoloji dəstəyin də verilməsi çox önəmlidir. Çünki bu gün belə bir fikir formalaşıb ki, müalicə müddətini başa vuran belə şəxslərlə sonradan təmas qurmaq olmaz. Onlardan qohumları da, qonşuları da, iş yoldaşları da təmas qurmaqdan çəkinir. Belə olanda həmin xəstələr özlərini cəmiyyətdən təcrid edirlər. Bu səbəbdən psixoloji dəstək göstərib bu şəxsləri yenidən cəmiyyətə qazandırmalıyıq".

Millət vəkili belə şəxslərin iş yerlərini itirməsi məsələsinə də aydınlıq gətirib: "Əmək müqaviləsi olmayan belə şəxslərin iş yerlərini itirməsi heç də yaxşı hal deyil. Təbii ki, yaranmış bu vəziyyətdən biz də narahatıq və bildiririk ki, hər kəs çalışdığı yerdə mütləq əmək müqaviləsi bağlamalıdır. Belə olan halda vətəndaş hüquqlarını tələb edə bilir".

Əsas mövzular