08:38 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
30931

Bəlkə də elə pandemiyaya inamsızlığın nəticəsidir ki, bu gün ölkədə 7500-dən çox koronavirusa yoluxma faktı qeydə alınıb və 88 nəfər dünyasını dəyişib

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək məhdudiyyətlər tətbiq edildi.

Qərara əsasən, bu müddət ərzində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Təəssüf ki, bu iki günlük sərt rejim yaddaşlarda heç xoş olmayan hadisələrlə qaldı. Vətəndaşların karantin rejiminə əməl etməməsi, polisə qarşı tabesizlik, polisə qarşı hörmətsizlik (zibil atma), marketlərdə çörək davası iki günlük karantin günlərini yaddaşımıza belə yazdı.

Sosial şəbəkələrdə də vətəndaşların bir qismi polisin xidmətini qəbul etmədi. Hətta koronavirusun olmadığını, vətəndaşların aldadıldığını da iddia edənlər oldu.

Bu inamsızlığa, tabesizliyə, aclıq qorxusuna səbəb nədir? Axı söhbət cəmi iki gündən gedirdi.

Sputnik Azərbaycan psixoloqlarla bu məsələni müzakirə edib.

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, insanlığın ən böyük cəzası azadlıqdan məhrum edilməkdir. Bunu cəzaçəkmə müəssisəsində olanlar da təsdiqləyə bilərlər. Və bu gün hamımız millət olaraq sanki cəza çəkirik.

"Biz səhvimiz olmadan, günahkar olmadan azadlıqdan məhrumetmə hissi yaşayırıq. Bu da özünü panik-atak, aqressiya ilə büruzə edir. İnsanlar içində olan aqressiyanı müxtəlif sahələrdə göstərirlər. İnsanların layihələri, planları alt-üst olub və daxili aqressiya bu gün üzə çıxır. Bu aqressiya hər kəsdə özünü büruzə verir. İşlərin düzgün getməməsi, virus təhlükəsi, ölüm qorxusu, dövlətin qoyduğu qadağalar, hər şey üst-üstə gəlir. Hər şeyin üst-üstə gəlməsi insanların psixoloji vəziyyətinin darmadağın olması deməkdir", - deyən ekspert əlavə edir ki, digər tərəfdən isə iqtisadi vəziyyətin sınağa çəkilməsi psixologiyaya zərbə vurur.

Psixoloq iddia edir ki, pandemiya bitəndən sonra bunun fəsadları hələ bir neçə il davam edəcək. Bu özünü uşaqlarda, körpələrdə belə göstərəcək. Pandemiya təkcə cəmiyyətə deyil, insanların şəxsi həyatına da təsir edir: "Biz sadəcə cəmiyyəti görürük, kütləni görürük. İnsanların şəxsi həyatından xəbərimiz yoxdur. Onların nə yaşadığını bilmirik. Bu gün Azərbaycan insanı aqressiyasını tökmək üçün hədəf axtarır. Bu gün polis, dövlət, TƏBİB hamısı bu aqressiyanın hədəfidir".

F.Mehmanqızı bildirir ki, artıq insanların səbri bitib.

Pandemiyaya qarşı inamsızlığa gəldikdə isə, psixoloqun fikrincə, buna səbəb təbliğatın düzgün aparılmamasıdır. Belə ki, ölkədə virusun yayılma halları artdıqdan sonra güclü təbliğat başladı. Amma bu zaman artıq gec idi: "Bu gün yaşanılan qarşıdurmanın əsas səbəbi daxili aqressiyadır. İnsanlar maddi və mənəvi cəhətdən sıxıldıqları üçün artıq dözümləri qalmayıb".

Psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə isə, insanların qarışıqlıq yaratması, marketlərə hücum çəkməsi əslində bu iki gün üçün deyildi: "İnsanlarda şüuraltı aclıq, qıtlıq qorxusu var. Bu gün Azərbaycan əhalisi müharibə dövründə hansısa qıtlığı gördükləri üçün onlarda qorxu alt şüurdan üstə qalxdı. Yəni bu qorxu iki gün üçün deyildi. Cek Londonun bir əsərində qeyd edilir ki, uzun müddət dənizin ortasında qalan insan onu tapdıqları zaman verdikləri yeməyi yastığının altında gizlədir. Bizim insanlar da oxşar vəziyyəti yenidən yaşamaqdan qorxurlar".

Psixoloqun fikrincə, mart ayından bu günə qədər pandemiya ilə bağlı müxtəlif tədbirlər görülsə də, vətəndaşlarda qeyri-müəyyənlik hissi var. İnsanı da narahat edən, panik-ataka səbəb olan yaşadığı vəziyyətin hansı müddətə qədər davam edəcəyini bilməməsidir: "Məsələn, insanlara deyilsə ki, "bir həftə sərt rejimlə evdəsiniz, sonra həyat eynilə davam edəcək, bu zaman insanlar daha rahat olarlar. Amma indiki vəziyyət bəlli olmadığı üçün insanlarda müxtəlif qorxular meydana gəlir. Aqressiya yaranır".

Psixoloq vurğulayır ki, insan beyni hər zaman qadağaları inkar edir: "İnsana "alma", "etmə", "çıxma" deyildiyi zaman beyin o "ma", "mə"-ni inkar edir. Yəni insana "getmə" deyildiyi zaman o, "get" olaraq alqılayır. Bütün bu vəziyyət insanların müəmmada olması ilə əlaqəlidir".

"Pandemiyaya niyə inam azdır?" sualına cavab olaraq psixoloq bildirib ki, Azərbaycan insanı gözü ilə görmədiyinə inanmır. Hamı öz qohum-əqrabasında xəstə axtarır. Bu xəstəni görmədiklərinə görə inamsızlıq yaranır.

“Daha da uzadılsa, yaxşı olar” – azərbaycanlılar dörd divar arasında oturmağa razıdırlar – Sorğu
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov / İlham Mustafa / Rahim Zakiroğlu

"Koronavirus haqqında olan elmi məqalələri oxuyuruq. Bəzən deyilir ki, testlər tam düz göstərə bilmir. Bəzən pozitiv xəstələrin normal həyata davam etməsi faktları nümayiş etdirilir. Bu isə insanlara sübut edir ki, virus o qədər qorxulu deyil. Və beyin buna inanmaqdan imtina edir", - deyə Z.Əyyubova vurğulayıb.

Bəlkə də elə pandemiyaya inamsızlığın nəticəsidir ki, bu gün ölkədə 7500-dən çox koronavirusa yoluxma faktı qeydə alınıb və 88 nəfər dünyasını dəyişib.

Təhlükə qapıdadır, siz hələ də inanmayın!

Əlaqədar

"Zibil yağışına" nazirlikdən cavab
"İşə piyada gedib-gəlin" - Elə bilirdiniz, polisimiz bu fəndi bilmir?
Bakı əhalisi sanki "Leninqradın blokadası"na hazırlaşır - Üzücü görüntülər
Çörək savaşı, "Keşikçidağ", toy müğənniləri və Bill Qeytsin planı
Azərbaycanda baş həkim karantin qaydalarını pozduğu üçün işdən çıxarıldı

Əsas mövzular