20:42 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
32511

Maska istehsal edən müəssisənin rəhbəri maska çatışmazlığının apteklərin oyunu olduğunu deyib:  “Bizim müəssiməmizdə hazırda iki milyon maska var”

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. İstifadəsi bir sıra yerlərdə qanunla məcburi olduğu gündən tibbi maskalar apteklərdə yenidən qəhətə çəkilib. Artıq Bakıda apteklərin mütləq əksəriyyətində tibbi maska qıtlığı müşahidə olunur. Hətta bəzi apteklərdə maskalar müştərilərə məhdud sayda satılır. Sputnik Azərbaycan ölkəmizdə iki tibbi maska istehsal edən müəssisə fəaliyyət göstərdiyi halda apteklərdə maska çatışmazlığının səbəbini araşdırıb.

Sosial şəbəkələrdə tibbi maska qıtlığı ilə bağlı şikayət və narazılıqların əbəs yerə olmadığını bir neçə aptekdə müşahidə aparmaqla müəyyən etmək mümkün oldu. Paytaxtın Səbail rayonunda yerləşən apteklərin çoxunda tibbi maskanın günün ikinci yarısında satılacağını bildirdilər. "Bayıl" aptekin əczaçısı deyib ki, gətirilən maskalar səhər satılıb qurtarıb: "Tibbi maskadan istifadə məcburi olandan bütün apteklərə sayla verilir. Səhər 5 qutu tibbi maska vardı. Onlar da səhər tezdən satılıb qurtarıb. Əgər günorta malımız gəlsə, tibbi maska ala bilərsiniz. Depodan gəlməsə yox!".

Səbail rayonu, Bayıl qəsəbəsi, F.Qurbanov 3 ünvanında yerləşən aptekdən isə adambaşına 1 ədəd tibbi maska satıldığını bildirdilər: "Maskaya tələbat artıb. Ona görə də, hər müştəriyə bir ədəddən artıq tibbi maska verilmir. Günortadan sonra  çox vaxt maska qurtarır".

Ulduz adlı əczaçı qeyd edib ki, indiyə qədər aptekdə günə üç qutu maska satıblar. Amma iki gündür 8-9 qutu maska günortaya qədər satılır. Depodan da artıq 10 qutudan artıq tibbi maska vermirlər.

“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Tibbi maska çatışmazlığı bəzi apteklərdə qiymət artımına da səbəb olub. Müşahidə apardığımız bəzi apteklərdə 20 qəpiklik maskaların 50 qəpiyə təklif olunduğunun şahidi olduq. Satıcılar bunun izahını verməsələr də, depolardan tibbi maskaları məhdud sayla aldıqlarını, bunun isə qiymətə təsir etdiyini söylədilər.

Azərbaycanda ilk tibbi maska istehsalı zavodunun, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsin dirktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bu halın apteklərin oyunu olduğunu bildirib: "Apteklər süni sabotaj yaradırlar. Maska çatışmazlığından söhbət gedə bilməz. Bizim müəssisəmizdə hazırda iki milyon maska var. Hardan oldu maska çatışmazlığı?"

Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov ölkəmizdə tibbi maska çatışmazlığının olmadığını bildirib. O, deyib ki, tibbi maskalar vahid qiymətə - 30 qəpiyə satılır. Lakin idxal olunan maskaların qiyməti fərqlidir. Onun sözlərinə görə, tələbat yüksəldiyi üçün xarici istehsalçılar qiyməti artırıb: "30 qəpikdən artıq yaranan fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Lakin maskalara görə cərimələrin olması kimlərdəsə möhtəkirlik etməyə səbəb ola bilər. Bununla bağlı həmin şəxslərə xəbərdarlıq edilir. Bizim iki maska istehsalı zavodumuz var. Onların ikisinin birlikdə istehsal gücü 500 mindir. Bəzi günlər 235 mindən 300 minə qədər satış olub. Gündəlik 500 min maska tələbatı ödəyir”.

Əsas mövzular