02:26 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (278)
30022

İnsanlar elə hesab edirlər ki, doğmasına ehsan süfrəsi açmaq onun qarşısında son borcudur. Kimsə bu borcu yerinə yetirməsə, camaat onu qınayar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi davam etsə də, COVID-19-a yoluxanların sayı sürətlə artır. Bu virusa yoluxma sayını artıran əsas amillər sırasında yas mərasimlərinin təşkili xüsusi qeyd edilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərindən birində bu faktı təsdiq edib. O bildirib ki, aparılan analizlər göstərir ki, yoluxmaların çoxu yas mərasimlərində olur. Onun sözlərinə görə, yaslarda insanların, xüsusilə qadınların bir yerdə toplaşması yoluxanların sayının kütləvi şəkildə artmasına səbəb olur: “Bu, bizi narahat edir. Vətəndaşları diqqəti və məsuliyyətli olmağa çağırırıq”.

Qeyd edək ki, yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə olsa da, buna riayət edən azdır. Sputnik Azərbaycan yaranmış təhlükəni aradan qaldırmağın yollarını araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, problemdən əsas çıxış yolu insanların maarifləndirilməsidir: "Rayon yerlərində yas mərasimlərində bu virusa yoluxma daha çoxdur. Bu da ondan irəli gəlir ki, paytaxtda yas mərasimlərinin keçirilməsinin qarşısı məyyən qədər alınsa da, rayonlarda bunu təmin etmək çox çətindir. Çünki rayon yerlərində insanlar bir-birinə daha çox gedib-gəlirlər. Rayonlarda, kəndlərdə qohumluq əlaqəsi olmasa belə, insanlar arasında münasibətlər olduğundan, onlar bir-birinin xeyir-şərində iştirak edirlər. Bundan əlavə, rayonlarda yas mərasimləri adətlərə uyğun keçirilir. Bu isə yas mərasimlərində koronavirusa yoluxmanı artırır".

C.İsayev deyir ki, rayonlarda polisin yas mərasimlərinin keçirilməsinə müdaxilə etməsi də çətindir:

"Rayon yerlərində mühit Bakıdan fərqlənir. Hansısa polis acısı olan, doğmasını itirən şəxsə yaxınlaşıb yas mərasiminin keçirilməsinə qarşı çıxa bilmir. Bundan əlavə, rayon yerlərində bununla bağlı qınaq da var. İnsanlar elə hesab edirlər ki, doğmasına ehsan süfrəsi açmaq onun qarşısında son borcudur. Kimsə bu borcu yerinə yetirməsə, camaat onu qınayar. Amma biz insanları maarifləndirməliyik ki, pandemiya dövründə bu məsələlərdə istisnalar ola bilər.

Yas mərasimi keçirməklə başqasını virusa yoluxdurmaq mümkündür. Bir nəfər virusu olan şəxsin bu mərasimə qatılması ən pis halda 10 nəfəri yoluxdura bilər. Ona görə də milli mentalitetimizi nəzərə alıb çıxış yolunu maarifləndirmədə görürəm. Mən özüm haraya gedirəm, virusun təhlükəsindən danışıram. İnsanları başa salıram ki, tibbi maska taxın. Amma bu gün yas yerində tibbi maska taxmağı təmin etmək də mümkün deyil. Ona görə də insanlar bu virusun təhlükəsini dərk etməlidirlər. Əks halda, yas yerlərində yoluxmanın qarşısını almaq da çətin olacaq".

Qeyd edək ki, artıq dünyanın bir sıra yerlərində kütləvi toplaşmanın qarşısını almaq üçün dronlar hərəkətə gətirilib. Koronavirusun yayılmasında kütləvi toplaşma çox təhlükəli hal hesab edilir.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (278)

Əlaqədar

Azərbaycanda koronavirus: sərt karantinə səbəb olan rəqəmlər açıqlandı
Azərbaycanlı professordan xalqa müraciət: "Ən pis ehtimallara hazır olmalıyıq"
Bu, ikinci dalğa deyil, sabahkı icazəni də bayram etməyin - Ramin Bayramlı
Yeni şərtlər: Daha zibil torbaları da köməyə gəlməyəcək...
Adət adı altında maskalanan biznes: Nə İslama uyğundur, nə cibimizə

Əsas mövzular