20:40 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
32702

Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır, lakin bu proses hələ xeyli vaxt aparacaq.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 iyun — Sputnik. Prezident İlham Əliyevin tapşırığı ilə Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı yolda genişləndirmə işləri aparılır. Layihəyə əsasən Bakı-Quba yolunun paytaxtın "20 Yanvar" metrostansiyasından Masazır körpüsü istiqamətinə qədər olan hissəsi genişləndirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda sözügedən ərazidə təmir-bərpa işləri tamamlanmaq üzrədir.

Qeyd edək ki, Bakı-Sumqayıt yolu hər zaman tıxacın sıx olduğu ərazi hesab edilib.

Bura paytaxta giriş ərazisi olduğu üçün bölgələrdən, Abşeron rayonundan paytaxta gələn bütün nəqliyyat vasitələri bu ərazidən daxil olur və çıxır. Yolda olan ticarət obyektləri, qəbiristanlıq, Xırdalan dairəsi istiqamətində olan tunel nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə problem yaradırdı.

Prezidentin tapşırığından sonra ərazidə yenidənqurma işləri aparılıb. Yol genişləndirilib.

© Sputnik / Irade JELIL
DYP-nin “Ekologiya postu"nun söküntüsü

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi davam edir. Görülən işlərin başa çatacağı tarix də açıqlanıb. "Hazırda ərazidə olan dəmiryol körpüsünün yenidən qurulması nəzərdə tutulub. Həmin körpünü tamamilə götürmək mümkün deyil, çünki dəmiryol xətti strateji xəttdir. Təqdim edilən layihədən görünür ki, yeni infrasturuktur qurulur. Yeni infraststuruktur hərəkətin təhlükəsizliyini təmin edəcək", - deyə Muradlı bildirib.

Onun fikrincə, körpünün ərazidən götürülüb yeni xəttin çəkilməsi böyük vəsait tələb edir. Bu səbəbdən də körpüdə təmir-bərpa işləri aparıb, onu yenidən quraraq istifadəyə vermək olar.

Mütəxəssis hesab edir ki, həmin körpünün nəqliyyat vasitələrinə heç bir maneçiliyi yoxdur. Əksinə bəzi yol hərəkəti nişanlarının vurulması, işıqlandırma və s. üçün bu körpü önəmlidir.

Muradlının sözlərinə görə, yenidənqurma işlərindən sonra avtomobillər bu yolla rahat hərəkət edə biləcəklər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda Xırdalan ərazisindən keçən dəmiryol körpüsünün yenidən qurulması nəzərdə tutulub.

© Sputnik / Irade JELIL
DYP-nin “Ekologiya postu"nun söküntüsü

O, bildirib ki, körpünün dayaqları Bakı-Sumqayıt yolunun genişləndirilən hissəsinə düşür və bu da avtomobillərin hərəkətinə mane ola bilər. Nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi məqsədilə körpünün dayaqlarının sökülməsi qərara alınıb.

"Dayaqlar sökülərək yoldan kənarlaşdırılacaq. Dayaqların yoldan kənarlaşdırılması üçün körpü yenidən qurulmalıdır. Artıq körpünün yeni layihəsi hazırdır. Aidiyyəti qurumlarla razılaşdırılandan sonra layihə üzrə işlərə başlanacaq", - deyə A. Nəcəfli bildirib.

Qeyd edək ki, Dəmir yolunun Xırdalan-Biləcəri mənzilinin 2642-ci kilometrindəki dəmir yolu ötürücüsü 1972-ci ildə inşa olunub. Uzunluğu 62.5 metrdir və 4 aşırımdan ibarətdir.

Sözügedən körpünün yenidən qurulması yəqin ki, uzun zaman alacaq. Bu isə o deməkdir ki, Bakı-Sumqayıt yolunda hələ uzun müddət tıxac olacaq.

Hazırda Sumqayıt-Bakı istiqamətində olan yolun iki zolağının genişləndirilməsi ilə əlaqədar ərazidə olan "Ekologiya postu" plana düşüb. Bu işlər çərçivəsində post söküləcək. Amma həmin ərazidə yeni post tikiləcək.

Əsas mövzular