CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəs birdən güllə səsi eşitsəydi? Sakinlər yırtıcı "qonaq"larla necə davransınlar?

© AFP 2023 / RAIGO PAJULA Охотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son zamanlar yaşayış məntəqələrində tez-tez ayılar peyda olur. Ekspertin fikrincə, bu, təkcə onların aclıq çəkməsi ilə deyil, insanlardan kömək istəməsi ilə də bağlı ola bilər.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Şəki sakinləri  sübh tezdən “çağırılmamış qonaq”la qarşılaşıblar. Qonur ayı şəhərin küçələri ilə asudə şəkildə gəzib. Bir neçə saat sonra Bakıdan ezam olunan mütəxəssislər onu Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparıblar.

Bəs bu “arzuolunmaz qonaq” insanlara  təhlükə yarada bilərmi? Ümumiyyətlə, yırtıcı heyvanın şəhərə daxil olmasının səbəbi nədir? Bütün bunları araşdırmaq üçün Sputnik Azərbaycan İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini, Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının vitse-prezidenti Azərçin Muradovla əlaqə saxladı. Ekoloqun fikrincə, bu hadisədə təəccüb doğuracaq heç bir səbəb yoxdur:

“Ayını həmişə bizdə yırtıcı, adamyeyən kimi düşünürlər. Amma yox, ayıya hücum olmasa, o, insana hücum etməz. Burada təəccüblü heç nə yoxdur. Xarici ölkələrdə bu kimi hallara tez-tez rast gəlinir. Nəinki xarici ölkələrdə, elə Naxçıvanın özündə də yırtıcı heyvanların şəhərə daxil olmasının şahidi olmuşuq. Naxçıvanda, baxırsan, səhər açılır, hansısa kəndlinin həyətində muflon gəzir, onlar artıq buna adət ediblər, qətiyyən qorxmurlar. Çünki o heyvanlar güllə səsi eşitməyiblər. Onlara insan tərəfindən güllə atılmayıb. Ona görə də onlar insanlara da yaxın gəlirlər, şəhərin içindən keçirlər, əkin sahələrinə də yaxın gəlirlər. Təkcə muflon yox, bezuar keçisinə, bəbirlərə də rast gəlmək mümkündür. Bu da ondan irəli gəlir ki, orada mühafizə rejimi güclüdür, orada heyvanlar silah səsi eşitmirlər. Bir sözlə, heyvana güllə atmaq olmaz! Bunu birdəfəlik bilməliyik. Beş il təbiəti qorusaq, bizdə də belə olacaq”.

Müsahibimizin sözlərinə görə, sözügedən ərazi meşə massivi ilə əhatə olunduğundan, orada yırtıcı heyvanların şəhərə yaxın gəlməsi mümkündür:

“Şəkinin ətrafı meşə massivi ilə əhatə olunub, oradan yırtıcı heyvanların şəhərə daxil olması təəccüblü deyil. Videodan da göründüyü kimi, ayı sakitdir, başını aşağı salıb öz yoluyla hərəkət edir. Buna bənzər hadisə Qaxda da olub. O da səhər saat 4-5 radələrində bir süpürgəçinin qarşısına çıxmışdı”.

"Heyvanların şəhərə daxil olmasının səbəbi nədir?" sualına ekoloqun cavabı belə oldu: “Yəqin ki, onun insanlara qarşı qorxusu yoxdur, insanlara etibar edir. Çünki indi elə bir vaxtdır ki, ayı təkcə ac olduğuna görə şəhərə gəlməz. Ayı təkcə ətlə qidalanmır, o, bitkilərlə də qidalana bilər. Ola bilsin ki, onun səhhətində nasazlıq olub, insanlardan imdad ummaq üçün də insanların olduğu məkana gələ bilər. Başqa bir səbəb də ola bilər ki, heyvan quduz ola bilər. Doğrudur, quduz heyvan sakit gəzmir, sadəcə şəhərə yaxın gəlməsinin səbəblərindən biri də bu ola bilər. Quduz heyvan baş alıb gedir, bir aqressiya görən kimi hücum edir. Barəsində danışdığımız heyvan isə yetkindir, onun heç bir qorxusu yoxdur. Amma bu o demək deyil ki, o, heç nə etməz. Təbii ki, insanlardan aqressiya görsə, özünü qorumaq üçün hücum edə bilər. Əgər onun insanlarla nə zamansa konflikti olsaydı, insanların yaşadığı məkanda rahatlıqla gəzməzdi”.

© AR Ministry of Ecology and Natural ResourcesŞəkidə küçədə yatan ayı
Bəs birdən güllə səsi eşitsəydi? Sakinlər yırtıcı qonaqlarla necə davransınlar? - Sputnik Azərbaycan
Şəkidə küçədə yatan ayı

A.Muradov düşünür ki, sözügedən ayını müəyyən müddət izləmək üçün onun boynuna radioxalta taxılmalıdır: “Ayı yuxuya veriləndən sonra gərək yad, sakit bir yerə aparılsın ki, qayıdıb gələ bilməsin. Onu təkcə yuxulatmaqla iş bitmir. Həmin ayı bir müddət izlənilməlidir. Onun yenidən qayıdıb-qayıtmayacağına əmin olmaq üçün mütləq boynuna radioxalta bağlanılmalıdır. Onu uzaq məsafədən izləmək, davranışlarını öyrənmək, monitorinq aparmaq üçün mütləq radioxalta taxılmalıdır”. 

Xatırladaq ki, ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Onun təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülüb: Bakıdan ezam olunan mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub. Artıq iynə təsirini göstərib və ayı yatızdırılaraq Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilib. Ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xəbər lenti
0