20:35 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
26030

"Rənglədiyim tarixi fotolarla həm özümün, həm də digər insanların keçmişə virtual səyahət etməyinə şərait yaratmağa çalışıram" - Tural Hüseyn

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 may — Sputnik. Bəzən tarixə yeni nəfəs verməklə onu dəyişmək olur, ona heç bir xələl gətirmədən. Həmsöhbətimiz Tural Hüseyn tarixə fərqli yolla rəng qatanlardandır. O həm ağ-qara Bakıya yeni rəng çaları verir, həm də başda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə olmaqla cümhuriyyətimizin digər qurucularının da ağ-qara fotolarına rəng verməklə onlara yeni nəfəs, yeni can verib. Bu şəkillər arasında ötən əsrə aid çörək zavodundan çəkilən fotoların, yalnız iki rəng çalarından ibarət olmuş köhnə Bakını rəngli çalarda, yeni donda da görmək mümkündür.

Посмотреть эту публикацию в Instagram

Публикация от Tural Huseyn-Rənglənmiş Tarix (@renglenmistarix)

Sputnik Azərbaycan son günlərin ən çox paylaşılan, sosial media hesablarında çox maraqla qarşılanna əl işlərinin müəllifi olan Tural Hüseynlə müsahibə edib: 

- Özünüzdən danışardız, necə oldu ki, sizdə belə böyük, sanballı bir işi ərsəyə gətirmə ideyası yarandı?

- Mən 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. 2014-cü ildə 23 nömrəli orta məktəbi bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsində dizayner-rəssam kimi təhsil almağa başladım. Uşaq yaşlarımdan "Photoshop"da bir sıra işlər görməyə başlamışam. Universitet illərində isə məndə 19-cu, 20-ci əsrə böyük maraq yarandı. Bu dövrün musiqiləri, geyim tərzləri, ümumiyyətlə həmin dövrün həyatını əks etdirən hər şey mənim diqqətimi cəlb edirdi. Təxminən 2017-ci ildə, internetdə tarixi ağ-qara fotoları professional formada rəngləndirən xarici qrafik dizaynerlərin işləriylə tanış oldum. Bu fotolar məndə bu sahəyə böyük maraq yaratdı. Eksperiment olaraq ilk işlərimə başladım. 2017-ci ildə artıq bir neçə işim hazır idi. Lakin daha sonra vaxt məhdudiyyətinə görə bir müddətlik bu işlərə fasilə verdim. 2019-cu ildə yenidən müxtəlif fotoların rənglənməsiylə məşğul olmağa başladım. Bu fotoları şəxsi "acebook" profilimdə paylaşırdım. İnsanların buna olan müsbət reaksiyasını gördükdən sonra, düşündüm ki, sırf bu işlərimi paylaşacağım facebook səhifəsi açmalıyam. Belə də etdim. 2019-cu ilin iyulun 1-də "Rənglənmiş Tarix" səhifəsini açdım və bütün işlərimi bu səhifədə yayımlamağa başladım. Bir müddət sonra isə işlərimin daha çox insana çatması üçün "İnstagram" və "Twitter"də də səhifə açdım.

Посмотреть эту публикацию в Instagram

İçərişəhər, 1910-cu illər. #renglenmistarix #colorized #Baku #İçərişəhər

Публикация от Tural Huseyn-Rənglənmiş Tarix (@renglenmistarix)

- Nə qədər belə fotonuz var?

- Bu günə kimi yayımladığım rənglənmiş fotolar 45-i keçib.

- İstəyərdim bir qədər bu işin texnikasından da danışasınız.

- Fotoların restavrasiyası dedikdə sırf fotonun korlanmış hissələrinin və görüntü keyfiyyətinin bərpası nəzərdə tutulursa bunun üçün fərqli üsullardan istifadə edirəm. Bu üsullar fotodan fotoya dəyişir. Amma rənglənmə zamanı təkcə "Photoshop"dan istifadə bəs edir.

- Bəs, bu işləri görərkən əsas çətinliyiniz nə olur?

- İşin çətinliyi əsasən fotoların əldə edilməsiylə, onların keyfiyyətli versiyalarının tapılmasıyla bağlı olur. Təəssüf ki, internetdə Azərbaycana və azərbaycanlılara aid tarixi fotoları məhdud sayda tapmaq mümkündür. Tapdıqlarımızın da ölçüsü və keyfiyyəti qənaətbəxş olmur. Yəni, hazırda ən böyük problem foto arxivinin olmamasıdır.

Посмотреть эту публикацию в Instagram

Vaqif Mustafazadə və Sevil ansamblı Bakı bulvarında. 1970-ci illər. #renglenmistarix #colorized #Baku #VaqifMustafazadə #Sevil

Публикация от Tural Huseyn-Rənglənmiş Tarix (@renglenmistarix)

- Sifarişlərdən də danışardınız.

- Sifarişə demək olar ki, vaxt ayıra bilmirəm. Buna sərf etdiyim vaxta nəzərən qazancım çox aşağı olur. Amma yenə də çalışıram ki, sifarişlərə az da olsa vaxt ayırım.

- İlk rənglənmə işiniz hansı tarixə təsadüf edir?

- Sırf ilk rənglənmə işimdən söhbət gedirsə, bu 2015-ci ildə olmuşdu. Atamın uşaqlıq fotosunu rəngli hala çevirmişdim. 2017-ci ildə 2-ci işim, rus bəstəkarı Raxmaninovun portreti olmuşdu. Bu işlərim çox zəif alınmışdı əlbəttə. Sadəcə eksperiment xarakteri daşıyırdı hər ikisi. Daha sonra rənglədiyim fotolara ciddi yanaşdım və daha yaxşı nəticələr əldə etməyə başladım. Düşünürəm ki, getdikcə rənglənmə texnikam inkişaf edir və hər rənglədiyim fotoda daha real nəticə əldə edirəm. Deyim ki, ilk vaxtlarda bütün fotoları internetdən tapırdım. Fotoarxivim demək olar ki, yox idi. Daha sonra isə işlərimlə tanış olan kino rəssamı Şahin Həsənli mənə öz dijital foto arxivindən yüzlərlə yüksək görüntü keyfiyyətinə malik foto hədiyyə etdi. Bu fotolar əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid Bakını əks etdirir. Fotolardan bəzilərini artıq rəngləmişəm. Daha sonra ssenarist Füzuli Sabiroğluyla tanış oldum. Ondan aldığım fotolar əsasən incəsənət insanlarının yer aldığı fotolardır. Bu fotolar arasında ən çox diqqət cəlb edənlər Vaqif Mustafazadənin yer aldığı fotolar olmuşdu.

- Gələcəklə bağlı nə planınız var?

- Gələcəkdə bu işlərimin yer aldığı sərgi keçirmək istərdim. Amma hal-hazırda bu haqda çox düşünmürəm. Hələ ki, əsas məqsədim bacardığım qədər maraqlı fotolar tapıb onları rəngləməkdir. Düşünürəm ki, həmin dövrün fotolarına baxdıqda aldığımız ən böyük mesaj yaşadığımız dövrün çox rəngsiz olmasıdır. Məhz buna görə də, rənglədiyim tarixi fotolarla həm özümün, həm də digər insanların keçmişə virtual səyahət etməyinə şərait yaratmağa çalışıram. Buna az da olsa nail olmağım məndə bu işə həvəs yaradan ən böyük amildir.

Əsas mövzular