CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey tərsinə: Dünyada azalır, bizdə isə azalmaq əvəzinə artır

© Sputnik / Rahim MuradovLənkəranda qəza
Lənkəranda qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər yollarda qəzaların sayının artması ilə bağlı müxtəlif səbəblər göstərirlər. Amma yekdil fikirdədirlər ki, yollarda vəziyyət bərbaddır 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 421 yol-nəqliyyat hadisəsi baş verib. Bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Qəza yerində, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu il yol qəzalarında bəxtləri gətirməyən çox olub

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i ölüb, 378-i yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib. 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Nə qədər acınacaqlı olsa da, statistikaya nəzər salanda baş verən qəzaların bir hissəsinin məhz mart ayına təsadüf etdiyini görmək olur. Halbuki həmin günlərdə vətəndaşlara bir sıra məhdudiyyətlər tətbiq edilmişdi. Bəs qəzaların artmasına səbəb nə idi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin sayında artım olub. Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, əsas hadisələr mart ayına düşüb.

"Qəzalar daha çox bayram vaxtına təsadüf edir. Həmin dövrdə karantin rejimi hələ tam tətbiq edilməmişdi. Yollar bağlanmamışdı. Rayonlardan Bakıya gediş-gəliş məhdudlaşdırılsa da, Bakıdan rayonlara getmək sərbəst idi. Bakı qeydiyyatında olan insanlar rayonlara gedib-qayıda bilirdilər. İstirahət, digər məqsədlər və bu qəbildən olan səfərlər çox olurdu. Martın sonlarına yaxın artıq hadisələrin sayı artmağa başladı. Çox təəssüflər olsun bu cür göstəricilər il ərzində bir neçə dəfə baş verir. Xüsusən ilin əvvəli, sonu belə hallar müşahidə olunur" - deyə ekspert bildirir.

E. Muradlı vurğulayıb ki, 3 aylıq təhlillə 2019-cu ildə baş verən qəzaların statistikasının müqayisəsi onu göstərir ki, 12 faizdən çox artım var: "Karantin dövründə isə 2 faiz azalma müşahidə edilib. Yollarda nəqliyyat vasitələrinin sayı azalıb. Düzdür, yol nəqliyyat hadisələrinin sayında azalma olsa da, ağır qəzalar baş verdi. Bu da əsasən sürət həddinin aşılması, ötmə-manevr qaydalarının pozulması və xüsusən də nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması halları ilə müşahidə olunurdu. Hətta bir hadisədə 6 nəfərin ölüm faktı baş verdi. Belə hadisələrin baş verməməsi üçün ilk növbədə sürücülərin yol hərəkət qaydalarını mükəmməl şəkildə bilməsi və onlara əməl etməsi tələb olunur. Yəni əsas şərt budur. Avromobil qəzalarnın sayını azaltmaq üçün sürücülər yol hərəkət qaydalarını bilməli və onlara əməl etməlidir".

Hadisə yerində - Sputnik Azərbaycan
HADİSƏ
Səhəri qəza xəbəri ilə açdıq: Avtobuslar toqquşdu, 8 nəfər yaralandı

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə hesab edir ki, Azərbaycanda yol nəqliyyat qəzalarının səbəbi kimi avtomobil sıxlığı və hərəkətin intensivliyi əsas götürülməməlidir. Onun fikrincə, əsas səbəb avtomobil yollarında hərəkətin yaxşı tənzimlənməməsidir: “Avtomobillərin və piyadaların yollarda hərəkəti tənzimlənmir. Sürücülər və piyadalar necə hərəkət edəcəyini bilmir. Təkcə piyada keçidindən keçməyin 10 qaydası var. Amma təəssüf olsun ki, əməl edilmir".

Ekspert bildirir ki, Bakı şəhərində piyada keçidlərinin yanında belə, avtomobil qəzaları baş verir. Səbəb isə çox sadədir. Onun fikrincə, piyada keçidlərində məlumatlandırıcı nişanların keçidlərə yaxın olması qəzaların əsas səbəblərindəndir. Əslində isə bu nişanlar piyada keçidlərindən 200 metr aralıda olmalıdır: "Belə olan təqdirdə sürücü də bilər ki, qarşıda keçid var. Və o, sürəti tənzimləyə bilər. Ancaq sürücülər hazırda nişanları piyada keçidinə çatana yaxın görür və bu zaman sürəti tənzimləmək mümkün olmur".

Ekspert bildirir ki, qəzaların ikinci səbəbi yolların işıqlandırılmamasıdır. Belə ki, qəzaların çox hissəsi qaranlıqda baş verir: "Son illər Azərbaycanda körpülər, yol ötürücüləri tikildi. Amma tunellərdə və yol ötürücülərində məlumatlandırıcı nişanlar yoxdur. Məncə qəzaların baş vermə səbəblərindən biri də elə budur".

E. Cəfər deyir ki, bu məsələlər həll edilməsə, Azərbaycanda yol hərəkəti qəzalarının sayını azaltmaq mümkün olmayacaq.

"Qəzaların statistikasına nəzər salsaq görürük ki, qəzaların sayı azalmaq əvəzinə artır. Aidiyyatı qurumlar bu işlə məşğul olmurlar, yolların işıqlandırılması həyata keçirilmir. Yol nişanlarının qoyulması həyata keçirilmir. Piyadalar və sürücülərlə maarifləndirmə işləri lazımi qaydada aparılmır. Yəni bu işlər görülmürsə, təbii ki, ilbəil yol hərəkəti qəzalarının sayı artacaq. Halbuki, bu qəzaların minimuma endirilməsi ilə bağlı dövlət proqramı da qəbul edilib. Amma dövlət proqramı demək olar ki, artıq yaddan çıxıb. Yəni vəziyyət acınacaqlıdır. Hazırda Azərbaycan yollarında demək olar ki, nəzarətsizlikdir" – deyə o bildirib.

Xəbər lenti
0