15:43 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
135 0 0

Qırğızıstandan olan bloger Albi Nur sosial izolyasiya dövründə vaxt itirməmək üçün türk dilləri qrupuna daxil olan yeni bir dilin öyrənilməsi ilə məşğul olmaq qərarına gəlib.

BAKI, 18 may — Sputnik, Kəmalə Əliyeva. Qırğız blogeri Albi Nur koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində tətbiq edilən karantin dövründə Azərbaycan dilini öyrənib. O, eyni zamanda Odlar Yurdunun mədəniyyəti ilə də yaxından tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, Nur öz YouTube sosial şəbəkəsindəki səhifəsində abunəçilərinə Azərbaycan haqqında məlumat verən və onun zəngin mədəni irsi ilə tanışlığa imkan yaradan çarxlar bölüşür.

"Bu ölkəni dəlicəsinə sevirəm və buna görə karantin zamanı Azərbaycan dilini öyrənmək qərarına gəldim. Bu işdə Azərbaycandan olan abunəçilər mənə kömək ediblər. Çox gözəl dildir. Qırğız və türk dilinə bənzəyir, buna görə də onu öyrənmək mənə asan idi", - deyə Nur etiraf edib.

Yalnız dilimizi öyrənməklə kifayətlənməyən bloger Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olmaq, mahnılarını dinləmək qərarına gəlib. Azərbaycanlı dostlar da bu işdə ona kömək ediblər. Onların arasında Alim Qasımov, Aysel Əlizadə, Çingiz Mustafayev, Şəbnəm Tovuzlu, Damla, Miri Yusif və başqalarının ifasında kompozisiyalar var.

Mahnılar blogerin o qədər xoşuna gəldi ki, abunəçilərdən onun musiqi kolleksiyasını doldurmaq üçün ona daha çox Azərbaycan kompozisiyaları göndərməyi xahiş edib.

Qeyd edək ki, bu günlərdə Türkiyədə təhsil alan azərbaycanlı tələbə Kəmalə Rövşən YouTube kanalında öz qırğız tələbə yoldaşı Aydayla eyni kökə məxsus iki xalqın ortaq tərəflərini müzakirəyə çıxarıb. Ayday deyib ki, qırğız dili azərbaycanlılar, digər türkdilli xalqlar üçün çox asan dildir.

"Dillərimiz türk dil qrupuna aid olduğu üçün, sözlər, cümlə quruluşları eynidir. Coğrafiya ilə bağlı olaraq, bəzi sözlər dəyişik ola bilər. Amma məncə ikicə ay Qırğızıstanda qalsaz, dili asanlıqla çözə bilərsiz. Məsələn, qırğızlar da azərbaycanlılar kimi "mən" deyirlər, yataqxanaya isə cataqxana. Yaxşı isə qırğız dilində cakşı, qazax dilində isə jaksıdır. Araşdırılsa, bütün sözlərimiz eyni kökdən gəlir, sadəcə deyiliş fərqi var. Ona da qısa müddətdə alışmaq mümkündür", - deyə Ayday bildirib.

Əsas mövzular