02:50 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
66320

Kafe-restoranlar, mağazalar, əyləncə və ticarət mərkəzləri bağlı olduğu halda bu qədər insan niyə küçələrdə gəzir?

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Dünyanı ağuşuna alan pandemiya… Fantastik filmlərdə gördüyümüz səhnələr günümüzün reallığına çevrilib. Əlbəttə, heç kim belə olmasını arzulamazdı. Amma ötən ilin sonlarında Çinin Uhan şəhərində yaranan koronavirus xəstəliyi bütün dünyanı caynağına aldı. İki milyondan çox insan bu xəstəliyə düçar olub, 150 min insan qurbanına çevrilib.

Koronavirus bütün dünyada olduğu kimi Azərbaycanda da həyatı iflic edib. Mart ayının 14-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. İş yerləri bağlanıb, mağazalar, kafe və restoranlar fəaliyyətini dayandırıb.

Полицейский пост в Баку, фото из архива
© Sputnik / Irade JELIL
Polis əməkdaşları Bakının mərkəzində xüsusi rejimə nəzarət üçün post qurublar

Virusun artıq təkcə xaricdən gələnlərdə tapılmadığını, ölkə daxilində də yayılmağa başladığını görən hökumət karantin rejimini sərtləşdirib. Aprelin 5-dən etibarən vətəndaşların evdən icazə ilə çıxması ilə bağlı qərar verilib. Bununla bağlı xüsusi qaydalar tətbiq edilib, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib.

Amma Bakının küçələrinə polis və daxili qoşunların əməkdaşlarının təhkim edilməsinə, prospektlərdə, nəqliyyatın sıx olduğu küçələrdə polis postları qurulmasına, bu günə qədər xeyli sayda insanın karantin rejiminin qaydalarını pozduğuna görə cərimə edilməsinə baxmayaraq, insanları küçələrdən yığmaq olmur. Vətəndaşlar hər imkanda qaydaları pozaraq, müxtəlif bəhanələrlə evdən çıxmağa çalışırlar. Küçələrdə hər addımda asudə şəkildə gəzən insanlara rast gəlinir, yollarda isə hərəkət intensivliyi və hətta tıxaclar var. Görünən odur ki, cərimələrin tətbiq edilməsi belə, insanları karantin qaydalarına riayət etməyə məcbur edə bilmir.

© Sputnik / Irade JELIL
Bakıda parkda tibbi maskada olan qız

Sputnik Azərbaycan şəhərin mərkəzində və mərkəzə yaxın rayonlarında müşahidələr aparıb.

Paytaxtda əhalinin ən az müşahidə edildiyi, qaydalara riayət edilən rayon Səbail rayonudur. Bu rayon ərazisində polis postları çox olmaqla yanaşı, əhali də səbəbsiz yerə küçəyə çıxmır.

Nizami rayonunda isə polis postları olsa da, əhali sıxlığı müşahidə edilir. Nizami rayonu ərazisində günün istənilən saatında dayanacaqlar vətəndaşlarla dolu olur.

© Sputnik / Irade JELIL
Karantin günlərində Bakıda dayanacaqda avtobus gözləyən insanlar

Sakinlərdən biri icazəsiz çıxdığını və səhvə yol verdiyini etiraf edir. Dediyinə görə, evi ilə mağaza arasında az məsafə olduğuna görə icazə almağa lüzum görməyib: "Mağazadan ərzağımı alıb, evimə qalxıram. Evimdə körpə uşağım var. Mən də istəmərəm yoluxmaq, ailəmi yoluxdurum. Özüm də diqqətliyəm. Amma icazə almamışam".

Vətəndaşların çoxu özünü təqdim etmək istəməsə də, bundan sonra qaydalara daha diqqətlə yanaşacaqlarına söz verirlər. Amma fərqli düşünən və özünü adekvat aparmayanlar da var.

YPX avtomobili, arxiv şəkli
© Sputnik / Irade JELIL
YPX əməkdaşları Bakıda karantin günlərində yollarda hərəkəti tənzimləyirlər

Ərazidə yaşayan 28 yaşlı A.C. deyir ki, icazə ilə küçəyə çıxmağı özünə yaraşdırmır: "Mən bu günə qədər atamdan belə icazə almamışam. İndi küçəyə çıxanda kimdənsə icazə almalıyam? Cərimə yazarlar, ödəyərəm!"

Paytaxtın Yasamal rayonunda da əhali sıxlığı müşahidə edilir. Nəsimi və Binəqədi rayonlarında da əhali və avtonəqliyyat sıxlığı hiss edilir.

Hətta, Binəqədi rayonu ərazisində nəqliyyatın hərəkətinin normal günlər kimi sıx olduğunu söyləmək olar.

© Sputnik / Irade JELIL
Bakıda polis əməkdaşları xüsusi rejim qaydalarını pozan vətəndaşlara cərimə yazırlar

Kafe-restoranlar, mağazalar, əyləncə və ticarət mərkəzləri bağlı olduğu halda bu qədər insan niyə küçələrdədir?

Polis əməkdaşları da vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, insanlar hətta icazə ilə olsa belə, səbəbsiz yerə küçəyə çıxırlar. Bu da onların işini bir qədər də çətinləşdirir.

"Baxın, inşaat işçilərinin iş saatı bitdikdən sonra gecə saatlarında küçədə nə işi ola bilər? Şirkət rəhbərləri işçilərinə iş üçün icazə verir, bunu qəbul edirik. Amma gecə saatlarında belə, küçələrdə icazəli sürücülər, piyadalar olur. Vətəndaşları qaydalara riayət etməyə çağırırıq. Bu sizin sağlamlığınız üçün lazımdır", – deyə polis əməkdaşları bildirirlər.

  • Bakı karantin günlərində
    © Sputnik / Irade JELIL
  • Bakı karantin günlərində
    © Sputnik / Irade JELIL
  • Bakı karantin günlərində
    © Sputnik / Irade JELIL
  • Bakı karantin günlərində
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
Bakı karantin günlərində

Qeyd edək ki, Daxili İşlər Nazirliyi son müraciətlərindən birində vətəndaşlara 21.00-dan sonra evdən çıxmamağı tövsiyə edir.

Vəziyyət ürəkaçan olmadığı üçün karantin rejiminin hələ bir müddət davam edəcəyi gözlənilir. Odur ki, özünüzü, ailənizi , işinizi və gələcəyinizi düşünün. Siz xəstəliyi küçədən evinizə apara bilərsiniz. Təhlükə çağırılmamış qonaqdır. Qaydalara riayət edin.

 

Əsas mövzular