CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial media ekspertlərindən mühüm açıqlama: "Onlar təzyiqə hazır olmalıdırlar"

© Depositphotos.com / BneninПоедание пиццы за ноутбуком
Поедание пиццы за ноутбуком  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə qədər onlayn xidmət təklif etməyən xidmət sektorları  sosial mediadan yararlanmağa məcburdur.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bildiyiniz kimi, bütün dünya koronavirus pandemiyası ilə əlaqədar olaraq bir sıra çətinliklərlə üzləşib. Həmçinin ölkəmizdə də qabaqlayıcı tədbirlər sırasından karantin elan olunub və bir çox şirkətlər, mağazalar öz işlərini onlayn olaraq davam etdirmək məcburiyyətində qalıb.

Belə olan təqdirdə isə sosial media mütəxəssislərinə tələbat artır. Bu gün sosial şəbəkələr müştərilərə verilən ən güclü silahlardan biridir. Təsəvvür edin, hətta bir sosial şəbəkə istifadəçisi belə şirkətin imicinə ciddi şəkildə təsir etmək gücünə malikdir.

Yaranan vəziyyətlə bağlı "sosial mediaya yaranan tələbatı hansı yönümdə inkişaf etdirmək olar və yaxud bunun hansı müsbət və mənfi tərəfləri ola bilər?" kimi suallara cavab tapmaq üçün Sputnik Azərbaycan sosial media eksperti Emin Hüseynzadəyə müraciət edib.

E.Hüseynzadə bildirdi ki, "Evdə qal" kampaniyasının təbii nəticəsi olaraq, insanlar üz-üzə danışıb məlumat almaq imkanından böyük miqdarda məhrumdurlar. Buna görə də əhali internetdə daha çox vaxt keçirir:

"Sosial mediada böyük canlanma baş verir. Yeni qruplar yaranır və dərhal populyarlıq yığır. Məsələn, "Evdar Kişilər Klubu" çox qısa müddətdə yaranaraq minlərlə insanı öz ətrafına toplayıb. Sosial media mütəxəssisləri üçün bu, çağırışdır. Onlar belə təzyiqə hazır olmalıdırlar.

Digər tərəfdən bilməlidirlər ki, karantinin dayanması ilə sosial mediaya olan tələbat nisbətən azalacaq. Oflayn ünsiyyətin azalmasının əsas mənfi cəhəti odur ki, internet üzərindən saxta xəbərlərin yayılması tezləşir. Digər tərəfdən, internet nəslinə aid olmayan əhali, qismən qapalı sosial şəbəkələr, məsələn, "Whatsapp"-dan istifadə edən nəsil müxtəlif məlumatların doğru-dürüstlüyünü müəyyən edə bilmir. Belə dövrdə saxta və yarımdoğru məlumatları ifşa edənlərin fəaliyyəti arzuolunan və müsbətdir".

Сотрудники МВД проводят контроль за соблюдением специального карантинного режима в Баку - Sputnik Azərbaycan
YAZARLAR
Şəhər folkloru, koronovirus şayiələri və ya göydən manat töküləcəkmi?

E.Hüseynzadə həmçinin bildirdi ki, bu gün kifayət qədər sosial media mütəxəssisləri var. Ancaq onların doğru məlumat yayması sahəsində fəaliyyət göstərməsi üçün təlimlər, ixtisaslaşma mütləqdir. Bunu qısa zamanda etmək isə çətindir. Digər tərəfdən, belə mütəxəssislərin işləməsi üçün maddi maraq da olmalıdır. Belə adamlara, qruplara pul ayrılmalıdır. Əhali rəsmi məlumatlara inandığından daha çox bir-birinin, "özü kimi" olanların sözlərinə inanmağa meyllidir. Ona görə pandemiya dövründə belə qrupların yaranması, təşviq edilməsi maliyyələşdirilməsi arzuolunandır.

Marketinq üzrə mütəxəssis Vüqar Babanın fikrincə, yaranmış vəziyyətə operativ uyğunlaşa bilən şirkətlər həm bizneslərində az itkiylə üzləşəcək, həm də daha etibarlı, dayanıqlı, güclü şirkət imicini qazanacaqlar: "Karantin rejiminin tətbiqi onlaynlaşmanı sürətləndirdi. İnternetin, rəqamsallığın həyatımızdakı rolunu artırdı. Təbii ki, sosial medianın payı belə olan şəraitdə artır. Bu rejimə qədər məşhur olan onlayn xidmət göstərən şirkətlər işini öz qaydasında, deyərdim, daha da yaxşı formada davam etdirir. Bu günə qədər onlayn xidmət təklif etməyən xidmət sektorları isə sosial mediadan yararlanmağa məcburdur. Çünki bu gün sosial media onların köməyinə çatır.

İşlərini düzgün qura bilənlər bu vəziyyətdən daha az itkiylə çıxacaqlar. Xidmətlərin onlayn formada aparılması özü istifadəçi üçün ümumilikdə vaxt itkisinə yol verilməməsi baxımından da, sürətli olmasıyla, seçim intervalının böyüklüyü ilə hər zaman əlverişli hesab oluna bilər".

Vüqar Babanın sözlərinə görə, onsuz da inkşaf onlaynlaşmaya aparırdı. Gec-tez şirkətlər işini onlayn olaraq inkişaf etdirməli idi. Yaranmış vəziyyət isə prosesi bir az sürətləndirdi və bu mərhələni daha tez keçməyə məcbur etdi. Sadəcə, zamanı bir az qabaqlamış olacaqlar.

Qeyd edək ki, sosial şəbəkələr şirkətlər üçün bu gün bir satış platformasına çevrilib. Bu platformada uğur qazanmaq üçün isə işi peşəkarlara həvalə etmək lazımdır.

Xəbər lenti
0