22:17 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
64610

"Bunun üçün ən yaxşı və az təhlükəli variant xüsusi daşımaların təşkilidir. Düşünürəm ki, imkanı olan qurumlar və ayrı-ayrı şirkətlər öz işçilərini ayrıca avtobuslarla daşısalar, bu daha az təhlükəli olacaq" - nəqliyyat eksperti

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə bağlı karantin rejimi elan olunduqdan sonra metro ilə sərnişindaşıma dayandırılıb. Hazırda sərnişinlər ancaq ekspres və müntəzəm marşrut avtobusları ilə daşınırlar. Metro virusun yayılmasına risk olduğu üçün bağlansa da, bu təhlükə avtobuslarda qalmaqdadır. Sputnik Azərbaycan sərnişin daşımalarının epidemioloji təhlükəsizliyini təmin etməyin yollarını araşdırıb.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, bu virusun yayıla bilməsi üçün ən riskli yerlərdən biri ictimai nəqliyyatdır: "Elə bunu nəzərə alaraq ictimai nəqliyyatda da müəyyən tədbirlər görülməkdədir. Artıq Bakı metrosu ilə sərnişin daşınması aprelin 20-dək dayandırılıb. Bu, çox düzgün addımdır, çünki metroda sanitariya-epidemioloji mühafizəni təmin etmək daha çətindir. Havalandırma sisteminin qapalılığı, sərnişinlərin əllə toxunduğu səthlərin çoxluğu, dezinfeksiya edilməsi məcburi olan məkanların – stansiyaların, vaqonların, giriş-çıxışların böyüklüyü, dezinfeksiya üçün bütöv qatarların hərəkətinin dayandırılmasını tələb edirdi. 

Hazırda ölkə üzrə ictimai sərnişindaşıma yükü əsasən avtobusların və həmişə olduğu kimi taksilərin üzərinə düşüb. Avtobuslarda sanitariya-epidemioloji mühafizəni təmin etmək üçün ciddi işlər görülür, sərnişinlərin bir-biri ilə ara məsafə saxlaması tələb edilir, gündəlik dezinfeksiya işləri görülür və s. Lakin son bir neçə günün mənzərəsi göstərir ki, bu elə də asan deyil. Xüsusən Bakıda bəzən sərnişin sıxlığı görünür. Yəqin ki, Gəncə, Sumqayıt və başqa bəzi şəhərlərdə də oxşar mənzərə var. Bu isə hazırkı karantin şəraiti ilə bir araya sığmayan mənzərədir. Əgər sosial izolyasiya və karantin tələblərinə belə biganəlik davam etsə, ictimai nəqliyyat virusun yayılması üçün ən münbit məkan olacaq.

Düşünürəm ki, vəziyyətdən çıxış yolu üç istiqamətdə aparılmalıdır. Birinci, insanların sosial izolyasiya və digər karantin qaydalarına riayət etməsi səviyyəsi daha da artırılmalıdır. Təbliğat-təşviqat, həm də inzibati nəzarəti artırmaqla zərurət olmadan küçəyə çıxma azaldılmalı, ictimai nəqliyyatdan istifadəyə son qoyulmalıdır. İnsanlarımız başa düşməlidirlər ki, bu virusun bizi tapacağı, daha sonra bizim onu başqalarına ötürəcəyimiz ən münbit yer avtobuslardır. Nəzərə almaq lazımdır ki, ən ciddi risk qrupunda olan peşələrdən biri də avtobus sürücüləridir. Onsuz da, məsələn, Bakıda avtobus sürücüləri çatışmır, hansısa sürücü bu virusa yoluxsa, onun özü və hətta yaxın təmasda olduğu digər sürücülər karantinə alınacaqlar. Deməli, avtobus qarajda qalacaq.

Ona görə də hər zaman ictimai nəqliyyatdan istifadəni təbliğ etsək də, məhz bu dövrdə tam əksini deyirik. Avtobuslardan uzaq durmağa çalışmalıyıq. Ən zəruri ehtiyaclar üçün gedəcəyiniz yer market, aptek və s. bir qədər kənarda olsa da, digər izolyasiya şərtlərini də gözləməklə oraya imkan daxilində piyada getmək daha yaxşıdır.

İkinci vacib məqam isə həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanların gedib-gəlməsinin qaçılmaz olmasıdır. Bunun üçün ən yaxşı və az təhlükəli variant xüsusi daşımaların təşkilidir. Düşünürəm ki, imkanı olan qurumlar və ayrı-ayrı şirkətlər öz işçilərini ayrıca avtobuslarla daşısalar, bu daha az təhlükəli olacaq. Çünki belə avtobusların dəqiq qrafiki olacaq, hər reysdən sonra onları çox yaxşı dezinfeksiya etmək olar, istifadə edən sərnişinlərin hamısı konkret quruma bağlı olduğundan onları fərdi mühafizə vasitələri ilə daha yaxşı təchiz etmək olar və s. Ən başlıcası isə belə daşımalarda işçi qeyri-müəyyən dairədən olan kənar sərnişinlə təmasda olmur, yoluxma ehtimalı azdır. Təsəvvür edin ki, belə qurumlardan bəzilərinin bircə işçisinin yoluxması həmin qurumun və ya onun hər hansı bölməsinin bütün əməkdaşlarının karantinə alınması ilə nəticələnə bilər. Nəticədə həmin təşkilat və ya bölmənin işi iflic olur, minlərlə insan bundan zərər çəkir. Yeri gəlmişkən, bu virusun doğurduğu ən ciddi fəsadlardan biri məhz budur: məsələn, həkim özü yoluxur və onun müalicə edə biləcəyi yüzlərlə insan müalicədən kənar qalır və s. Həyat əhəmiyyətli işlərdə çalışan işçilər üçün belə xüsusi servisləri mərkəzləşdirilmiş qaydada da təşkil etmək olar. Hətta konkret bir sahə üzrə işçiləri daşıyacaq avtobusu müvəqqəti də olsa, kirayəyə götürmək olar.

Amma təəssüflə qeyd etməliyik ki, həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanların hamısı üçün xüsusi servislərin təşkili mümkün olmayacaq. Bundan başqa, zərurətlə bağlı başqa insanlar da hərdən harayasa getməyə məcbur olacaqlar. Belə hallarda onların adi marşrutlarda, o cümlədən metronu əvəzləyən ekspres xətlər üzrə daşınması qaçılmazdır. Düşünürəm ki, bu hallarda avtobuslarda sıxlığı azaltmaq üçün həyat əhəmiyyətli işlərdə və dayandırılmamış digər işlərdə çalışanları xüsusi buraxılışlarla təmin etmək zərurəti yaranıb. Düzdür, asan məsələ deyil, söhbət xeyli sayda və müxtəlif xarakterli işlərdən gedir. Artıq Nazirlər Kabinetinin verdiyi qərarla SMS  bildirişlərin tətbiqi sui-istifadə hallarını azaldacaq. Bununla belə, daşıyıcılar və nəzarət qurumları işi elə təşkil etməlidirlər ki, avtobuslarda zəruri ara məsafəsini imkan daxilində gözləmək mümkün olsun. Marşrut xətlərinə ehtiyaca uyğun avtobuslar çıxarılmalıdır. Avtobusların daimi dezinfeksiyası, sürücülərin qorunması da öz yerində olmalıdır".

Bütün avtobusların salonları yoxlanılır: axtardıqları virus deyil>>

Ə.Hüseynov deyir ki, həyat əhəmiyyətli obyektlərdə, fəaliyyəti davam edən təşkilatlarda çalışanlara öz avtomobilləri ilə deyil, avtobus və taksi ilə getməyi tövsiyə etmək də çox ciddi yanlışlıqdır: "Bakı Nəqliyyat Agentliyi bütün qüvvələri səfərbər edərək, metronun da yükünü götürməyə, maksimum dərəcədə sosial izolyasiya tələblərini də gözləməklə hamının daşınmasını təmin etməyə çalışır. Amma sərnişin axını bu tərzdə davam edərsə, hazırda daşıyıcılarda olan bütün avtobusları xəttə buraxsalar, bəzi vaxtlar sərnişin sıxlığı olacaq. Avtobus isə virusun yayıla biləcəyi ən təhlükəli məkandır. Ona görə də həyat əhəmiyyətli işlərlə məşğul olanların fərdi avtomobilləri ilə gedib-gəlməsi ən yaxşı variantdır. İkinci daha yaxşı variant onların servis avtobusları ilə daşınmasıdır. Bu halda da həmin şəxslərin yoluxma riski azalır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtobusların sayı sərnişin axınına uyğunlaşdırılır. Amma M.Ağayev bəzi şəxslərin evdən zərurət olmadan çıxmasının avtobuslarda süni sərnişin sıxlığı yaratdığını söyləyir:

"Avtobuslar əsasən həyati əhəmiyyətli sahələrdə çalışan insanların daşınması üçündür. İnsanların ciddi zərurət olmadan evdən çıxması avtobuslarda sərnişin sıxlığı yaradır. Bu isə virusun yayılması ilə bağlı narahatlığı artırır. Bakı Nəqliyyat Agentiyi avtobusları hər gün dezinfeksiya edir. Avtobuslarda məsafə saxlanılması ilə bağlı təlimatlar var. Çox təəssüf ki, bəzən bu qaydalara sərnişinlər tərəfindən əməl edilmir".

M.Ağayev deyir ki, evdən çıxma ilə bağlı yeni qaydalar avtobuslarda sıxlığı azaldacaq. Ekspres və müntəzəm marşrut avtobusları ilə əsasən həyati sahələrdə çalışanlar daşınacaqlar.

Əlaqədar

Bakıda 21 avtomobil xüsusi karantin rejimini pozub
Azərbaycanda koronavirusa yoluxan iki nəfər vəfat edib
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI
FHN koronavirusla bağlı vətəndaşlara müraciət etdi - VİDEO
Mindən çox sürücü büdcəyə könülsüz xeyir verdi
Teqlər:
BNA, avtobus, ictimai nəqliyyat, karantin, korona virusu

Əsas mövzular