11:43 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
127420

Evə qapanmaq psixologiyası zəif insanlara daha çox təsir edir. Bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yaranacaq

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Dünyada pandemiya elan edilmiş SARS-CoV-2 koronavirusunun yayılması səbəbilə "evdə qalmaq" və elə virusun özünün yaratdığı qorxu getdikcə insanların psixikasına daha güclü təsir edir.

Mütəxəssislərin fikrincə, bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir. Bəs bu vəziyyətin insan psixikasına təsirlərini azaltmaq üçün nə etmək lazımdır?

Sputnik Azərbaycan bu məsələni araşdırıb.

Psixoloq Ramin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir mövzuda siz həssassınızsa, onunla bağlı heç bir yerdən məlumat oxuyub, öyrənməyə çalışmayın: "Məsələyə düzgün yanaşmaq üçün birinci bundan başlamaq lazımdır. Mən koronavirusla bağlı heç bir məlumatlara baxmıram, mənim həkim olaraq, özümün bununla bağlı fikrim var. Kiminsə fikirləri insanda ikili fikirlər yarada bilər. Bu zaman insan başlayır daha çox məlumat axtarmağa. Nəsə mütaliə edir".

Psixoloq vurğulayıb ki, əksər xəstəliklərin patogenezi – gedişatı eynidir.

"Məsələn, zökəm zamanı da hərarətin yüksəlməsi, burunda, boğazda iltihabi proses baş verə bilər. Bu zaman öskürək ola bilər, quru öskürək ola bilər, amma mütləq deyil ki, bu əlamətlər olan xəstə koronavirus olsun. Sadəcə olaraq, dəqiq diaqnostik metodlarla diaqnoz qoyula bilər ki, xəstəlik nədir", - deyən psixoloq bu vəziyyətlə bacara bilmək üçün bir neçə tövsiyə verib:

1. Xəstəlik haqqında heç nə oxumayın, ətraflı məlumat almağa çalışmayın. Əsəblərinizi qoruyun. Özünüzü təşvişə salmayın.

2. Müasir insan üçün evdə qalmaq çətindir. Amma çalışın ki, müvəqqəti olsa da, evdə qalın. Düşünün ki, bu müvəqqətidir. Bununla biz özümüzü və yaxınlarımızı qorumuş olacağıq. Düşünün ki, belə vəziyyətdə ailəsindən uzaq olan şəxslər də var. Ailənizlə evdə qalmaq da böyük şansdır.

3. Sosial şəbəkələrdə, televiziyalarda, saytlarda koronavirus haqqında informasiya bolluğu var. Bunlar arasında faydalı, maarifləndirici məlumatlar da var. Əl yumaq qaydaları, dezinfeksiya formaları və s. - bu barədə məlumatları öyrənmək lazımdır. Koronavirus hər zaman qalmayacaq, ancaq öyrəndiyimiz yaxşı vərdişlər isə qalacaq.

4. Öz mənəvi dünyanızı genişləndirin, kitab oxuyun, şəkil çəkin. Kağızla oriqami sənəti ilə məşğul ola, müxtəlif fiqurlar yarada bilərsiniz. İkebana düzəldə bilərsiniz. Həyat zəngin və gözəldir. Gözəlliklər haqqında düşünün. Siz həbsdə deyilsiniz. Bu, gözəl bir dərsdir. Səhvlərinizi düzəldə bilərsiniz. Həyat düşündüyünüz qədər qorxulu deyil.

5. İnsanlarda marketə getdikdən və ya kiməsə toxunduqdan sonra qorxu yaranır. Yadda saxlamaq lazımdır ki, bu virus adi qrip virusundan çəkidə ağırdır. Virusun havada uçma radiusu ləngdir. Kimsə yanınızda öskürür və ya asqırırsa, viruslar havada çox qalmır, yerə düşür. Evə gəldikdən sonra ayaqqabılarınızı qapıda girişdə dezinfeksiya edin.

6. Marketlərdə daha çox qablaşdırılmış məhsullar satılır. Belə məhsullarda virusun olma ehtimalı sıfırdır. Yeməklər bişdikdən sonra da virusun qalma ehtimalı olmur.

7. ÜST tövsiyəsi ilə vitaminasiya edin. İldə iki dəfə kompleks vitaminlər qəbul edin. Bu vitaminlər qəbul edilən zaman xəstələnmə riski 90 faiz azalır.

8. Şəxsi gigiyena qaydalarına riayət edin. Xəstəsinizsə və ya olduğunuz yerdə 3 nəfərdən çox adam varsa, maska taxın. Həm özünüzü, həm də ətrafınızdakıları qoruyun.

9. Təşviş, qorxu, həyəcan orqanizmi gücdən salır. Orqanizmin müqavimət gücü var. İndiyə qədər keçirdiyiniz xəstəlikləri düşünün və pozitiv olun!

Həkim qeyd edib ki, hazırkı vəziyyətlə bağlı panik atakların sayı da artıb.

Psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər kəsin baş verən hadisələrə müxtəlif reaksiyası ola bilər. Yəni hər bir fərd qarşılaşdığı hadisələrə görə fərqli travmalar ala bilər. Belə bir xaos vəziyyətində psxikamızı necə qorumalıyıq?

"Bu, insanın iradəsindən asılıdır. Evə qapanmaq psixologiyası zəif insanlara daha çox təsir edir. Bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yaranacaq. Panik atak, somatik depressiya, ölüm fobiyası - artıq bu problemlər insanlarda yaranmağa başlayıb, pandemiya təhlükəsi bitəndən sonra bu psixoloji problemlər kütləvi şəkildə yaşana bilər. Buna görə də biz bacardıqca yaxınlarımıza dəstək olmalıyıq", - deyə psixoloq bildirib.

O qeyd edib ki, evdə qalmaqla biz bu zamana qədər etmək istəyib, amma edə bilmədiyimiz işləri görə bilərik: "Həyatımızda nələr etmək istəyirdik? Bunların siyahısını tutun və zamanla onları həyata keçirmək üçün günlərə bölün. Fikirlərinizi, hisslərinizi bu gündəliyə yazın. Bu, sizə sonra çox kömək edəcək. Bu vəziyyəti imtahan kimi qəbul edin. Düşünün ki, o, bir aya bitəcək və imtahanın nəticəsi bir aya açıqlanacaq.

Yatın, istirahət edin, yaxınlarınızla zaman keçirin. Çox depressiya keçirirsinizsə, bu vəziyyəti oyun kimi qəbul edin. Xəstəlik barədə düşünməyin. Sadəcə evdə qalın. Özünüzə hesabat verin. Problemləri düşünməyin, problemləri düşünməklə onsuz da heç nə əldə edə bilməyəcəksiniz. Onları karantin dövründən sonraya saxlayın".

Psixoloq hesab edir ki, karantin dövrünü öz üzərində işləməklə keçirən insanlar bu dövrdən sonra daha özgüvənli olacaqlar.

Bu dövr bitəndən sonra irəliyəmi getmişik, geridəmi qalmışıq - bu hesabatı özümüzə verəndə qazandığımızı görə bilmək üçün ruhdan düşməməliyik: "Bu vəziyyəti oyun və ya sınaq kimi qəbul etsək, sabaha daha güclü şəkildə çıxa bilərik".

Distant iş, arxiv şəkli
© REUTERS / VASILY FEDOSENKO

Terapevt Mətanət Cəfərovanın sözlərinə görə, hazırkı vəziyyətdə on nəfərdən doqquzu qüsurlu böhran halı yaşayır: "Çox adam evdədir və evdə qalan zaman qidalanma daha çox olur. Bu da çəkinin artması ilə nəticələnir. Qidalanma davam etdikcə, depressiya halı yaranır. Bu zaman isə kortizol hormonunun ifrazı artır və insan daha çox depressiv olur. Nəticədə immun sistemi zəifləyir və hər-hansı virus xəstəliklərinə qarşı daha həssas olur".

Həkim vurğulayıb ki, koronavirusla bağlı informasiya bolluğu da insanı depressiyaya sala və müqaviməti azalda bilər. Bu səbəbdən də maksimum dərəcədə sosial şəbəkələrdən uzaq olmaq lazımdır.

Rəsmi olmayan, panika xarakterli informasiyaların qəbulu immun sistemini gücsüzləşdirir.

"İnformasiyadan bacardıqca uzaq olun. İnternetdən yaxınlarınızla canlı bağlantı qurmağa çalışın. Yaşından və cinsindən asılı olmayaraq çalışmaq lazımdır ki, evdə idmanla məşğul olasan. Heç olmasa, gün ərazində 20-50 dəqiqə idmanla məşğul olun. Bu zaman əzələlər işləyir və qanda serotonin hormonunun artmasına səbəb olur. Serotonin xoşbəxtlik hormonudur. Onun miqdarı artdıqca kortizolun miqdarı azalır və bədən gümrahlaşır", - deyə həkim bildirib.

Onun sözlərinə görə, indiki zamanda qidalanma da böyük əhəmiyyət daşıyır:

"Çalışın, karbohidratlarla az qidalanın. Karbohidratlar tez doyuran qidalardır. Bu qidaların enerji dəyəri də azdır. Daha çox zülallarla qidalanmağa üstünlük vermək lazımdır. Bunlar sağlam qidalardır və çəkini çox artırmır. Qatıq, süd, kəsmik, ət və ət məhsulları ilə qidalanmağa çalışın. İmmun sistemini gücləndirmək üçün mövsümi meyvə və tərəvəzlərdən istifadə etməyə çalışın".

Xatırladaq ki, SARS-CoV-2 koronavirusu 2019-cu ilin sonunda Çinin Uhan əyalətində müşahidə edilib. Və qısa zaman ərzində dünyanın müxtəlif ölkələrinə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. Bütün dünyada 980 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, 50 mindən çox insan dünyasını dəyişib.

202 min nəfər isə xəstəliklə mübarizə apararaq sağalıb.

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Əlaqədar

Bu QAYDAlar aprelin 5-dən işə düşür: evdən çıxmadan öncə bilməlisiniz
Koronavirus həyatları dəyişir: burada isə ondan qorxan yoxdur
Şad xəbər: Dünyada koronavirusdan xilas olanların sayı bu həddi keçdi
Koreya koronavurisla mübarizədə böyük uğurlar əldə edir - RƏQƏMLƏR
Xüsusi karantin dövründə iş rejimi yeni qayda ilə tənzimlənəcək

Əsas mövzular