BAKI, 25 mart — Sputnik. Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejiminin tətbiq olunduğunu, müştərilərə yerində xidmət vaxtının saat 12.00-15.00 arası müəyyən edildiyini, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verildiyini deyib.
E.Zahidov bildirib ki, karantin rejimi müddətində restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət nəzərdə tutulmayıb”.