21:04 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
79111

"Orada tamamilə sakitlik idi, heç bir səs eşidilmirdi, nə quş, nə maşın səsi var idi, fərqli bir dünya idi. Yalnız hərdən bir buzların qoparaq düşməsini, şaqqanaq səslərini eşitmək mümkün idi. Amma müəyyən vaxtdan sonra bu sakitlik vahimə yaradırdı"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Yerin ən cənub materiki olan Antarktidanın ərazisi 14,4 milyon kv.km-dir. Bu materik daha çox kəşf, adrenalin, macəra axtarışında olanları özünə cəlb edir.

Daha öncə Afrika qitəsində olan, buradakı xalqların həyat tərzi ilə tanış olan azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu da yenilik, fərqlilik axtarışı ilə ötən il Antarktidaya ayaq basanlardan biri oldu. Buraya səfərindən ilhamlanan yazıçı iki əsəri ərsəyə gətirəcək.

© Courtesy of Rovshan Abdullaoglu
Səyyah Rövşən Abdullaoğlu Antarktidada Azərbaycan bayrağını qaldırır

Antarktidaya getmək üçün onun yolu elə də qısa olmayıb. Öncə İstanbula, oradan Braziliyaya, Argentinaya getməli olub. Yazıçı Sputnik Azərbaycan-la ötən ilin dekabrına təsadüf edən səfər təəssüratlarını bölüşür:

- Səfəriniz necə başladı?

-  Bu tur rahat şəkildə həyata keçmədiyi üçün təxminən bir-iki il öncə rezervasiya etmək lazım idi. Mən də bir il əvvəldən növbə tutmuşdum. Ümumilikdə səfərim 22 gün təşkil etsə də, materikin özündə 11 gün qaldım. Mənimlə yanaşı, bir çox ölkələrdən də turistlər gəlmişdilər, biz bir komanda olaraq yola düşdük. Komandamızda dünyanın 150 ölkəsini gəzənlər vardı. Sadəcə olaraq insanlar qeyri-adilik, fərqlilik axtarışında idilər.

Argentinanın özündən Odlu torpağa daxili uçuş etdim. Ora Argentinanın ən cənub arxipelaqıdır. Odlu torpağın Uşuaya şəhərciyi isə ən son yaşayış olan yerdir. Yerli xalqlar oranı "fin del mundo", yəni dünyanın sonu adlandırırlar. Oraya çatdıqdan sonra isə Antarktidayadək 1000-1200 kilometrlik məsafəni də gəmi ilə qət etdik.

Dreyk boğazından keçəndən sonra qitəyə daxil olduq. Orada olduğum vaxt Antarktidanın yayı hesab edilirdi. Kapitan dedi ki, Dreyk boğazı çox təlatümlü olsa da, bu gün sakitdir. Amma durum sadəcə olaraq kapitanın gördüyü təlatümlü vəziyyətlərlə müqayisədə sakit idi. Çoxumuzun ürəyi bulandı, başı gicəlləndi. Hətta buna görə bir gün kayutdan çıxa bilmədim. Düzü, öncədən dəniz xəstəliyi ilə mübarizə aparmaq, yəni başgicəllənmə, qusmanın qarşısını almaq üçün bizə lazımi dərman preparatları verilsə də, bir çoxları kimi mən də bunu lüzumsuz hesab etdim. Amma bir müddətdən sonra bildim ki, dəniz xəstəliyi məndə də varmış. Bu dərmanların sonradan içilməsinin isə heç bir faydası yox idi. Bundan başqa, səfər çərçivəsində üzümdə şişkinlik, dərimdə quruluq, başgicəllənmə, yuxusuzluq kimi problemlərlə də qarşılaşdım.

© Courtesy of Rovshan Abdullaoglu
Azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu Antarktidada

- Öncədən sizi təlimatlandırmışdılar?

- Təhlükəli səfər olduğu üçün gəmidə iki-üç dəfə təlim keçirilirdi. Bu təlimlərə qatılmayanlara isə Antarktidaya keçmək icazəsi verilmirdi. Əks halda, müvəqqəti olaraq kayutda həbs oluna bilərdin. Təlimlərdə bizi Antarktidanın florası haqda məlumatlandırdılar.

Səfər çərçivəsində biz Antarktidaya hansısa yad cismin daxil olmasının, florasının pozulmasının qarşısını almaq məqsədi ilə sərt gigiyenik qaydalara riayət etməli olduq. Gəmidən düşən zaman ayaqqabıların altını xüsusi fırça ilə təmizləmək lazım idi. Bundan başqa, ciblərin içi də tozsoranla təmizlənirdi. Bu səbəbdən qayıq və gəmilər də tam olaraq sahilə yan almır.

Yolboyu kapitan və köməkçisi bizim kayutlara səsli məlumat ötürürdülər ki, göyərtəyə çıxsaq, hansı dəniz heyvanını görə bilərik. Məsələn, elan edirdilər ki, sol göyərtəyə çıxsaq, qatil balinaları görə bilərik.

Səfər boyu Antarktidanın bir çox adalarına, o cümlədən Robert adasına da baş çəkdik. Bu, vulkanik adadır. Orada dəniz filləri adlandırılan fərqli heyvanları gördük. Burunları filin xortumuna bənzədiyi üçün onları belə adlandırırlar. Orada bütün sahil dəniz filləri ilə dolu idi. Onların qeyri-adi, qəribə vərdişləri var. Belə ki, burada erkək dəniz filləri arasında dişi dəniz filinə sahib olmaq üçün böyük mübarizə gedir. Bu adada onların döyüş məşqləri keçirilir. Qalib gələn erkək dəniz fili cütləşmə haqqı əldə edir. Bir erkəyin çoxsaylı dişisi də ola bilər. Onlarda cütləşmənin ritualı da var - gəlib əlini dişi dəniz filinin üzərinə qoyur.

© Courtesy of Rovshan Abdullaoglu
Azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu Antarktidada

- Heç buzlaqda gecələdinizmi?

- Materikdə gecələyəndə buzu qazıb açıq səma altında gecələyirdik. Belə gecələr materiki daha aydın müşahidə etməyə imkan verirdi. Bunun üçün buzun altında 1 metrədək yer qazır, bizə verilən üçqat kisənin içinə girərək bağlayırdıq, həmin kisənin üst hissəsində nəfəs almaq üçün xüsusi deşiklər var. Lakin bununla belə, soyuğu hiss edirdim. Amma sizə deyim ki, orada gecə görmədim. Çünki oranın gecəsi bizim gündüzümüz kimi idi. Yəni bizdə hava dumanlı olanda göy üzü necə görünürsə, Antarktidanın da gecəsi elə olur. Orada tamamilə sakitlik idi, heç bir səs eşidilmirdi, nə quş, nə maşın səsi var idi, fərqli bir dünya idi. Yalnız hərdən-bir buzların qoparaq düşməsini, şaqqanaq səslərini eşitmək mümkün idi. Amma müəyyən vaxtdan sonra bu sakitlik vahimə yaradırdı.

- Temperatur nə qədər idi?

- Qış aylarında orada temperatur -80 - -90 dərəcəyədək düşür. Sahilə doğru temperatur mülayimləşir, materikin içərisinə doğru hava daha da sərtləşir. Qitə əsasən dağlardan ibarətdir. Hətta bələdçilər dedilər ki, üzərində gəzdiyimiz yer dağdır. Sadəcə olaraq 2-3 min metr qalınlıqda buzla örtüldüyü üçün o, bizə düz kimi görünürdü. Hətta materikin bəzi yerlərində 4 min metrə qədər yeri qazdıqdan sonra quruya çıxmaq mümkündür. Deyilənə görə, bu qitə öncələr canlıların yaşaması üçün uyğun bir yer olub. Orada dinozavrlar yaşayıb, gözəl, yaşıl təbiət, şəlalələr olub. Milyon illər ərzində materiklərin bir-birindən ayrılması prosesi getdiyindən Antarktida cənub qütbünə sürüşüb. Deyilənə görə, buzların ağırlığı altında materik 500 metr çöküb.

© Courtesy of Rovshan Abdullaoglu
Azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu Antarktidada

- Aysberqləri tədqiq etdiniz?

- Səfərimizin bir gününü aysberqin öyrənilməsinə həsr etdik. Onların müxtəlif növləri, yaşları, rəngləri ilə tanış olduq. Hətta qara, gömgöy olan aysberqləri də gördük. Ümumiyyətlə, bu cür səfərlər insanların dünyaya baxışını tamamilə dəyişir. Bir materikin ekosisteminin korlanması bütün dünyanın ekosisteminə təsir edir. Biz bu gün təbiətə, ekologiyaya hansı zərbəni vururuqsa, sabah da o, eyni zərbəni daha şiddətli şəkildə bizə qaytaracaq. Məsələn, ozon dəliyinin böyüməsi temperaturun yüksəlməsinə, şüalanmanın artmasına, buzların əriməsi isə okeanların səviyyəsinin yüksəlməsinə, sellərin, daşqınların baş verməsinə səbəb olur. Sənaye tullantıları günü-gündən artır.

-  Belə səfərlər zamanı, yəqin ki, fövqəladə vəziyyətə hazırlıq görülür. 

- Təşkilatçılar bir aylıq yem ehtiyatı götürmüşdülər ki, birdən nəsə fövqəladə vəziyyət yarana bilər. Bu səbəbdən də heç bir təhlükəmiz yox idi.

© Courtesy of Rovshan Abdullaoglu
Azərbaycanlı səyyah, yazıçı Rövşən Abdullaoğlu Antarktidada

- Hansı qeyri-adi məlumatlarla tanış oldunuz?

- Qütb stansiyasında olduqda rus araşdırmaçılar mənə maraqlı faktlar, tapdıqları ağacların şəkillərini göstərdilər. Həmin ağaclar milyon illər öncə buz qatının arasında donubmuş. Bundan başqa, öyrəndim ki, 95 faizi buz örtüyünün altında olan materikin flora və faunasına 200 yad növ daxil olunub. Bəzi heyvan növləri sonradan buranın iqliminə uyğunlaşaraq digər canlıları məhv edib. Bu səbəbdən də gəmidən düşəndə özümüzlə şirniyyat, yaxud da yeməyə nəsə aparmağa icazə yox idi. Ayaqyolu tələbatını ödəmək üçün də xüsusi qablar ayrılmışdı, sonda onlar yenidən gəmi ilə geriyə daşındı. Yemək üçün isə yalnız gəmiyə üz tuturduq. 

Bundan başqa, Atarktidanın ekologiyası, onun dünya ekosistemindəki rolu, oranı ilk fəth etmiş şəxslər haqda da məlumat aldım.

- Cənub okeanında üzdünüz?

- Cənub okeanında olduq, amma üzdük deyə bilmərəm. Yarıçılpaq vəziyyətdə dənizə girsək də, 30 saniyədən sonra artıq hərəkət edə bilmirdik. Ehtiyat tədbiri kimi isə hər birimizin belinə bir kəmər bağlamışdılar.

Əlaqədar

Dünyanın sonuna gedən azərbaycanlı – Dar küçələr, alçaq hasarlar, həbsxana qoxulu şəhər
Azərbaycanlı qızdan turizm həvəskarlarını şok edəcək məlumatlar
"Qara qitə"ni ağa dəyişən azərbaycanlını "dünyanın sonu"na aparan səbəb var
Armudu stəkanla dünya səyahəti – Azərbaycanlı bloger simvolumuzu təbliğ edir
Amerikalılar Azərbaycan şəkərburası hazırlamağı öyrənirlər

Əsas mövzular