01:05 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
176610

"Ağıllı bağ" o deməkdir ki, uzaqdan idarə edilən bir meyvə bağıdır. Doludan, şaxtadan və digər xoşagəlməz amillərdən qorunmaq üçün bağın üstü örtülür və burada damlama suvarma sistemi qurulub

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 mart — Sputnik. Azərbaycanda ilk dəfə Qubada "Ağıllı bağ"ın yaradılması bu ay tam başa çatacaq. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi "Ağıllı bağ" layihəsi çərçivəsində 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev "Ağıllı bağ" layihəsi ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

O bildirib ki, institutun elmi-təcrübə bazasında salınan bağ 15 hektar sahəni əhatə edir: "Burada alma, armud, heyva, gilas, şaftalı və gavalı bitkiləri yetişdiriləcək. "Ağıllı bağ" o deməkdir ki, uzaqdan idarə edilən bir meyvə bağıdır. Doludan, şaxtadan və digər xoşagəlməz amillərdən qorunmaq üçün bağın üstü örtülür və burada damlama suvarma sistemi qurulub. Bağda yerüstü damlama suvarma sistemindən fərqli olaraq torpaqaltı damlama suvarma sistemindən istifadə edilir. Su vermək üçün artezian quyusu qazılıb, 1000 kubmetr həcmində sututarları yaradılıb. Burada suvarma sistemini həyata keçirmək üçün günəş panellərindən istifadə nəzərdə tutulub".

"Bağın iqlim şəraitini, torpaqda olan qida maddələrinin təminatını, istilik və rütubət tutumunu müəyyən etmək üçün xüsusi sensorlar qurulub və mərkəzə ötürücü qoyulub. Mərkəzə ötürücü ilə yanaşı, bağın müxtəlif yerlərində torpaqda rütubətin, istiliyin miqdarını, su çatışmazlığını müəyyən etmək üçün da sensorlar qurulub", – deyə V.Əliyev qeyd edib.

Onun sözlərinə görə, sensorlar bütün bağı idarə edə biləcəklər: "Eləcə də xəstəlik və zərərvericilərə qarşı erkən xəbərdarlıq sistemi yaradılıb. Bunun vasitəsilə bağda xəstəlik və zərərvericiləri, nəmliyi və s. əvvəlcədən müəyyən edən aqrotexniki becərmə tədbirləri həyata keçirilir. "Ağıllı bağ" layihəsi dünyada mövcud olan innovativ texnologiyaların bir növ cəm şəklində bir yerdə birləşdirilməsidir. Yəni bağda suvarmada, erkən xəbərdarlıq və digər sistemlərdə olan innovativ texnologiyalar həyata keçirilir. Burada mobil telefonlardan da istifadə etmək olar. Mərkəzi ötürücü sistemə qoşulmaqla mobil telefon vasitəsilə bağ haqqında məlumat əldə etmək olur".

V.Əliyev qeyd edib ki, bağda az işçi qüvvəsi nəzərdə tutulub: "Belə ki, bu bağda tədbirləri 3 nəfər (su texniki, traktor sürücüsü və mühəndis-aqronom) idarə edə bilər. Hazırda mövcud olan meyvə bağlarına nisbətən bu bağda məhsuldarlıq 25 faiz çoxdur. Bu, ölkəmizdə ilk dəfədir ki, həyata keçirilir. Bağda son tamamlanma işləri həyata keçirilir. Məqsədimiz belə bir texnologiyanı institutun ərazisində yaradıb fermerlərə və sahibkarlara bir növ nümayiş etdirməkdir. Və gələcəkdə belə bağların təkcə elmi-tədqiqat müəssisələrində deyil, özəl fermer təsərrüfatlarında yaradılması məqsədi güdülür. Artıq fermerlər və sahibkarlar gəlib bu bağ ilə yaxından maraqlanır və gələcəkdə belə bir layihəni öz ərazilərində həyata keçirməyi planlaşdırırlar".

"Bağda ağacların inkişafını təmin etmək üçün birinci və ikinci il məhsul götürülməsi nəzərdə tutulmur. Üçüncü ildən isə məhsul götürməyi planlaşdırırıq. Mart ayında "Ağıllı bağ"ın tam formalaşması başa çatacaq", – deyə o əlavə edib.

Əsas mövzular