CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı həyatından zövq alan italiyalı aşpaz – "Salam, sağ ol, necəsən"i öyrənib

© Sputnik / Nigar Iskanderovaİtaliyalı Andrea Zurru
İtaliyalı Andrea Zurru - Sputnik Azərbaycan
Abunə olmaq
“Burada insanlar İtaliyadakı kimi istiqanlıdırlar. Lakin Avropanın digər şəhərlərində belə istiqanlı insanlar görmək mümkünsüzdür”

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Azərbaycan inkişaf etdikcə, buraya gələn qonaqların da sayı artıb. Eləcə də, xarici ölkələrdən Azərbaycana gələrək burada ən müxtəlif sahələrdə çalışanlar da çoxalıb. Bəzən bu qonaqlar, xüsusən də uzun müddət Azərbaycanda yaşayan əcnəbilər vətəndən kənarda milli mətbəxlərinin yeməklərini dadmaq istəyirlər.

Azərbaycana işləmək üçün gələnlər arasında aşpazlar da var. Onlar öz həmyerlilərinə yeməklər hazırlamaqla yanaşı, xüsusən də Azərbaycan vətəndaşlarını milli mətbəxləri ilə tanış edirlər.

Belə şəxslərdən biri olan 35 yaşlı Andrea Zurru buradakı məşhur İtaliya restoranlarının birində şef aşpaz olaraq çalışır.

Hazırda adı koronavirusun sinonimi olmuş İtaliya dedikdə dillər əzbəri olan məşhur mahnıları, filmləri, Dolce Vita moda evi, Boloniya sistemi, müasir standartlara cavab verən təhsili yada düşür. Amma etiraf edək ki, İtaliya ilk növbədə ləziz pizzaları, spagettiləri ilə məşhurdur.

İtaliyanın Sardiniya adasında doğulan Andrea Zurru da bu mətbəxi tanıtmaq üçün Azərbaycandadır. Vətənində "Qonaqpərvərlik" ixtisası üzrə təhsil alıb. Nişanlıdır, bəzən günün 8, bəzən də 10 saatını mətbəxdə, iş masasının arxasında keçirir. Şef aşpaz olaraq əsas vəzifəsi restoranda hər şeyə nəzarət etməkdir. İxtisası ona bir çox ölkələri gəzməyə imkan verdiyi üçün Andrea Zurru Azərbaycanın digər ölkələrdən fərqini bilir.

- Nə zamandan sizdə bu peşəyə maraq yarandı?

- Bilirsiniz, bizim də məxsusi mətbəximiz var. Ümumiyyətlə, mənim xalam, nənəm bişirməyi çox sevirlər. Kiçik yaşlarımda onlar mətbəxdə işləyəndə mən də onların yanında dayanar baxar, nəsə öyrənər, kömək edərdim. Artıq az-çox nəsə bişirməyi də bilirdim.

- Azərbaycana gələnə kimi keçdiyiniz dövrdən danışardınız.

- Hələ təhsil aldığım müddətdə, 16 yaşımda artıq aşpaz kimi çalışırdım. Təhsilimi başa vurduqdan sonra, təxminən 27 yaşımadək İtaliyada şef aşpaz kimi çalışdım. Lakin karyeramı İtaliyada davam etdirməməyimin səbəbi oradakı vəziyyətlə bağlı oldu. Son zamanlar oradakı vəziyyət mənim üçün heç də ürəkaçan deyildi. Bundan başqa, İtaliyada qonaqlama xidməti də heç ürəkaçan deyildi. Həmçinin əmək haqqı da yüksək deyildi. Ölkədə böhran çox yüksək səviyyədə idi. Düzdür, öncəki illərlə müqayisədə vəziyyət nisbətən düzəlsə də, tam ürəkaçan səviyyəyə çatmadı. Bu səbəbdən də İtaliyadan Avstraliyaya, təxminən 3 ildən sonra da oradan İngiltərəyə üz tutdum. Sonradan yenidən ölkəmə qayıtmalı olsam da, bir çox ölkələrdə iş axtardım. Məşhur İtalyan şirkətinin Bakıdakı ofisi ilə əlaqə saxladım, sınaq müddətim bitdikdən sonra işləməyə başladım və artıq 5 aydır ki, Bakıdayam. Düşünürəm ki, Azərbaycana, heç zaman olmadığım bir ölkəyə gəlməklə fərqli bir seçim etmiş oldum. Bura gəlməklə İtaliya mətbəxi və onun ənənələrini də Azərbaycana gətirmiş oldum.

© Sputnik / Nigar Iskanderovaİtaliyalı Andrea Zurru
Bakıdakı həyatından zövq alan italiyalı aşpaz – Salam, sağ ol, necəsəni öyrənib - Sputnik Azərbaycan
İtaliyalı Andrea Zurru

- Yəqin ki, bura gəlməzdən öncə Azərbaycanla bağlı nəsə axtarış etdiniz.

- İş təklifi aldıqdan sonra Azərbaycan, Bakı ilə bağlı internetdə axtarış etdim. Əldə etdiyim məlumatlar bura gəlməyim üçün məni qane edirdi. Amma təəssüf ki, Azərbaycan və Bakı ilə çox da yaxından tanış deyiləm. Hələ ki, ölkənizi qarış-qarış gəzmək mümkün olmayıb. Burada olduğum dörd ayda məndə yaranan təəssürat ondan ibarətdir ki, Bakı təmiz, təhlükəsiz bir şəhərdir. Başqa ölkələrdə, şəhərlərdə yaşayarkən ətrafımda müəyyən xoşagəlməz hadisələr baş versə də, burada onu görmürəm. Evim iş yerimə yaxın olduğu üçün ictimai nəqliyyatdan o qədər də istifadə etmirəm. Düzü, restoran işi daha çox diqqət tələb etdiyi, yeni menyular hazırladığım üçün, daha çox işlə məşğul olduğum üçün gəzməyə bir o qədər də vaxt ayıra bilmirəm. Amma hərdən şəhəri gəzmək məqsədilə ictimai nəqliyyatdan istifadə edirəm. Gördüyüm qədərində Bakı mənim üçün çox gözəldir.

- Deyilənə görə, italyanlarla azərbaycanlılar, elə İtaliya ilə Azərbaycan arasında da bənzərliklər çoxdur.

- Düzü, öncədən nə İtaliyada, nə də ki, başqa ölkələrdə olduğum müddətdə hər hansı bir azərbaycanlı ilə heç bir dəfə də olsa qarşılaşmasam da, burada sıfırdan bir həyata başladığıma baxmayaraq, azərbaycanlılar arasında özümü çox xoşbəxt hiss edirəm. Hələ ki, burada olduğum müddətdə hər hansı ciddi problemlə qarşılaşmamışam. Bakı mənə olduğum Avropa şəhərlərinin birini xatırladır – görünüşü, quruluşu, modernliyi ilə. Bakı meqapolisə çevrilib. Bildiyimə görə, İtaliyadan neft şirkətlərində işləmək üçün Azərbaycana gələnlər var. Burada mühit mənim üçün çox gözəldir. Bundan başqa, buradakı iqlim şəraiti İtaliyadakı ilə eynidir. Düşünürəm ki, iki ölkə arasında oxşarlığın olmasının əsas səbəbi də hər iki ölkənin eyni coğrafi səviyyədə yerləşməsidir. Burada insanlar İtaliyadakı kimi istiqanlıdırlar. Lakin Avropanın digər şəhərlərində belə istiqanlı insanlar görmək mümkünsüzdür. Onu da qeyd edim ki, iki ölkə arasında əsas bənzərliklərdən biri də azərbaycanlıların italyanlar kimi gülməyi, zarafatı sevməyidir.

- Yəqin ki, əcnəbi olduğunuz üçün müəyyən qədər çətinlikləriniz də var.

- Əsas çətinliyim dillə bağlıdır, yəni bu səbəbdən insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm. Burada olduğum 5 ayda rus dilində və Azərbaycan dilində nəsə öyrənməyə çalışıram. Çünki demək olar ki, əksəriyyət Azərbaycan və rus dilində danışır. Düzdür, artıq Azərbaycan dilində bəzi sözləri öyrənmişəm: salam, sağ ol, çox sağ ol, necəsən... Bundan başqa, meyvə və tərəvəzlərin də adını öyrənmişəm: zeytun, yağ, soğan, petruşka (cəfərini nəzərdə tutur – red.) Eyni zamanda da pul, qiymətlə bağlı da bir çox sözləri artıq mənimsəmişəm. Düzü bu sözləri daha çox danışıq prosesində öyrənmişəm. Amma etiraf edim ki, sizin diliniz bildiyim digər dillərdən – ispan, portuqal dilindən tamamilə fərqlidir. Bir sözü yadda saxlamaq mənim üçün kifayət qədər zaman alır. Lakin ingilis dilini bilən müştərilərlə ünsiyyətdə heç bir problemlə qarşılaşmıram.

© Sputnik / Nigar Iskanderovaİtaliyalı Andrea Zurru
Bakıdakı həyatından zövq alan italiyalı aşpaz – Salam, sağ ol, necəsəni öyrənib - Sputnik Azərbaycan
İtaliyalı Andrea Zurru

- Burada boş vaxtınızı necə keçirirsiniz?

- Boş vaxtlarımda parkda gəzir, qaçır, burada qazandığım dostlarımla hansısa restoranda əyləşərək yerli təamlardan dadıram. Buradakı dostum Cavanşirlə lülə, tikə, basdırma kababı yemişik, çox bəyənmişəm. Bir sözlə, buradakı həyatımdan zövq alıram.

- Yerli müştərilər sizin mətbəxi bəyənirlərmi?

- Müştərilər italyan mətbəxini sevirlər. Düşünürəm ki, bunun da bir səbəbi odur ki, mən təqdimatımda buradakı tərəvəzlərdən istifadə edirəm. Bu sintez çox gözəl alınır. Lakin müştərilər fərqlidirlər. Ola bilər ki, mənim İngiltərədəki müştərilərim bişirdiklərimi bəyənsin, amma buradakılar yox. Yəni hamı hər şeyi bəyənə bilməz. Çünki zövqlər fərqlidir. Bu səbəbdən mən tez-tez buradakı digər restoranlara da baş çəkirəm ki, görüm oradakı vəziyyət, servis necədir. Ətrafı gəzmək, müşahidə aparmaq biznesin əsas qızıl qaydalarından biridir.

- Siz özünüz daha çox nəyə üstünlük verirsiniz?

- Orqanik məhsullara, tərəvəzlərə üstünlük verirəm. Qidanın keyfiyyəti, məhsulun təqdimatına da xüsusi önəm verirəm. Mənim buradakı işim yalnız xörəklərin bişirilməsi və buna nəzarətlə bitmir, o cümlədən də mətbəxin idarə olunması, keyfiyyətinə nəzarəti də həyata keçirirəm. Çünki müştərilər restorana gəlirlərsə, demək ki, qidalarını sənə etibar edirlər. Bir şef olaraq da onların etimadını doğrultmaq mənim əsas vəzifəmdir.

P.S. Qeyd edək ki, müsahibə İtaliyada koronavirusun yayılmasından əvvəl götürülüb. Buna görə də, müsahibimizlə ölkəsindəki son vəziyyət barədə danışa bilməmişik.

Xəbər lenti
0