06:15 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
277710

Bərdənin Divanlı kəndində 200 evin sahibləri koronavirusu lənətləyərək, məhdudiyyətlərin sona çatacağı vaxtı gözləyirlər. Çünki yeddi ildir gözlədikləri qaz çəkilməsi vədi bu yaz "cücərə" bilər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Bərdə rayonunun Divanlı kəndində yaşayan xeyli sayda sakin ev tikib, özlərinə gün-güzəran yaratsalar da, mənzillərinin qızdırılması üçün  qaz olmadığından çətinlik çəkirlər. Bu barədə Sputnik Azərbaycan-a sakinlər özləri məlumat veriblər.

Divanlıda son zamanlar xeyli sayda ev tikilib. Bərdə şəhər Təhsil Şöbəsi, Kənd Təsərrüfatı İdarələrinin inzibati binaları da həmin əraziyə köçürülüb.

Şikayətçilərin yaşadıqları evlərin yanından qaz boru xətti də keçir, amma...

Yeni salınmış yaşayış massivinin sakini Bəhruz Əhmədov ərazinin qazlaşdırılmadığı üçün evin qızdırılmasında yanacaq kimi odundan istifadə etdiyini bildirib: "200 manatlıq odun alanda 15-20 gün istifadə edə bilirik. Hava şəraitindən asılı olaraq bu rəqəm dəyişə də bilər. Soyuq olanda odun ehtiyatı daha tez tükənir. Bu da şəraitimizi çətinləşdirir. Odunu baha qiymətə bazardan alırıq. Bir az ucuz olsun deyə doğranmamış odun alırıq. İşdən gələndə balta götürüb, odun xırdalamalı oluram. Ona görə də evdə olmayanda ocağa odun verən olmadığına görə otaqlar soyuyur. Uşaqlar üşüməsinlər deyə onları babasıgilə aparmalı oluruq".

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində vəziyyət

Qazın çəkilişi ilə bağlı Bəhruz Əhmədov Bərdə rayon İcra Hakimiyyətinə, Tərtər rayonunda vətəndaşların qəbulunu həyata keçirən zaman "Azəriqaz"ın rəhbəri Ruslan Əliyevə müraciət etdiklərini bildirib. Bərdə İH-də məsələnin onlara dəxli olmadığını desələr də, "Azəriqaz" rəhbəri köməklik göstəriləcəyini vəd edib.

Bəhruz Əhmədov yaxınlıqdan keçən qaz xəttini göstərərək bildirir ki, küçənin bir tərəfində qaz, digər tərəfində isə odun yandırırlar. Bununla da o, qaz çəkilişi üçün imkanların əlçatan olduğunu deyir.

Həmsöhbətimiz ərazidə 200-ə yaxın evin olduğunu vurğulayıb. Bildirib ki, əksər sakinlər aztəminatlı ailələrdən ibarət olduğuna görə şəxsi vəsaitləri hesabına qaz çəkə bilmirlər.

Divanlının digər sakini Bilman Hüseynov da qaz və işıq problemlərinin mövcudluğundan danışıb: "Burada 7 ildir yaşayırıq. Evimizi indiyə qədər odun sobası ilə qızdırmışıq. Yemək bişirmək, çay qaynatmaq üçün maye qaz balonundan istifadə etməli oluruq. 26-30 manata aldığımız qaz balonu 15-20 günə ancaq çatır. Bütün bunlar xeyli vəsait tələb edir ki, bunun da öhdəsindən gəlmək çətindir. Təəssüf olunmalı haldır ki, Azərbaycan qazı Gürcüstana güzəştlərlə verildiyi halda biz bu cür çətinlik çəkirik".

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində vəziyyət

Başqa kənd sakinləri də qazlaşdırılmanın aparılması üçün əlaqədar təşkilatlara dəfələrlə müraciət etdiklərini bildiriblər. Pakizə Qasımova ikinci ildir ki, yeni ünvana köçüb. Gələn gündən qaz olmadığına görə istifadə etdiyi yanacaq növü odun olub. Övladları işə getdiyindən evin işlərini özü görür. Bildirir ki, 65 yaşı olmasına baxmayaraq balta ilə odun doğramalı olur. O, yaşadıqları çətinlikdən qurtulmaq üçün əlaqədar təşkilatları köməyə çağırır.

Eldəniz Qasımov qeyd edir ki, "Azəriqaz" rəhbərinin qəbulunda olub qaz çəkilişinin aparılmasını xahiş ediblər. Həmin təşkilatdan gələn əməkdaşlar adambaşına 600 manat pul ödənilməli olduğunu bildiriblər. Sakinlər isə imkan olmadığına görə bu vəsaiti ödəyə bilməyiblər.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərli bildirib ki, yeni məskunlaşmış şəxslər layihələndirmədən tutmuş bütün texniki işlərin aparılmasını öz vəsaitləri hesabına həyata keçirməlidirlər. Bunun üçün onlar "Asan Xidmət" mərkəzinə müraciət etməli, zəruri sənədləşmə işlərinə başlamalıdırlar.

Ancaq buna baxmayaraq, həmin ərazidə yaşayan sakinlər "Azəriqaz" rəhbərinin Tərtər rayonunda keçirilən görüşündə iştirak edərək üzləşdikləri çətinliklərin həllini xahiş etdikləri zamanı qarşılıqlı razılaşma əldə olunub. Sakinlərə kömək məqsədilə "Azəriqaz" rəhbəri layihələndirmə və əsas boru xəttinin çəkilişini idarənin üzərinə götürüb.

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində

Ceyhun Səfərli qeyd edib ki, razılaşma indi də qüvvədə olduğundan həyata keçiriləcək: "Hazırda koronavirusla bağlı kütləvi tədbirlərə qadağa tətbiq olunduğundan açıq havada işlərin aparılmasına fasilə verilib. Zəruri hal olaraq Qaz qəza xidməti və abonentlərlə iş bölmələri fəaliyyət göstərir. İşlər yaranmış obyektiv vəziyyətlə bağlı olaraq ləngiməli olub. Bu səbəbdən də çox güman ki, işlərə aprel ayından başlanacaq. Burada "Asan Xidmət" mərkəzlərinin koronavirus infeksiyasına görə və bayram günlərilə bağlı fəaliyyətində yaranmış məhdudiyyətlərin də təsiri var. İşin müəyyən bir qismi "Asan Xidmət" mərkəzində aparıldığına görə "Azəriqaz" da tədbirlər planını hazırlayan zaman mövcud vəziyyəti nəzərə almalı olur. Ona görə də işlər bir az ləngiyəcək".

Əlaqədar

Dünya çaxnaşması: onu kim, niyə yaratdı və indi nə olacaq
Vahid Əhmədov: "Azərbaycan daxildə təbii qazın qiymətini ciddi şəkildə artıra bilməz"
Bu kənddə zaman çox namünasib vaxtda donub - FOTO
Qazı evinizə çatdıracaqlar, həm də əvvəlkindən daha ucuz - Sakinlərə şad xəbər
Köhnə təsərrüfatın odunda donan yüz ailə - ətrafdakılar xan kefində...

Əsas mövzular