CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qiymətlərin qalxmasını istəmirsinizsə, almayın, gözləyin

Abunə olmaq
"Rusiyadakı həmyerlilərimiz 2015-ci ildəki prosesi təkrarlasalar, bu, əmlak bazarına ciddi şəkildə, qısa müddətli də olsa, mənfi təsir edəcək" - Elnur Fərzəliyev

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Martın 9-da dünyada neftin qiymətində son 30 ildə ən kəskin ucuzlaşma baş verib. Neftin qiyməti gün ərzində 31% ucuzlaşmaqla 1991-ci ildəki Körfəz müharibəsindən bəri ən aşağı səviyyəyə enib. "Brent" markalı neftin qiyməti 31 dollara düşüb. "Goldman Sachs" bankı neftin 20 dollara düşəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Mütəxəssislər bu vəziyyətin əmlak bazarında çaxnaşma yaradacağını ehtimal edirlər. Onların fikrincə, indiyədək olan devalvasiyalar zamanı bu artıq özünü sübut edib.

На територии завода Saudi Aramco, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Koronavirus, neft və manatın taleyi – Bizi yaxın vaxtlarda nələr gözləyir?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada deyib ki, 2015-ci ildə Rusiyada devalvasiya başlayan zaman dolların qiyməti rubla nisbətən kəskin surətdə artsa da, evlərin və bütün daşınmaz əmlakın satış qiyməti elə köhnə rubl qiymətində qalmışdı: "Azərbaycanda isə dolların qiyməti elə köhnə kursda qalmışdı. Həmin ərəfələrdə Rusiyada yaşayan həmyerlilərimizin böyük əksəriyyəti Azərbaycandakı əmlaklarını sataraq, dollara çevirib Rusiyaya daşıdılar. Qısa zamanda paytaxt və digər bölgələrimizdə satışa yüzlərlə yeni əmlak çıxarıldı. Bu isə rəqabətə və ciddi şəkildə qiymət enməsinə səbəb oldu. Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycandakı mənzillərini sataraq o pulu rubla çevirməklə Rusiyanın mərkəz şəhərlərində bir zamanlar onlar üçün əlçatan olmayan mənzilləri ala bildilər. Hal-hazırda da vəziyyət ona doğru gedir".

Ekspert vurğulayıb ki, hazırda Rusiyada dolların qiyməti ötən həftələrə nisbətən artıb. Azərbaycanda isə neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq, son bir neçə gündür ki, daşınmaz əmlak bazarında ciddi şəkildə sakitlik müşahidə olunur.

"Rusiyadakı həmyerlilərimiz 2015-ci ildəki prosesi təkrarlasalar, bu, əmlak bazarına ciddi şəkildə, qısa müddətli də olsa, mənfi təsir edəcək. Müşahidələr onu göstərir ki, nəğd pula əmlak almaq istəyənlər artıq pullarını əmlaka yatırmağı deyil, dollara çevirib gözləməyi daha üstün tuturlar. Lakin manat krediti ilə ev almaq istəyənlərin müraciətləri bir neçə dəfə artsa da, banklarda hal-hazırda kreditlərin verilməsi ilə bağlı müəyyən ləngimələr müşahidə olunur", - deyə o əlavə edib.

Ekspert əmlak almaq istəyənlərə gözləməyi tövsiyə edir.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə açıqlamasında bildirib ki, bu günə qədər baş verən iki devalvasiya zamanı ölkə iqtisadiyyatı da, əmlak bazarı da müəyyən qədər təsirə məruz qalıb:

"Baş verən devalvasiyalar zamanı əmlak satan şəxslərin əksəriyyəti qiyməti qaldırdı. Bəzi şəxslər isə əllərində olan pulun dəyər itirməsindən qorxaraq yatırım məqsədilə əmlak aldılar. Müəyyən qisim əmlak sahibləri də gördülər ki, qiymət qaldırmaqla heç nə əldə etmək olmur, satış da azalıb. Altı ay sonra isə qiymətlər stabilləşdi. İkinci devalvasiya zamanı da eyni proses təkrarlandı. Əmlakını satan şəxslər qiymətləri qaldırdılar. Ancaq yenə ən azı 6 ay zaman gərək oldu ki, qiymətlər stabilləşsin. Yenə də elə olacağını düşünürəm".

E.Azadov vurğulayıb ki, proseslər bazarda çaxnaşmaya səbəb olacaq, tarazlıq pozulacaq. Ancaq ekspert dolların qiymətində heç bir dəyişiklik olmasa, bazarda da stabillik olacağını düşünür: "İndiki dövrdə alıcılıq qabiliyyəti azalıb. Əmlak almaq istəyənlər gözləmə mövqeyi seçiblər. Müəyyən dövrdən sonra vəziyyətin hansı istiqamətdə dəyişməsi ilə əlaqəli müvafiq addımlar atılacaq. Hazırda isə durğunluq müşahidə edilir".

Xəbər lenti
0