CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzdən artıq hakimə xəbərdarlıq edilib

Abunə olmaq
Bu sahədən şikayətlərin olmasının bir səbəbi də vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsi, xüsusilə məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərinə diqqət yetirməmələridir

BAKI, 19 fevral — Sputnik. “Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin, o cümlədən şikayətlərin bir qismi hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti ilə bağlıdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, bu sahədən şikayətlərin olmasının bir səbəbi də vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsi, xüsusilə məhkəmələrin müstəqil fəaliyyət göstərdiklərinə diqqət yetirməmələridir: “Son illərdə Azərbaycan Prezidentinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər, hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün atdığı qəti addımlar həmin orqanların fəaliyyətində müsbət dönüş yaradıb və qanunçuluğun möhkəmləndirilməsi öz nəticələrini göstərməkdədir. Ölkəmizin dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşdırılmış aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Məhz görülən tədbirlər nəticəsində beynəlxalq təşkilatların tərtib etdiyi reytinqlərdə Azərbaycanın mövqeyi gündən-günə artır. “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) 2019-cu il üçün tərtib etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycan 26 pillə irəliləyib.

2019-cu ildə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq siyasəti sayəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin daha da artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalıb. 2018-ci illə müqayisədə mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri xeyli az olub. Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi istintaq zamanı ödətdirilib.

Bununla yanaşı, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyil. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olub”.

Məqalədə göstərilib ki, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyil: “Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılıb, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb.

2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyil”.

Xəbər lenti
0