08:51 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
90120

Artıq bu məqsədlə mediatorlara təlimlər keçirilir. Orada bu məsələ daha tez ortaya çıxacaq. Mediatorlar tərəflərin əsl məqsədini anlayacaqlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananların sayı günü-gündən çoxalır. Bunu məcburi köçkünlər arasında boşanmaların sayının artması da sübut edir. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bir müddət öncə Ədliyyə Nazirliyi bölgələr üzrə boşanmaların statistikasını açıqlayıb. Həmin statistikada ən çox maraq doğuran məqam Yuxarı Qarabağ iqtisadi rayonu üzrə boşanmaların ölkə səviyyəsindən yüksək olması olub.

Ailə dəyərlərinin qorunmasına görə hər zaman nümunə olan bu bölgədə qurulan ailələrin daha çox dağılması təəccüb doğurmaya bilməzdi. Belə ki, əhalinin hər 1 000 nəfərinə görə boşanmalar Bakı şəhərində, Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən açıqlama isə məcburi köçkünlər arasında boşanmaların, sən demə, süni xarakter daşıdığını, əslində bu bölgələrdə boşanma hallarının əlavə mənzil əldə etmək məqsədi güddüyünü üzə çıxardıb. Sözsüz ki, süni boşanmaların ölkə üzrə boşanma statistikasının ilbəil böyüməsində rolu böyükdür. Bəs görəsən, süni boşanmaların qarşısını hansı yolla almaq mümkündür? Boşanmaq üçün məhkəmələrə müraciət edən cütlüklərin bu niyyətini necə üzə çıxartmaq olar?

Vəkil Vüsalə Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda boşanmaq üçün məhkəməyə müraciət edənlərin məqsədini öncədən müəyyən etmək çətindir. Məhkəmələrin vəzifəsi boşanmaq üçün müraciət edən şəxslərə maksimum üç ay düşünmək üçün vaxt verməkdir: "Nikah könüllü olduğundan, boşanmaq üçün müraciət edən ər və arvadın iradələri də qeydə alınır. Məhkəmənin boşanmaq üçün ərizə yazan ər-arvadı boşamamağa səlahiyyəti çatmır".

V.Cəfərli süni boşanma niyyətlərini vəkillərin başa düşdüyünü söyləyir:

"Təəssüf ki, Azərbaycanda mənzil, sosial yardım almaq üçün kağız üstündə boşananlar çoxdur. Tərəflər boşanma ərizəsi yazmaq üçün vəkilə müraciət edəndə hüquqşünaslar onların boşanmaq niyyətinin ciddi olub-olmadığını anlayırlar. Amma məhkəmələrin belə bir imkanı yoxdur. Məhkəmələrin işi çoxdur. Onların bunu araşdırmağa nə vaxtı var, nə də ki həvəsi".

Vəkilin sözlərinə görə, kağız üstündə boşananlar əksər hallarda aliment iddiası qaldırmırlar, aralarında kəskin mübahisə yaranmır. Ən əsası isə hər iki tərəf elə ilk məhkəmədə boşanmağa razı olduqlarını söyləyirlər. Tərəflərin heç biri boşanmağa qarşı çıxmır. Elə bu kimi nüanslardan tərəflərin məqsədli boşandıqlarını müəyyən etmək olar. Amma hətta bu halda da məhkəmənin onların boşanmaq üçün müraciətinə rədd cavabı vermək səlahiyyəti yoxdur.

Amma vəkil yaxın zamanlarda qüvvəyə minəcək "Mediasiya haqqında qanun"un bu məsələyə müsbət təsirinin olacağını düşünür: "Mediatorların birinci məqsədi boşanmaq üçün məhkəməyə müraciət edən tərəfləri barışdırmaqdır. Artıq bu məqsədlə mediatorlara təlimlər keçirilir. Orada bu məsələ daha tez ortaya çıxacaq. Mediatorlar tərəflərin əsl məqsədini anlayacaqlar. Hakimlərinsə boşanmaq üçün müraciət edən şəxslərin evdə mehriban şəraitdə yaşayıb-yaşamadığını araşdırmaq imkanı yoxdur".

Cəfərlinin sözlərinə görə, “Mediasiya haqqında qanun" qüvvəyə mindikdən sonra boşanmaların sayının azalması proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əlaqədar

Üç manat pul, bir kəllə qənd... - qadınlarımızı daha çox bəyəniblər
Sevgililər Günündə azərbaycanlılara sürpriz - onlayn evlilik təklifi
Ötən il Azərbaycanda boşanmaların sayı azalıb
Dağlanan uşaqla bağlı hər iki tərəf bir-birini təqsirləndirir - REPORTAJ
Onu görənlərin 36 faizi boşanmaqdan vaz keçib

Əsas mövzular