CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ağır xəstə olan məktəblinin evdə təhsil hüququ məhdudlaşdırılır

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMəktəb yarmarkası, arxiv şəkli
Məktəb yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır beyin xəstəliyindən əziyyət çəkən, son dövrlərdə vəziyyəti daha da ağırlaşan Bakı məktəblisinə evdə təhsil almaq hüququna süni əngəllər yaradılır

BAKI, 30 yanvar — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyanın anadangəlmə hidrosefaliya xəstəsi olan, son zamanlar isə hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində, yan mədəciklərin arxa burnuzları ətrafında qliotik ocaqların yaranması, IV mədəciyin dilatasiyası və daxilindəki araxnoidal kistanın böyüməsi nəticəsində baş ağrıları artmış, hərəkət pozğunluqları yaranmış 9-cu sinif şagirdinin evdə təhsil almasına şərait yaratmaması valideynin narazılığına səbəb olub.

Bakıdakı 48-saylı tam orta məktəbin 9b sinif şagirdinin (valideynin istəyinə uyğun olaraq ad qeyd olunmur.-red.) valideyni Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızı anadangəlmə hidrosefaliya xəstəsidir. Onun beynində iki dəfə - 3 aylığında və 9 yaşında şuntlama əməliyyatı aparılıb. Uşağın əqli inkişafında problem olmadığından valideynləri onu normal məktəbə göndəriblər. Uşaq dərslərdə müvəffəqiyyətli nəticələr göstərib. Bununla belə, uşaqda hərəkət ləngliyi, vaxt rejiminə, hərəkətlərinə tam nəzarət edə bilməməsi, beyindaxili təzyiq nəticəsində yaranmış çəpgözlük, pilləkənləri əziyyətlə qalxıb-düşməsi ilə bağlı problemlər olub. Amma valideynləri 9-cu sinfə qədər qızlarının təhsil ala bilməsi üçün bütün fədakarlıqları ediblər. Lakin son zamanlar qızın səhhətində ciddi narahatlıqlar yaranmağa başlayıb.

Bakı məktəbində dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Paytaxtda məktəblilər üçün yenilik - gələn dərs ilindən başlanır

Şagird baş ağrılarının intensivləşməsindən, görmə pozğunluğundan, ürəkbulanma, başgicəllənmə hallarından şikayətlənməyə başlayıb. Valideynləri onu həkim məsləhəti ilə təkrar müayinələrdən, o cümlədən, MRT diaqnostikasından keçiriblər. Məlum olub ki, onun hər iki beyin yarımkürəsində beyin toxumasının ağ maddəsində, yan mədəciklərin arxa burnuzları ətrafında qliotik ocaqlar əmələ gəlib, IV beyin mədəciyinin dilatasiyası və daxilindəki araxnoidal kistanın böyüməsi baş verib. Valideynləri MRT-nin nəticələrini və uşağı Azərbaycanda dörd, Rusiyada isə iki neyrocərraha göstəriblər. Həkimlərin 5-nin ortaq rəyi belə olub ki, uşağı fiziki yükdən azad etmək, stressdən tam uzaq tutmaq lazımdır. Kista beynin vacib sinirlər, o cümlədən görmə siniri və beyin arteriyasının keçdiyi hissəsində yerləşdiyindən, bura hər hansı cərrahi müdaxilənin bədbəxt sonluqla nəticələnə bilmə ehtimalı yüksəkdir. Həkimlər uşağı daha 6 ay ərzində davamlı olaraq müşahidə altında saxlamağın vacibliyini bildiriblər.

"Bizim iş rejimimiz qızımızı məktəbə aparıb-gətirməyə imkan vermir. Onu və ağır məktəbli çantasını hər gün onkoloji xəstə olan nənəsi məktəbə aparıb-gətirir. Qızım məktəbin pilləkənlərini çıxıb-düşməyə, çantanı sinifdən-sinfə daşımağa çətinlik çəkir. Üstəlik, sinif yoldaşlarının tənəffüslərdəki səs-küyü, onun fiziki qüsurlarını yamsılamaları, xəstə olduğu üçün ayrı-seçkiliyə, bullinqə məruz qoymaları və s. qızıma psixoloji təsir göstərir. Son dövrlərdə isə başağrılarının artması səbəbindən dərslərdən yarımçıq çıxmaq məcburiyyətində qalır. Müəllimlər evə zəng edərək gəlib uşağı aparmağımızı rica edirlər. Onun bu vəziyyəti məktəb rəhbərliyinin, müəllimlərin də diqqətindən yayınmayıb. Bütün bunları nəzərə alaraq, mütəxəssislər uşağın təhsilə evdə davam etməsini məqsədəuyğun sayırlar", - deyən valideynin sözlərinə görə, bunun üçün məktəb rəhbərliyinə müraciət edib. Məktəb rəhbərliyi müvafiq poliklinikaya müraciət edərək "Ambulator kitabçasından çıxarış" gətirmələrini tövsiyə edib.

"Biz uşağın qeydiyyatda olduğu poliklinikaya, həkim nəzarətində olduğu Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edərək tələb olunan sənədləri gətirdik. Yanvarın 29-da 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət etdik. Komissiya üzvləri uşağın yaxşı və əla qiymətlərlə oxuduğunu, psixi sağlamlığının yerində olduğunu, hisrosefaliyanın Nazirlər Kabinetinin evdə təhsil almaq hüququ verən xəstəliklər siyahısında olmadığını bildirərək, Psixi Sağlamlıq Mərkəzinə müraciət etməyimizi, uşağın astenik vəziyyətinə dair rəy almağımızı məsləhət bildilər", - deyən valideyn 15 ildən çoxdur xəstəliklə mübarizə aparan övladının evdə təhsil almaq hüququnu əldə etmək üçün məktəb-poliklinika-neyrocərrahiyyə xəstəxanası- psixi sağlamlıq mərkəzi-psixoloji-tibbi-pedaqoji komissiya arasında qalıb. Artıq gücünün tükəndiyini, bu yersiz süründürməçilikdən bezdiyini qeyd edən valideyn təhsil və səhiyyə qurumlarının onun xəstə övladına qənim kəsilməsindən şikayətçidir.

"Mən görürəm ki, respublikanın bir çox məktəblərində əksər uşaqlar sağlam ola-ola məktəbə yox, repetitor yanına gedirlər. Çünki onlar orta məktəblərin ali məktəblərə qəbul olunmaq üçün lazım olan bilikləri verdiyinə inanmırlar. Biz isə məktəb təhsilinin övladımıza yaxşı təsir edəcəyinə inanaraq onu bütün çətinliklərə rəğmən 9 ildir məktəbə göndəririk. İndi isə iş elə gətirib ki, bizim arzularımızın, istəklərimizin ziddinə olaraq uşağın səhhətində ağırlaşma baş verib. Onun məktəbə gedib-gəlməsi fiziki imkanları xaricindədir. İndi onun evdə təhsil hüququnu tanımaq istəməyən Azərbaycanın təhsil sistemi bizə nə təklif edir? Uşağı məktəbdən çıxararaq evdə oturtmağımızı və təhsil prosesindən tamamilə uzaqlaşdırmağımızı? Axı qızımın indiyədək rüblük və illik qiymətləri əsasən əla olub. Bu rübü də ikisi dörd olmaqla əla qiymətlərlə başa vurub. O, çalışqandır, gələcəkdə ali təhsil almağa iddialıdır. Nə üçün Azərbaycanın təhsil qurumları fiziki qüsurları olan uşaqlara dəstək vermək əvəzinə, müəyyən bürokratik əngəllərlə onları cəmiyyətdən pis formada təcrid etməyə çalışırlar?", - deyə valideyn soruşur.

Valideyn həmçinin qeyd edib ki, onun övladının fiziki durumu ortadadır. Bəs niyə, ondan uşağın həm də psixi durumu ilə bağlı rəy tələb edirlər: "Axı biz uşağın fiziki durumundan şikayətçiyik, psixi durumundan deyil. Onun fiziki durumunun ağır olduğunu təkcə biz deyil, poliklinikaya təqdim etdiyimiz diaqnostik müayinələrin cavabları və həkim rəyləri də təsdiq edir. Niyə psixoloji-tibbi-pedaqoji komissiya bütün bunlara məhəl qoymayaraq, bizi növbəti instansiyaya rəy almaq üçün göndərir?".

В одной из бакинских школ, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəbəhazırlıq qruplarının sayı artırılır

Sputnik Azərbaycan bu problemlə bağlı Bakı şəhər Təhsil İdarəsinə müraciət edib. Bakı şəhəri 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyanın sədri Elşad Səfixanov İdarəyə bildirib ki, 48 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdinin (müəyyən səbəblərə görə şagirdin adı qeyd olunmur-red.) valideyni 29 yanvar 2020-ci il tarixində saat təxminən 14:30 radələrində övladının evdə təhsilə cəlb edilməsi ilə bağlı 1 nömrəli psixoloji-tibbi-pedaqoji komissiyaya müraciət edib.

Sənədlərə baxış zamanı övladının hidrosefaliya xəstəsi olduğu, həmçinin 9 yaşında sonuncu beyin şuntlama əməliyyatı keçirdiyi məlum olub. Valideynin sözlərinə görə övladı son zamanlar baş ağrıları, halsızlıq, daxili narahatlıq və digər bu kimi səbəblərdən dərsə gedə bilməyib. Müayinə zamanı şagird komissiya üzvləri tərəfindən dindirildikdə sualları halsız və ləng cavablandırıb.

Valideynin tibbi sənədində qeyd edilmiş hidrosefaliya diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may 77 nömrəli qərar ilə təsdiq edilmiş evdə təhsil almaq hüququ verən xəstəliklər siyahısında olmadığından kömək məqsədilə övladında baş ağrıları, halsızlıq, xroniki yorğunluq və s. şikayətlərin astenik vəziyyətə yaxın olduğundan tibbi sənədi aldığı poliklinikanın psixiatrına və ya Psixi Sağlamlıq Mərkəzinə müayinəyə yönləndirilib.

Səhhəti ilə bağlı mövcud duruma uyğun astenik vəziyyət qeyd olunmuş rəy verildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may 77 nömrəli qərarı ilə təsdiq edilmiş evdə təhsil almaq hüququ verən xəstəliklər siyahısında psixonevroloji bəndinin "müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər" (Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında "Üzvi emosional labil astenik vəziyyət") diaqnozuna əsasən komissiya üzvləri tərəfindən şagirdin evdə təhsil alması üçün qərar verilməsi məsələsinə baxılacağı bildirilib. Uşağın sənədləri valideynə qaytarılıb.

Xəbər lenti
0