11:18 21 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
88310

Bir otaqda həm yatır, həm yeyir, həm də yuyunurlar. Ancaq müəyyən sağqalma nəzəriyyələrinə rəğmən, bu kompaktlıq heç də can qızdırmır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bərdə rayon Bitki Mühafizə Mərkəzinin binasında bitki adına ancaq yandırmaq üçün tədarük görülən çır-çırpı, bir də künc-bucağı basan mamıra rast gəlmək olur. "Acınacaqlı" sözünün ifadəsi üçün mizan-səhnə quruluşçusu bundan "dilli" interyer tapa bilməz: kiçik propan balonlar, bir-birinə dolanmış elektrik naqilləri, dəhliz boyunca asılmış və düzülmüş müxtəlif əşyalar. Bir də soyuqdan büzüşmüş, kələm kimi üst-üstə geyinmiş adamlar...

Bu binada altı məcburi köçkün ailəsi yaşayır. Yeməklərini "dopu" deyilən balaca qaz plitəsinin, ya da elektrik qızdırıcısının üstündə hazırlayırlar. Bir otaqda həm yatır, həm yeyir, həm də yuyunurlar. Ancaq müəyyən sağqalma nəzəriyyələrinə rəğmən, bu kompaktlıq heç də can qızdırmır. Havalar soyuyan kimi onların qayğıları birə-beş artır. 

  • Bərdə rayon Bitki Mühafizə Mərkəzinin binası
    © Sputnik / Musa Muradli
  • Bərdə rayon Bitki Mühafizə Mərkəzinin binası
    © Sputnik / Musa Muradli
  • Bərdə rayon Bitki Mühafizə Mərkəzinin binası
    © Sputnik / Musa Muradli
1 / 3
© Sputnik / Musa Muradli
Bərdə rayon Bitki Mühafizə Mərkəzinin binası

Ağdam rayonunun Sarıcalı kəndindən məcburi köçkün Səkinə Cəfərova Sputnik Azərbaycan-a bildirib ki, binada qaz olmadığı üçün xeyli əziyyət çəkirlər: "27 ildir ki, burada məskunlaşmışıq. Neçə qohum-qonşumuzu burada itirmişik. Şəraitimiz heç yaxşı deyil. Qaldığımız otaqların hər tərəfi sement-betondur. Odunumuz, qazımız yoxdur. Bizə qarşı illərdir laqeydlik edirlər. Yaxın məsafədən qaz xətti keçsə də, mavi yanacaqdan istifadə edə bilmirik. Binaya qaz çəkilməlidir. Ev vermirlərsə, heç olmasa, qaz versinlər. Yaşadığımız yerin altı zirzəmidir. Oradan gələn soyuğa görə odun yandırıb otaqlarımızı qızdıra bilmirik. Elektrik enerjisindən istifadə də baha başa gəlir".

Altı ağdamlı ailədən birinin başçısı Rəis Cəfərov da yaşadıqları ağır şəraitdən gileylənir. Bildirir ki, otaqların döşəməsi, tavanı beton, divarları kafeldir. Rütubətdən əziyyət çəkdiklərini deyir.

"Bu binanın altı zirzəmidir. Hər tərəfdən içəri külək dolur. Sazaqdan evlərimizi, nə qədər odun yandırsaq da, qızdıra bilmirik. Qışda çöllərdən odun yığmaqdan zülm çəkirik. Eyni zamanda  hökumətin ayırdığı çörək pulunu verib, baha qiymətə odun almalı oluruq. Onda da uşaqlarımız ac qalırlar. Evimizi mavi yanacaqla qızdırmaq üçün bizə kömək lazımdır", - deyən R.Cəfərov aidiyyəti orqanlardan qaz çəkilişi üçün yardım göstərilməsini xahiş edir.

Daha bir həmsöhbətimiz Əsgər Əsgərov isə bildirir ki, burada məskunlaşdıqları 1993-cü ildə onun iki yaşı belə yox imiş.

 İndi Əsgər 27 yaşına qədəm qoyur. İndiyə qədər ailə qurmamasının səbəbini də yaşayış yeri ilə izah edir: "Dörd nəfər ailə üzvü bir otaqda yaşayırıq. Mətbəximiz, yataq otağımız ancaq bu otaqdan ibarətdir. Hətta bu otaqdan məcbur qalıb hamam kimi də istifadə etməli oluruq. Bir otağımızı qızdırmaqda belə çox çətinlik çəkirik. Ətrafımızdakı binalarda qazdan istifadə etsələr də, bizə mavi yanacağın istiliyini çox görürlər. Ocağımızı odlamaq üçün qış uzunu meşədən əzab-əziyyətlə çır-çırpı toplamalı oluruq. Odun almağa maddi imkanımız olmadığından sobanı düz-əməlli qızdıra bilmirik", - deyə Əsgər Əsgərov vurğulayıb.

Ə.Əsgərov onu da əlavə edib ki, qaz ixracatçısı olan Azərbaycanda gərək onun ailəsi kimi mavi qazın arzusunda olub, dərdini çəkən olmasın.

"Azəriqaz" İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərli Sputnik Azərbaycan-a bildirib ki, müvəqqəti məskunlaşmış məcburi köçkünlər qaz çəkilişinin aparılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Komitədə qaz çəkilişinin aparılması məqsədəuyğun hesab olunduğu təqdirdə "Azəriqaz" İstehsalat Birliyində məsələyə baxıla bilər. Ondan sonra binanın texniki şərtləri imkan verdiyi təqdirdə həmin ailələrə qaz çəkilişini reallaşdırmaq mümkün olar.

Əlaqədar

Vahid Əhmədov: "Azərbaycan daxildə təbii qazın qiymətini ciddi şəkildə artıra bilməz"
Dağ başındakılara xüsusi güzəşt: gürcülərin metodu ilə biz də qazana bilərik
Bu kənddə zaman çox namünasib vaxtda donub - FOTO
Cənnətin zindan olduğu məkan: Qış gəlib, qar yağıb, amma dərdə əlac tapılmayıb
Köhnə təsərrüfatın odunda donan yüz ailə - ətrafdakılar xan kefində...

Əsas mövzular