04:35 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
109001

Ekspert deyir ki, təhlükəli ərazilərdə yaşayanların daha təhlükəsiz ərazilərə köçürülməsi və ya kompensasiya qarşılığında evlərini tərk etməsi dövlətə ağlasığmaz məbləğə başa gələcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bir neçə gün öncə Nazirlər Kabineti "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"ni təsdiq edib. Belə ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə, sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi, sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dək olduqda 1000,0 manat, sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dən çox olduqda (1000,0 + 500 m2 - dən çox olan hər metr kvadrat üçün 2,0 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) olacaq.

Təsdiq üçün təqdim edilmiş şəhərsalma əsaslandırılması sənədlərinin yoxlanılması zamanı tikinti ərazisinin ölçüləri 1000 kvadratmetrədək olduqda 1 ədəd layihə üçün 3 min manat, bu ölçülər 1000 kvadratmetrdən çox olduqda isə əlavə hər kvadratmetr üçün 2 manat ödənilir. Sadalanan xidmət haqlarının ödənişi zamanı güzəşt edilən obyektlər də var.

Qeyd edək ki, maksimum ödəniş fərdi evlərdə 15 min, çoxmənzilli binalarda isə 450 min manatı keçməməlidir.

Onu da xatırladaq ki, bu məbləğlər Bakının mərkəzi və mərkəzə yaxın əraziləri üçündür. Daha kənar ərazilərdə məbləğlər daha aşağı olacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə 1 milyona yaxın sənədsiz-çıxarışsız mənzillər var. Ekspertin fikrincə, mənzillər inşa edilən zaman bir neçə qurum və təşkilatların bu tikintidən xəbəri olur.

"Əksər hallarda tikintiyə icazə verilərkən rəsmi icazə sənədi verilmədiyindən vətəndaşlar tikinti işlərini bitirdikdən sonra həmin əmlaklarını sənədləşdirməyə görə ciddi problemlərlə üzləşirlər. Və bu hal ciddi korrupsiya hallarına yol açır. Artıq hər bir vətəndaş fərdi həyət evi və digər tikinti işləri inşa edən zaman aidiyyəti olmayan vəzifəli şəxslərə deyil, birbaşa dövlət qurumuna ödəniş edərək icazə və layihə işlərini əldə edə biləcək", – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, verilmiş layihə üzrə inşa ediləcək əmlakın mövcudluğu ilə bağlı dövlət şəhərsalma və arxitektura idarəsi məlumatlı olacaq və tikinti işləri bitdikdən sonra mülk sahibi öz çıxarışını əldə edə biləcək.

E.Fərzəliyev qeyd edib ki, bu günə qədər sənədsiz tikintilərin qeyri-rəsmi icazələrini almaq vətəndaşlara çox baha başa gəlib. Lakin bu gün dövlət şəhərsalma və arxitektura idarəsinin tətbiq etdiyi rəsmi və qanuni rüsum qeyri-qanuni ödənişlərdən ən azı 4-5 dəfə aşağıdır.

"Tikintilərə icazənin bir qurum tərəfindən verilməsi həm də o deməkdir ki, daha tikintilərin qadağan olunduğu qeyri-qanuni yerlərdə tikinti işləri aparılmayacaq. Bu gün sayı minlərlə olan yaşayış evləri var ki, vulkanik, sürüşməyə meylli ərazilərdə, neft buruqlarının arasında, qaz və elektrik xətlərinin ən yaxın məsafəsində tikilib", – deyə Fərzəliyev bildirib.

Ekspert hesab edir ki, belə ərazilərdə inşa olunmuş mənzillərin özəlləşməsi qanunla mümkün deyil. Və belə qeyri-qanuni icazələrin verilməsi həm həmin ərazidə mənzil tikmiş sakinləri mülkiyyət hüququndan, həm də dövləti çox böyük gəlirlərdən məhrum edib.

"Təbii ki, zamanla həmin ərazilərdə məskunlaşmış sakinlər təhlükəsiz ərazilərə köçürüləcək və yaxud onlar kompensasiya qarşılığında öz mənzillərini tərk edəcəklər. Bunun dövlətə hansı məbləğ bahasına başa gəlməsinə gəldikdə isə rəqəm ağlasığmaz dərəcədə yüksək olacaq", – deyə E.Fərzəliyev qeyd edib.

Əsas mövzular