01:38 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1124 0 0

"Bu gün Azərbaycanın 36-dan çox rayonunda səhralaşmanın şahidi oluruq. Əhalinin yarıdan çoxu isə səhralaşma riski olan ərazilərdə yaşayır" - Mirnuh İsmayılov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir.

AMEA Coğrafiya İnstitutunun məlumatına görə, "Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqlarının, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi və siyasi problemləri" mövzusunda aparılan tədqiqat nəticəsində belə bir nəticə əldə olunub. Tədqiqat nəticəsində ilk dəfə təbii-texnogen təhlükələr ArcGis texnologiyaları əsasında kompleks şəkildə qiymətləndirilib və "Azərbaycanın ekoloji risk" rəqəmsal xəritəsi tərtib edilib.

Sputnik Azərbaycan xəritənin iki tərtibatçısından biri olan, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi katibi Mirnuh İsmayılovla söhbətləşərək ekoloji riskli ərazilər haqda məlumat alıb:

- Öncə bu xəritə haqda məlumat verərdiniz.

- Ekoloji risk yaradan amillər çoxdur. Biz bu xəritənin hazırlanmasında ekoloji risk yaradan bir neçə amili nəzərə almışıq. Yəni həmin amilləri xəritə formasında tərtib etmişik. Sel, sürüşmə, şoranlaşma, bataqlaşma, səhralaşma, quraqlıq, texnogen yüklənmə və s. bu kimi amillər bura daxildir. Daha sonra isə bu xəritələr vahid ekoloji risk xəritəsi olaraq tərtib edilib. Xəritənin hazırlanması akademik Ramiz Məmmədovun təşəbbüsü ilə olub. Xəritə onun və mənim birgə fəaliyyətim nəticəsində ərsəyə gəlib.

© Sputnik / Nigar Iskanderova
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun elmi katibi Mirnuh İsmayılov

- Yüksək və çox yüksək riskli sahələrdən danışaq. Açıqlanan rəqəmlərə görə, Azərbaycan ərazisinin 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli sahələrdir. Ən çox maraq doğuran məsələ bu sahələrin hansılar olmasıdır?

- Yüksək səviyyədə ekoloji risk daşıyan ərazilər var. Bura Qobustanı, Böyük Qafqaz və Kiçik Qafqaz ərazisini, bundan başqa, Naxçıvan Muxtar Respublikasının 2 min 500 və 3 min metrdən yuxarı olan yüksək dağlıq ərazilərini misal çəkmək olar. Böyük Qafqazın cənub yamacı, şərqində də ekoloji risklər yüksəkdir. Bundan başqa, Mil-Muğan düzünün mərkəzi hissələrində də yüksək ekoloji riskli ərazilər var. Bu ərazilərdə səhralaşma təhlükəsi riskləri yüksəkdir.

- Risk yaradan amillər sırasında daha çox hansılar ön plana çıxır?

- Risk yaradan amillər sırasında daha çox 4-ü ön plana çıxır. Bura neftlə çirklənmiş əraziləri, Salyan düzünü, yodlu sularla çirklənmiş əraziləri, şoranlıqları misal olaraq çəkmək olar. Son illərdə şoranlaşma daha da genişlənib. Amma bu ərazilərin riskli adlandırılması o demək deyil ki, həmin yerlərdə yaşayış yoxdur. Buradakı insanlar risk altıda yaşayırlar. Lakin riski azaltmaq üçün hər gün milyonlarla manat vəsait xərclənilir. Yaradılan parkları da buna misal olaraq göstərmək olar. Bütün bunlarla yanaşı, onu da qeyd edim ki, Azərbaycanın çox hissəsi ekoloji cəhətdən zəif risk daşıyan ərazilərdir. Bundan başqa, etiraf edək ki, ekoloji risklərin yaranmasında tikintilərin də rolu danılmazdır.

Quraqlıq
© Sputnik / Natalya Seliverstova

- Azərbaycanda səhralaşma riski nə qədərdir?

- Azərbaycanda səhralaşma riski ərazimizin 60 faizindən çoxunu əhatə edir. Bu gün Azərbaycanın 36-dan çox rayonunda səhralaşmanın şahidi oluruq. Əhalinin yarıdan çoxu isə səhralaşma riski olan ərazilərdə yaşayır. Lakin bu o demək deyil ki, həmin ərazilərdə yaşayanlar məhv olurlar. Xeyr, bunun qarşısını almaq üçün davamlı olaraq müəyyən tədbirlər həyata keçirilir. Lakin bu ərazilərdə tədbirlər görülməzsə, orada yaşamaq olmaz.

- Səhralaşmanın qarşısının alınması üçün hansı tədbirlər görülür?

- Səhralaşma riski Azərbaycanda bir nömrəli ekoloji problemlərdən biridir. Bunun qarşısını almaq üçün ağacəkmə aksiyaları həyata keçirilir. Ötən il Nəsiminin yubileyi ilə bağlı 650 minədək ağacın əkilməsi də səhralaşmaya qarşı tədbirlərdən biridir. Lakin olur ki, bəzən ağacəkmə aksiyaları gərəksiz yerlərdə həyata keçirilir. Meşəlik olan yerdə ağac əkmək nə dərəcədə düzgündür? Meşənin özünübərpa imkanı varsa, buna gərək yoxdur. Vaxtilə meşələr olub, lakin hazırda olmadığı ərazilərdə səhralaşmaya qarşı tədbirlər görülməlidir. Şamaxının alçaq və orta dağlıq əraziləri vaxtilə arid meşələrlə örtülmüş olub. Lakin hazırda meşə yoxdur. Səhralaşmaya qarşı bir tədbir olaraq burada ağac əkmək lazımdır.

- Şiddətli səhralaşmadan danışaq.

- Səhralaşmanın müxtəlif növləri var. Şiddətli səhralaşmanın getdiyi ərazilər həddən artıq şoranlaşmış yerlərdir ki, burada şoran otundan başqa heç nə bitmir. Bundan başqa, neftlə çirklənmiş, bitki bitməyən əraziləri də buna misal olaraq göstərmək olar. Daş və qum karxanaları ilə yararsız vəziyyətə salınmış, ana süxurun səthə çıxdığı ərazilər də var. Abşeron və Qobustanda da bu cür yerlər var. Rayonlarda daimi olaraq səhralaşmaya qarşı tədbirlər görülməlidir. Düzdür, bəzi rayonlarda bu tədbirlər görülür, bəzilərində isə görülmür.

© Sputnik / Nigar Iskanderova
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitunun elmi katibi Mirnuh İsmayılov

- Daha çox neftlə çirklənmiş yerlər hansılardır?

- Neftlə çirklənmiş yerlər Neftçala, Abşeron və Bakıda geniş yayılıb. Lakin elə yerlər var ki, orada neft çıxarılsa da, neftlə çirklənmə yoxdur. Siyəzənin bəzi yerlərini, İmişli və Samux rayonunun ərazilərini buna misal olaraq göstərmək olar.

- İnsanların yarada biləcəyi ekoloji risklər də var. Bu ərazilərə hansılar daxildir?

- Ümumiyyətlə, insan fəaliyyətdə olduğu müddətdə müəyyən ekoloji risklərə məruz qalır. Texnogen yüklənmənin çox olduğu ərazilərdə texnogen risk artır. Havanın çirklənməsi, avtomobil yolları insan səhhəti üçün müəyyən risklər yaradır. Texnogen yüklənmələrin olduğu əraziləri biz yüksək riskli ərazi kimi qeydə alırıq. İnsanların yarada biləcəyi ekoloji riskli yerlər var. Bu ərazilərə Qobustan və Abşeron ərazisi, Böyük Qafqazın cənub yamacı və cənub-şərq hissəsi, inzibati rayon olaraq isə Şamaxı, Neftçala rayonunun ərazisini yüksək ekoloji riskli ərazi kimi qeyd edə bilərik.

- Bakının Badamdar və Bayıl ərazisindən başqa hansı ərazidə risk var?

- Bakı Amfiteatrının qanad hissələrində hər zaman sürüşmə və eroziya riskləri var. Bakı üçün ekoloji risk yaradan əsas amil texnogen yüklənmədir. Bakı həddindən artıq antropogen yüklənməyə məruz qalıb. Bu amillər isə bizim həyat tərzimizə, yaşayışımıza mənfi təsir edir, ekoloji sağlamlıq üçün risk yaradır. Texnogen yüklənmə xüsusi ilə Abşeron yarımadasının qərb hissəsində daha güclüdür. Yarımadanın şərq hissəsində isə səhralaşma riski var. Artıq buna qarşı müəyyən tədbirlər görülür.

Əsas mövzular