01:14 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1035 0 0

Turizm mərkəzləri çox qazanc əldə etmək üçün öz potensiallarından artıq qonaq qəbul edirlər, xidmət personalı isə azdır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizmi də inkişaf edir. Amma yay turizmində olduğu kimi, qış turizmi də ciddi nöqsanlardan xali deyil.

Hələ Yeni il bayramı ərəfəsində "Şahdağ" Turizm Mərkəzinə üz tutan turist burada keyfiyyətsiz xidmətdən şikayətlənmişdi. Buna görə də, Turizm Mərkəzinin xidmətin keyfiyyətinə nəzarət edən direktoru da daxil olmaqla 20 nəfəri işdən azad edilmişdi.

Bu günlərdə Bakı sakini Hicran Quliyeva Xızı rayonunda yerləşən "Cənnət bağı Altıağac" istirahət mərkəzində ona və ailəsinə qarşı kobud rəftarla bağlı narazılığını ifadə edib. Şikayətçi bildirib ki, otaqları qabaqcadan rezerv etsələr də, giriş vaxtından (saat 14:00-dan) 3-4 saat əlavə bayırda gözləməli olublar. Bununla bağlı şikayət etdikləri zaman isə kobud rəftarla qarşılaşıblar: "Yanvar ayının 4-nə Altıağac İstirahət Mərkəzində iki gün əvvəlcədən 2 ailə üçün yer rezerv etdik. Mərkəzə çatanda bizə hələ otaqların boşalmadığı bildirildi. Hava soyuq olduğundan mərkəzin ərazisində yerləşən restorana getməyi qərara aldıq. 30 dəqiqəyə yaxın bizə heç kim yaxınlaşmadı. Daha sonra saat yarımdan çox da sifarişimizi gözlədik. Günümüzün yarısı otelin səriştəsiz işçilərinin ucbatından restoranda və soyuq havada keçdi. Saat 16:00-17:00 arası qeydiyyat şöbəsinə yaxınlaşdıq, ancaq hələ də otaqlar hazır deyildi. Dediklərinə görə, qonaqlar o qədər çoxdur ki, xadimələr otaqları təmizləməyə çatdırmır. Şikayət etmək üçün otel rəhbərliyi ilə görüşmək istədik, bu zaman da üzərimizə mühafizəçiləri göndərdilər. Kobud formada bildirildi ki, xoşunuz gəlmirsə, pulunuzu alıb gedin. Yanımızda birinin 4 yaşı olmaqla 4 uşaq var idi. Duşünmürlər ki, axşam vaxtı bu balaca azyaşlı uşaqlar dumanlı, qarlı havada, buz bağlamış yollarda hər hansı təhlükə ilə üzləşə bilərlər? Turizmi inkişaf etdirmək istəyirik, ancaq Azərbaycan vətəndaşlarına belə xidmət göstərildiyi halda, xarici qonaqlara xidmət necə olacaq?"

Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?

"Cənnət Bağı Altıağac" İstirahət Mərkəzindən bildirilib ki, məsələ araşdırılıb və müştərinin dedikləri doğrudur: "Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq".

Sputnik Azərbaycan turizm mərkəzlərində xidmətlərin keyfiyyəti ilə bağlı problemin yaranma səbəbləri və çıxış yollarını araşdırıb.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov açıqlamasında bildirib ki, turizm obyektlərində xidmətlərlə bağlı qeydə alınan şikayətlər Azərbaycanda qış turizm mərkəzlərinin mövsümə tam hazır olmamasından irəli gəlir. G.Qəhrəmanov bildirib ki, qış turizm mərkəzlərinin xidmətlərindən istifadə edənlərin sayının ilbəil artması sevindiricidir: "Amma qış turizmində qeydə alınan narazılıqlar bu sahədə problemlərin hələ də qaldığını təsdiqləyir. Ona görə də, ilk növbədə sahibkarlar nəzarəti gücləndirməlidirlər. Qış turizminə hazırlıq daha erkən aparılmalıdır. Belə olan halda qış turizmində xidmətlərdən narazılıqlar azalar".

Turizm üzrə ekspert Müzəffər Ağakərimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış turizm mərkəzlərində şikayətlərin artması menecment idarəçiliyinin düzgün qurulmamasından irəli gəlir: "Turizm obyektləri otelin nömrə fonduna uyğun qonaq qəbul etməlidirlər. Otelə saat 14:00-da daxil olan qonaq 12:00-da mehmanxananı tərk etməlidir. Çox təəssüf ki, bəzən istirahət mərkəzlərində bu qaydaya əməl edilmir. Həmçinin otellərdə nömrə fonduna uyğun xadimə sayı olmalıdır. Bir çoxunda sahibkar az sayda xadimə götürərək xərcini azaltmaq niyyəti güdür. Bu isə avtomatik xidmətin səviyyəsini aşağı salır. Bundan əlavə, qış turizm mərkəzlərinin sayı azdır. Getdikcə bu turizm növünə maraq artır. Bu halda tələb təklifi üstələyir. Ona görə də, turizm mərkəzləri çox qazanc əldə etmək üçün öz potensiallarından artıq qonaq qəbul etməməlidirlər. Yaxud da xidmət sahəsində çalışan işçilərinin sayını artırmalıdırlar ki, bayram və istirahət günlərində müraciət edən turistlərə yüksək xidmət göstərə bilsinlər".

Əsas mövzular