15:51 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
292301

Ekspert hesab edir ki, ölkədə evlərin kütləvi şəkildə sığortalanması prosesinə tam sürətlə başlamaq hal-hazırda mümkün deyil

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Yanvar ayının 1-dən etibarən evlərin məcburi sığortalanması qaydası qüvvəyə minib. Yeni qaydaya görə, evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Cərimə olunduqda şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

Qeyd edək ki, ölkədə 500 mindən çox sənədsiz ev var. Bu zaman belə bir sual ortaya çıxır, sənədsiz evlər necə sığortalanacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

"Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir", - deyə o qeyd edib.

Dövlət Agentliyinin rəsmisi sığorta ödənişləri və xidmətləri haqqında danışır

Onun sözlərinə görə, hər hansısa təbii fəlakət, qəza, yanğın və digər hallar baş verdiyi zaman dəymiş zərərlər dövlət tərəfindən qarşılanır. Lakin digər inkişaf etmiş ölkələrdə bu belə deyil. Demək olar ki, bütün daşınar və daşınmaz əmlaklar sığorta şirkətləri tərəfindən sığortalanır və dəymiş zərərləri sığorta şirkətləri qarşılayır.

Ekspert hesab edir ki, ölkəmizdə bu prosesə tam sürətlə başlamaq hal-hazırda mümkün deyil. Çünki daşınmaz əmlakların sığortalanması üçün çıxarış və yaxud həmin əmlakın mövcudluğunu sübut edən notarial sənəd tələb olunur: "Bu gün ölkəmizdə sayı az qala milyona çatan sənədsiz əmlaklar var. Əmlakların çıxarışının olmaması səbəbindən dövlət daima böyük gəlirlərdən məhrum olur. Çıxarışın olmamasına görə alqı-satqı zamanı vergilərin verilməməsi, əmlak vergisinin verilməməsi, həmçinin sığorta şirkətlərinin gəlir vergilərinə görə, ödəyəcəyi vergilər və əsas önəmli olanı isə hər hansısa bir təbii fəlakət zamanı dəymiş zərərləri dövlət büdcəsinin qarşılaması hər il ölkəmizi milyonlarla manatdan məhrum edir".

Ekspert qeyd edir ki, artıq yeni tikili çoxmənzilli yaşayış binalarına və fərdi həyət evlərinə çıxarışların verilməsi prosesinə başlanılıb. Lakin fərdi həyət evlərinin çıxarışla təmin olunması prosesi çox ləng gedir. Səbəb isə onların yerləşdiyi torpaqların təyinatlarını müəyyənləşdirmək və saylarını dəqiqləşdirmə prosesidir.

Onun sözlərinə görə, sənədsiz mənzillərin sayını tam dəqiqləşdirmək isə əslində elə də çətin bir proses deyil.

"Bütün mənzillərdə kommunal xətlər mövcuddur. Tutaq ki, "Azərişıq" vasitəsilə Bakı və Abşeronda ümumilikdə mənzillər üçün nə qədər işıq sayğaclarının olduğunu müəyyənləşdirmək olar. Sonra reyestr idarəsindən Bakı və Abşeronda nə qədər çıxarışlı mənzillərin olduğunu dəqiqləşdirmək mümkündür. Və beləcə "Azərişıq" sayğaclarının sayından reyestr idarəsində qeydə alınmış çıxarışlı mənzillərin sayını çıxmaqla ümumilikdə Bakı və Abşeronda nə qədər çıxarışsız mənzil olduğunu, daha doğrusu bu ərazidə nə qədər sığortasız mənzil olacağını müəyyənləşdirmək olar".

Əsas mövzular