08:46 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanın görməli yerləri, turizm obyektləri (36)
112820

Bir vaxtlar bəy evi olmuş binada indi xəstəxana yerləşir. Amma uçulub dağılmaq üzrə olan binanı təmir etməyə icazə yoxdur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Azərbaycan zəngin tarixi keçmişə malik olsa da, qədim şəhərlərimizin görünüşündə, çox təəssüf ki, bunu hiss etmək olmur. Qədim və orta əsrlərə aid şəhərlərimizdə qala, hökmdar sarayı, qəsrlərin əvvəlki əzəmətindən əsər-əlamət qalmayıb. Tariximizi daha çox torpaq altından tapılmış maddi sübutlar əsasında öyrənə bilirik.

Bərdə şəhəri də zəngin tarixi keçmişə malik olsa da, adı ərəb səyyahlarının – İbn Hövqəlin, Təbərinin yazılarında çəkilsə də, haqqında şərqin ən böyük şəhəri, ən böyük bazarının burada olması deyilsə də, təəssüf ki, o şəhər indi yoxdur.

© Sputnik / Musa Muradli
Bərdənin Qəhrəmanlı kəndində Bala bəyin evi

Bunun niyəsi də bəlli deyil. Bəlkə, yadelli hücumları, bəlkə də öz günahımızdır ki, indi Bərdədə barmaqla sayıla biləcək qədər tarixi əhəmiyyətli türbə, hamam, ev var. Onlardan Bərdə türbəsi ölkə başçısının sərəncamı ilə təmir edilib. Digər tarixi abidələrin durumu isə ağır olaraq qalır. Belə tikililərə Qarabağın bir vaxtlar əzəmətli bəy evlərini də aid etmək olar. Sputnik Azərbaycan Bərdədəki daha bir bəy evi ilə maraqlanıb.

Qəhrəmanlı kəndində yaşayanlar Bala bəy haqda ata-babalarından ancaq xoş sözlər eşidiblər. O, uzaqgörən, alicənab, rəiyyətinin qayğısına qalan əsl Qarabağ bəyi olub. Bu barədə Qəhrəmanlı kənd sakinləri məlumat veriblər.

Asif Mehdiyev Bala bəyi təhsilli, geniş dünya görüşünə malik olan bir şəxs kimi dəyərləndirib. O, nənəsindən eşitdiklərini bölüşüb: "Nənəm 1980-ci ildə dünyasını dəyişib. Süleyman bəyin işçisi olsa da, Bala bəyin haqqında çox məlumatlı idi. Nənəmizdən eşitdiyimizə görə, Bala bəy Rusiyada gimnaziya təhsil alıbmış. Həmişə Rusiyadan ona qəzetlər gəlirmiş. Müntəzəm olaraq mətbuatı mütaliə edirmiş. Dünyada gedən proseslərdən xəbərdar olurmuş. Ona görə də uzaqgörənliyi olub. Rusiya Azərbaycana ordu göndərəndə hadisələrin sonluğunu görə bilib. Yaxınlıqdakı bəylər yığışıb, 500 nəfərə qədər atlı, beşatılanla silahlanmış adamla Yalamaya gedəndə onları çəkindirib. Bala bəy qeyri-bərabər gücün qabağında müqaviməti əbəs sayırmış. Gedən bəylər itki verib, geri qayıdıblar. Sonra da Sovet İttifaqına qarşı müqavimət göstərdiklərinə, həm də rəiyyətlə, camaatla yaxşı rəftar etmədiklərinə görə ehtiyatlanıb, Azərbaycanı tərk edərək İrana, Türkiyəyə üz tutublar".

© Sputnik / Musa Muradli
Bərdənin Qəhrəmanlı kəndində Bala bəyin evi

A.Mehdiyev Bala bəyin səlahiyyətləri haqqında danışarkən onun buradakı bəylərin böyüyü olduğunu bildirib: "Dövlət əhəmiyyətli məsələ olanda bəylər onun mülkünə yığışırmışlar. Orada müzakirə aparılırmış".

Başqa bəylərdən fərqli olaraq Bala bəy nə İrana, nə də Türkiyəyə gedib. Sovet İttifaqı qurulan illərdə əmlakını, mülkünü kolxoza təhvil verib, Bakıya köçüb. Ömrünün sonuna qədər də Bakıda yaşayıb. A.Mehdiyevin bildirdiyinə görə, Bala bəy Sovet İttifaqında müəyyən bir vəzifə də daşıyıb.

Qəhrəmanlı kəndinin 80 yaşlı sakini Vəli Mehdiyev valideynlərindən eşitdiklərini danışır. Bildirdiyinə görə, atası Bala bəyin yanında xidmətçi işləyirmiş: "Bala bəyin evi 1897-ci ildə tikilib. Binanın üzərində həmin il qeyd edilib.

Tikinti materialları əsasən yerli istehsal olub. Binanın kərpicləri kənddə kəsilib. Ağacları yaxınlıqdakı meşədən tədarük ediblər. Bala bəyin mülkündə çox iş varıymış. Kimi ata baxırmış, kimi odun doğrayırmış. Atam da Bala bəyin evində xidmətçiymiş. Bala bəyin gördüyünüz o əzəmətli evinin tikintisini atam görüb. Danışırdı ki, ustalar evi tikib başa çatdırandan sonra Bala bəy xəzinədarına onlara bir kisə qızıl pul verilməsini tapşırıb. Usta oturub, ağlayıb ki, ona qızıl pul yox, kağız pul versinlər. O vaxtlar qızıl pula pis baxılırmış.

Fikirləşirlərmiş ki, guya qızılın düşər-düşməzi olar. Ustaların istəyinə uyğun olaraq, həmin qızıl pulu Tiflisdə kağız pula dəyişib, bənnalara veriblər".

© Sputnik / Musa Muradli
Bərdənin Qəhrəmanlı kəndində Bala bəyin evi

Vəli Mehdiyev yaşadıqları kəndin adı haqqında danışır. Söhbətdən məlum olur ki, Qəhrəmanlı kəndinin adı Bala bəyə kənd sakinlərinin minnətdarlıq hissindən yaranıb: "O vaxt burada 5-6 ev varıymış. Onlar da İsgəndər kişi, İbrahim kişi, Uzun Əsgər, atamgil olub. Onda kəndin hələ adı yox imiş. Bala bəyin atasının adı Qəhrəman olub. Bu adını çəkdiyim adamların hamısı Bala bəyin yanında işləyirmiş. Onlara Bala bəyin qayğısı varıymış. Heç kimə xor baxmaz, xeyir-şərlərinin xərcini qarşılayarmış. Kənd camaatı da götür-qoy edib, bəyin bu humanistliyinin qarşılığında belə qənaətə gəlib ki, kəndə Bala bəyin atası Qəhrəmanın adını versinlər. O vaxtdan indiyə qədər kəndimiz Bala bəyin atasının şərəfinə Qəhrəmanlı adlandırılıb".

Qəhrəmanlı kəndinə yaxın o qədər də böyük olmayan meşə massivi var. Hazırda həmin yerə Bala bəyin meşəsi deyirlər. V.Mehdiyev həmin meşənin də Bala bəyin mülkü olduğunu bildirib: "O vaxtın meşəsi sıx və geniş ərazini əhatə edirdi. İndi o meşənin, demək olar ki, kölgəsi qalıb. Bala bəyin üstünə gedib, odun istəyirmişlər. O, heç kimi əliboş qaytarmazmış. Amma şərti də var imiş: bir ağac kəsən əvəzinə ikisini əkməliymiş. Beləcə, bəy təbiətə də qayğısını əsirgəməyib".

V.Mehdiyevin bildirdiyinə görə, Bala bəyin övladlarından biri uzun müddət Biləcəri hərbi həkim komissiyasının baş həkimi olub.

© Sputnik / Musa Muradli
Bərdənin Qəhrəmanlı kəndində Bala bəyin evi

"Kəndimizdən Biləcəri həkim komissiyasında müayinə olunmuş iki nəfər həmin Balabəyovu (təəssüf ki, kənddə onun adını heç kim xatırlamır - red.) görmüşdülər. Həkim bunlardan soruşanda ki, haradan gəlmisiniz, bunlar da kəndin adını demək əvəzinə dərhal cavab veriblər ki, Bala bəyin kəndindənik. Bu, Balabəyovu sevindirib. Atasının xatirəsini camaat hörmətlə yaşadır deyə həmin adamlara çox böyük mehribanlıq göstərib", - V.Mehdiyev xatırlayır.

Bala bəyin evində bir müddət ibtidai məktəb fəaliyyət göstərib. Ondan sonrakı illərdə isə Ağciyər xəstəlikləri xəstəxanasına çevrilib. Hazırda isə Bala bəyin evi kənd xəstəxanası kimi tibbi xidməti həyata keçirir. Təqdir olunmalı bir hal var ki, xəstəxanaya Bala bəyin özünün adı verilib. Xəstəxananın lövhəsində "Bərdə RMX-nın Balabəy kənd Xəstəxanası" yazılıb. Xəstəxananın baş həkiminin otağında Bala bəyə məxsus şəkil var. Buranın keçmiş baş həkimi onu Bala bəyin övladlarından birindən alıb.

Bəy evinin üzərində ikinci bir lövhə də var. Üzərində yazılana görə, XIX əsrə aid bina yerli əhəmiyyətli memarlıq abidəsidir. Həm də dövlət tərəfindən qorunur. O da məlum olur ki, bu işlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məşğul olur.

© Sputnik / Musa Muradli
Hazırda Bala bəyin evi kənd xəstəxanası fəaliyyət göstərir

İndi burada dözülməz, bərbad vəziyyət hökm sürür. Bina çökmək üzrədir. Həm yerli əhəmiyyətli memarlıq abidəsi kimi, həm də səhiyyə ocağı olaraq yerlə-yeksan ola bilər. Xəstəxananın baş həkimi Yeganə Əhmədova da vəziyyətdən narahatdır. Onun bildirdiyinə görə, binada cari təmir aparmağa da ixtiyarları yoxdur. Çünki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti belə bir addım atmağa icazə vermir. 

Həmin qurumla əlaqə saxladıq. Xidmətin mətbuat katibi Fariz Hüseynov bildirdi ki, Bala bəyin evi hazırda Nazirlər Kabinetinin qərarına uyğun olaraq qeydiyyata alınmayıb: "Fasada bərkidilmiş lövhə də oraya səhvən vurulub. Buna baxmayaraq, yerli mühafizə şöbəsi tərəfindən yeni aşkar olunmuş abidə kimi mühafizəsi təşkil olunub. Hazırda dövlət qeydiyyatına alınmalı abidələr siyahısındadır. Dövlət qeydiyyatında olmadığına görə nazirliyin vəsaiti hesabına təmiri mümkün deyil. Ancaq sponsor dəstəyi olarsa, imkanlı şəxsin vəsaiti hesabına layihələndirmə, mütəxəssis yardımı göstərilməklə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də bacardığı köməkliyi göstərə bilər".

Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (36)

Əlaqədar

İki əsrlik “nökərlər evi”: Qışda siçovul, yayda da ilan oylağına çevrilib
Hamının səcdə etdiyi yer və yaxud yeddi əsrdir çözülə bilməyən sirr
Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur
Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi
Müsəlmanlar, xristianlar və yəhudilər bəyanat verdilər - Gövhərağa məscidinə görə

Əsas mövzular