10:32 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
87 0 0

"Radio tezliyinin satılması barədə yayılan məlumatlar həqiqətdən uzaqdır. Müsabiqə tam şəffaf keçiriləcək" - Asəf Hacıyev

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Bu gün saat 18:00-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatır. Son günlər bu tezliyin artıq satıldığı, kimin müsabiqədə qalib olacağı barədə şayiələr dolaşır. Hətta iş o yerə çatıb ki, 102,0 FM radio tezliyinin müsabiqəyə çıxarılmasından bağlanan ANS kanalının rəhbəri Vahid Mustafayev də narazılıq edib. O deyib ki, Azərbaycan radio yayım diapazonunda hələ 30-40 boş tezlik varsa, Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyanın 102 FM tezliyinə tender niyə elan edilməli idi?

Sputnik Azərbaycan narazılığın hüquqi əsasının olub-olmamasını araşdırıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev bildirib ki, ümumrespublika radio kanalının açılması üçün Bakı və Abşеrоn ərazisində 102,0 MHz işçi tezliyi üzrə elan edilən müsabiqə şəffaf keçiriləcək: "Radio tezliyinin satılması barədə yayılan məlumatlar həqiqətdən uzaqdır. Müsabiqə tam şəffaf keçiriləcək. Tezliyin satıldığı və sair kimi əsassız söz-söhbətlər insanlar arasında çaşqınlıq yaradır. Tezlik üçün bu günə qədər müsabiqəyə 5 şirkət qatılıb. Seyfulla Mustafayevin və Vahid Mustafayevin şirkətləri ayrı-ayrılıqda müraciət ediblər. Vahid Mustafayevin "Balans Studiyası", Seyfulla Mustafayevin "İNS ÇM" MMC, Mirşahin Ağayevin "Real Təhlil İnformasiya Mərkəzi" MMC şirkətləri müraciət edənlər arasındadır. Nəticələr müsabiqə başa çatandan sonra bəlli olacaq. Ümumrespublika radio kanalının açılması üçün 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi müsabiqə yekunlaşmayıb. Hələlik hansı şirkətin radio üçün lisenziya alacağı dəqiq deyil. Radio tezlik üçün müsabiqənin elan olunmasında qanunsuz heç nə yoxdur".

Məlumat üçün bildirək ki, MTRŞ -in bu tezliyi müsabiqəyə çıxarması birmənalı qarşılanmayıb. Hətta tanınmış ziyalılar və ictimai xadimlər bununla bağlı ölkə başçısına müraciət ediblər. İKT üzrə ekspert Osman Gündüz isə bildirib ki, 2016-cı ildə "ANS-ÇM"-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb: "MTRŞ -nın müsabiqə qərarı qanunidir. Təbii resurs olan bu tezlik dövlətə məxsusdur. Dövlət onu hansısa müddətə istifadəyə verir. O zaman "ANS ÇM" bu haqqı qazanıb və ölkənin informasiya mühitinin inkişafında müstəsna rol oynayıb. Necə ki dövlətə məxsus olan hansısa bir əmlakın və ya nəyinsə istifadəsiz qalmağı ziyanlıdır, həmin yanaşma boş qalan tezliyə də aiddir. MTRŞ də dövlət qurumu olaraq, öz səlahiyyəti çərçivəsində addım atıb. Şəxsən mən arzulayardım ki, bu tenderi ilk müstəqil radio olan "ANS ÇM"-in adı ilə bağlı qurum qazansın. Amma dövlətə məxsus tezlik resursunun digər prinsiplərlə, müsabiqədən kənar bölüşdürülməsi doğru olmazdı. Tenderə qatılan bəzi qurumlara müraciət etmək olar ki, "ANS ÇM"-in xeyrinə geri çəkilsinlər. Bu, daha uyğun variant olardı. Amma iştirak etmək də onların haqqıdır. Hökuməti isə bu dövlət resursunu müsabiqəyə çıxarmaqda ittiham etmək ümumiyyətlə doğru olmazdı".

Televiziya və radio kanallarının rəhbərlərinə xəbərdarlıq edildi

Qeyd edək ki, noyabrın 12-də Milli Televiziya və Radio Şurası (MTRŞ) yeni radio kanalının yaradılması ilə bağlı müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu bu gün saat 18:00-da yekunlaşacaq. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq şirkət müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım aparacaq.

Əsas mövzular