13:14 20 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
102111

E.Cəfərin fikrincə, Bakı kimi şəhərin bir yağışla iflic vəziyyətə düşməsi çox acınacaqlıdır. O hesab edir ki, paytaxtı köçürmək lazımdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Bakıya azacıq yağış yağan kimi paytaxtın küçələrində, o cümlədən iri avtomobil yollarında keçilməz gölməçələr yaranır. Bu isə həm sürücülər, həm də piyadalar üçün işgəncəyə çevrilir.

Mütəxəssislərin fikrincə, küçələrdə gölməçələrin yaranma səbəbi su ötürücülərinin yaxşı işləməməsi, bir neçə il əvvəl bəzi ötürücü lyukların üzərinin asflatlanmasıdır. Məhz buna görə yollar gölməçəyə dönür, məhz bu səbəbdən də piyadalar sürücülərin hərəkəti zamanı kənara sıçrayan yağış-çirkab sularına tuş gəlir.

Yol nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir neçə il əvvəl Bakıda tikinti bumu başlanıb. Elə həmin dövrdə də Bakıda alternativ yollara ehtiyac olub: "Biz bu dövrdə ümidlə yaşayırdıq ki, Bakı şəhərində yol infrastrukturu da yaxşılaşdırılacaq. Həqiqətən yeni tunellər, körpülər, yol ötürücüləri tikildi. Amma bu tikililər istismara verildikdən sonra çox sayda qüsurlar aşkarlandı. Çünki tikintilər zamanı bir çox standartlar yerinə yetirilməyib. Elə buna görə də, Bakıda yağıntı olan kimi tunel və yol ötürücülərini su basır. Hərəkətin intensivliyi zəifləyir".

E.Cəfər qeyd edib ki, bu piyadalar üçün də ciddi problemlər yaradır. Çünki yağıntılar zamanı piyada keçidləri və səkilər su altında qalır: "Əgər təsadüfi bir lyukun ağzı açıq qalsa, bu, potensial təhlükədir".

E.Cəfərin fikrincə, Bakı kimi bir şəhərin bir yağışla iflic vəziyyətə düşməsi çox acınacaqlıdır. O hesab edir ki, paytaxtı köçürmək lazımdır.

"Bir yağışla strateji əhəmiyyətə malik olan bir şəhər iflic olursa, o şəhər paytaxt ola bilməz. Dövlət qurumları təhlükəsiz başqa bir əraziyə köçürülməlidir" – deyə o bildirib. Onun sözlərinə görə, yağış sularından əziyyət çəkən piyadalarla bağlı "Yol hərəkəti haqqında" qanunda da qeyd edilib.

Belə ki, qanuna görə, sürücülər avtomobilləri elə idarə etməlidir ki, su piyadaların üzərinə sıçramasın. Qanuna görə, bilərəkdən və ya yol hərəkəti qaydalarına riayət etmədən piyadaların üzərinə su sıçradan sürücülər yol polisi tərəfindən cərimə edilməlidir: "Amma bəzən olur ki, sürücünün də başqa çıxış yolu olmur. Su həddən artıq çox olur, yollar çala-çuxur olur. Bakı şəhərində bir neçə il əvvəl Xəzər dənizinə axıdılan kanalizasiya lyuklarının üzərini asfaltladılar. Həmin dövrdə heç bir qurum tərəfindən tədbir görülmədi. Vaxtilə şəhərsalma sahəsində olan xətaların əziyyətini biz indi çəkirik".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, suyun yığılmasına səbəb bəzi yerlərdə yağış-kanalizasiya kollektorlarının olmamasıdır. O qeyd edib ki, tikintilərin artması və əhali sıxlığı səbəbilə kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır. Yağış kollektorları da kanalizasiya kollektorlarına qoşulanda su yenidən yollara qayıdır.

Qurumun rəsmisi vurğulayıb ki, AAYDA mümkün olan yerlərdə yağış-kanalizasiya sistemi yaradaraq, həmin kollektorlara qoşur: "Kollektorların qoşulması mümkün olmayan yerlərdə isə yol kənarında xüsusi quyular qazılır. Bunun vasitəsilə axan sular quyulara yönəldilir, oradan isə nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırılır. Bu da mümkün olmadıqda təbii axınla ərazidən uzaqlaşdırılmağa çalışılır".

A.Nəcəfli bildirib ki, əvvəllər Bakıda tikintilər az idi, yağış sularının ərazidən təmizlənməsi təbii axınla mümkün idi. Hazırda isə bir çox hallarda bu, mümkün olmur. Bakıda tikilən yeni tikililər buna imkan vermir.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum axşamdan gücləndirilmiş iş rejimində çalışır: "Dünəndən heç bir ciddi problem qeydə alınmayıb. Kanalizasiya nasos stansiyamız, daşıyıcı kollektorlarımız, baxış quyularımız qaydasındadır. İnfrastrukturumuz olan ərazilərdə heç bir ciddi fəsad yaranmayıb".

Yeri gəlmişkən xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5. maddəsinə görə, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılması zamanı sürücülər 40 manat məbləğində cərimə edilir.

Əsas mövzular