07:43 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Torba daşıyan şəxs, arxiv şəkli

Nə işləri var, nə də bilgiləri: Qanunun verdiyi hüquqdan da istifadə etmirlər

© AP Photo / Rafiq Maqbool
CƏMİYYƏT
Qısa URL
74210

"Monitorinqlər də göstərir ki, işsizlərin hamısı məşğulluq xidməti orqanlarında qeydiyyatdan keçmir. Onların böyük bir qismi məşğulluq xidməti orqanlarında qeydiyyatdan keçmədiyi üçün işsiz statusu almırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Azərbaycanda 2019-cu il noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78 min 711 nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 noyabr tarixinə işsiz şəxslərdən yalnız 577 nəfəri (0,73%-i) işsizlikdən sığorta ilə təmin edilib. Bakı şəhəri üzrə işsizlikdən sığorta ödənişi alanlar 356 nəfər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub.

78 min 711 nəfər işsiz şəxsdən yalnız 577 nəfərinin (0,73%-i) işsizlikdən sığorta ilə təmin edilməsi maraqlıdır. Qeydiyyata alınmış işsiz şəxslərlə işsizlikdən sığorta ödənişi alanların sayı arasında kəskin fərq nə ilə bağlıdır? İşsiz kimi qeydiyyatdan keçən vətəndaşların işsizlik sığortasından istifadə etməməsinin səbəbi nədir?

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, işsiz statusu alan vətəndaşlarla bağlı rəqəmlər heç də Azərbaycanda tam olaraq işsizlik səviyyəsini göstərmir: "Rəsmi statistikaya görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. İşsiz kimi qeydiyyatdan keçənlərin sayı heç də bu gün məşğul olmayan vətəndaşlarımızın sayı ilə eyni deyil. Monitorinqlər də göstərir ki, işsizlərin hamısı məşğulluq xidməti orqanlarında qeydiyyatdan keçmir. Onların böyük bir qismi məşğulluq xidməti orqanlarında qeydiyyatdan keçmədiyi üçün işsiz statusu almırlar".

Ekspert bildirib ki, işsiz kimi qeydiyyatdan keçən vətəndaşların işsizlik sığortasından istifadə etməməsi iki əsas səbəb ilə bağlıdır: "Birincisi, həmin vətəndaşların bir qismi əvvəllər işləmədiyi üçün onlar işsizlikdən sığorta ödənişi almaq hüququna malik deyil. İşsizlik sığortası iş yerini itirən vətəndaşlara təklif olunan sığortadır. Vətəndaşlarımız iş yerini itirdikdən sonra həmin sığortadan istifadə etmək hüququna malik olurlar. İşləməmiş və uzun müddət işsiz qalmış vətəndaş əgər işsiz kimi qeydiyyatdan keçirsə və işsiz statusu alırsa, qanunvericiliyə əsasən işsizlik sığortasından istifadə etmək hüququna malik olmur. Çünki onun işsizlik sığortasından istifadə etməsi üçün daha öncə sığorta haqqı ödəməli idi".

"O baxımdan əvvəlki dövrlərdə işləməmiş, amma işsiz kimi qeydiyyatdan keçən vətəndaşların qanuna əsasən, işsizlik sığortasından istifadə etmək hüququ yoxdur" – deyə o qeyd edib.

Ekspert bildirib ki, digər səbəb isə işsiz statusu almış vətəndaşların bir qisminin işsizlikdən sığorta ödənişi almaq üçün müraciət etməməsi və xüsusən də bununla bağlı məlumatın olmamasıdır: "İş yerini itirən vətəndaşların bununla bağlı məlumatlılığı yüksək olmadığından, bəzi hallarda iş yerini itirdikdən sonra işsizlik sığortası almaq hüququnun olduğunu bilmədikləri üçün sığortanın alınması ilə bağlı müraciət etmirlər. Baxmayaraq ki, işçi 0,5 faiz, işəgötürən 0,5 faiz işsizlikdən sığorta haqqı ödəyir. 577 nəfərin işsizlikdən sığorta ilə təmin edilməsi də göstərir ki, xüsusən işçilər arasında işsizlik sığortası ilə bağlı məlumatlandırmanın və maarifləndirmənin gücləndirilməsinə ehtiyac var".

Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında" qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. İşsizlikdən sığorta sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Sığorta ödənişi almaq üçün sığortaolunan müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Müvafiq icra hakimiyyəti orqanı təqdim olunmuş müraciətə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verir.

Onu da bildirək ki, noyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin 36,1 faizini qadınlar təşkil edib.

Dövlət xəstəxanalarında icbari tibbi sığorta ilə bağlı yenilik

Sentyabrın 1-nə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı isə 70,9 min nəfər olub, onların 35,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 233,5 manat olub.

Əsas mövzular