13:55 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Aeroport, arxiv şəkli

Ya ikiqat pulunu ver, ya da ölkədən çıxma - aliment ödəməyənlərin işi çətinləşir

© CC0 / Skitterphoto / People
CƏMİYYƏT
Qısa URL
55820

"Bəzən insanlar yanlış olaraq düşünürlər ki, aliment ödənməsi üçün mütləq ailə boşanmalıdır. Alimentin boşanmaya aidiyyəti yoxdur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 dekabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib. O bildirib ki, bizə müraciət edən qadınlar aliment almaqda çətinlik çəkdiklərini deyirlər: “Ona görə də kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır. Dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir. Ona görə Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında qeydiyyat şöbələri tərəfindən 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı dəyişməyərək eyni səviyyədə (6,3) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Onu da deyək ki, aliment ilə bağlı xeyli məhkəmə qərarları mövcuddur.

Hüquqşünas Elyar Həsənov ölkədə Aliment Fondunun yaradılması, aliment ödəməməyin cəzası ilə bağlı Sputnik Azərbaycan-a danışıb.

Hüquqşünas Sputnik Azərbaycan-a deyib ki, aliment deyiləndə bəzən bizim cəmiyyətdə yanlış olaraq ağla ancaq kişi gəlir: “İnsanlar elə bilirlər ki, aliment ödəmək yalnız kişinin vəzifəsidir. Aliment ilə bağlı kişi ilə qadın arasında hər hansı bir fərq mövcud deyil. Aliment məsələsində qadın ilə kişi bərabərdir. Aliment - bir şəxsin digər şəxsin maddi tələbatını ödəmək vəzifəsidir. Aliment təkcə valideyn ilə övlad arasında olmur. Övladın da valideyn qarşısında aliment borcu olur. Ər ilə arvadın da bir-birinə qarşı aliment öhdəliyi olur, burada söhbət uşağa görə alimentdən getmir. Yəni bu, geniş bir anlayışdır”.

O bildirib ki, alimentlərdən biri də valideynin uşağını saxlamaq vəzifəsini icra etmədiyinə görə ondan pul tutulmasıdır: “Burada kişi və qadın fərq etmir. Söhbət uşaq hansı valideynin himayəsinə verilibsə, digər valideynin həmin uşağa görə pul ödəməsindən gedir. Sadəcə, bizdə uşaqlar anada qalır deyə alimentin atadan tutulma statistikası 99 faizdir. Amma bu, o demək deyil ki, anadan aliment tutula bilməz. Əgər uşaq atada qalıbsa, ana aliment ödəməyə borcludur”.

Aliment Fondunun yaradılmasına gəlincə, hüquqşünas deyib ki, aliment ilə bağlı xeyli məhkəmə qərarları var ki, onlar icra olunmur, yəni ata alimenti könüllü şəkildə ödəmir:

“Ata aliment ödəməyəndə uşaq sosial qayğı baxımından əziyyət çəkir və bu, uşağın normal inkişafına mane olur. Bunun qarşısını almaq üçün bir sıra ölkələrdə Aliment Fondu yaradılıb. Müəyyən vəsait hesabına yaradılan Fond uşaqlara aliment ödəyir. Amma sonra ata və yaxud ana həmin pulu Fonda qaytarmalıdır. Yəni artıq Fond qarşısında valideynin borcu yaranır, amma uşaq maddi baxımdan əziyyət çəkmir”.

İcra məsələsinə, o cümlədən ölkədən çıxışa qadağa qoyulmaya gəlincə, hüquqşünas bildirib ki, istər aliment olsun, istəq qeyri-aliment olsun, məhkəmə aktı icra olunmalıdır: “Məhkəmə aktı üzrsüz səbəbdən icra olunmursa, tədbirlər görülür. Şəxs inzibati qaydada həbs edilir, cərimələnir, onun ölkədən çıxmasına qadağa qoyulur. Bütün bu tədbirlərdən sonra yenə şəxs üzrsüz səbəbdən məhkəmə aktını icra etmirsə, onun barəsində cinayət işi qaldırılır. Bu, aliment də daxil olmaqla, məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməyən hamıya aiddir”.

“Amma şəxs üzrlü səbəbdən məhkəmə qərarlarını icra edə bilmirsə, onun barəsində tədbirlərin görülməsi doğru sayılmır. Məsələn, ola bilər, ata işləmir, qazancı yoxdur və yaxud fəaliyyət qabiliyyəti məhduddur, əlilliyi var, işləyə bilmir. Valideyn üzrlü səbəbdən aliment ödəyə bilmirsə, onun ölkədən çıxmağına qadağa qoyulması düzgün qəbul edilmir. Bu, beynəlxalq standartlarda da belədir. Yəni üzrlü və üzrsüz səbəbdən məhkəmə qərarlarını icra edə bilməyən şəxslərin hamısına ölkədən çıxışa qadağa qoymaq insan hüquqlarına zidd sayılır. O zaman məcburiyyət tədbirləri görülür ki, aydınlaşsın: şəxs könüllü olaraq bunu etmir və yaxud imkan var, amma yayınır”, - deyə o bildirib.

Hüquqşünas qeyd edib ki, əgər aliment ödənilmirsə, icra məmuru əvvəlcə vətəndaşın izahatını alır: “Vətəndaş könüllü gəlmirsə, məcburi gətirilir. İcra məmuru izahatı alandan sonra araşdırma aparır. Əgər icra məmuru görsə ki, şəxs alimenti ödəməkdən qərəzli şəkildə yayınır, bu zaman onun ölkədən çıxışına qadağa qoyulması barədə məhkəməyə təqdimat verir. Bu, təkcə alimentlə bağlı deyil, pul tutulması haqqında istənilən məhkəmə qərarına aiddir. Məhkəmə işə baxır və qərar qəbul edir. Əgər üzrlü səbəb yoxdursa, alimenti ödəməyən şəxs ya cərimələnir, ya da inzibati qaydada həbs edilir. Burada 3 aya qədər inzibati qaydada həbs etmə var, yəni şəxs 3 aya qədər inzibati qaydada həbs edilə bilər”.

O bildirib ki, adətən pul tələbini icra etməyən şəxsin cərimələnməsi məqbul sayılmır, amma mümkündür: “Bu cəza şəxsi aliment ödəməkdən azad etmir, aliment öhdəliyi onun üzərindədir. Bu cəzadan sonra da şəxs alimenti ödəmirsə, artıq icra məmuru Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərir. Həmin şəxsin barəsində cinayət işi qaldırılır və araşdırma aparılır. Yenə şəxsin qərəzli şəkildə aliment ödəməkdən boyun qaçırdığı təsdiqini taparsa, onun barəsində artıq cinayət məsuliyyəti yaranır. Burada azadlıqdan məhrumetmə və alternativ cəzalar var. Əgər aliment borcu olan valideyn işləmirsə, amma onun adına əmlak varsa, bu zaman icra məmuru məcburi qaydada həmin əmlakı hərraca çıxardır. Əgər şəxsin imkanı, gəliri, əmlakı yoxdursa, cəhd edir, amma qazanc əldə edə bilmirsə, onu məsuliyyətə cəlb etmək olmaz, qanun buna yol vermir”.

O qeyd edib ki, şəxs məhkəmə aktını könüllü şəkildə icra etmirsə, bu zaman ölkədən çıxışına qadağa qoyulur: “Bu, vergi borcu, aliment, kredit, sağlamlığa vurulan zərər və s. ilə bağlı ola bilər. Digər bir hal, cinayət işləri ilə bağlıdır. Bu zaman da ölkədən çıxışa qadağa qoyulur. Səbəbindən asılı olaraq qadağa müddəti dəyişə bilər. Predmetdən asılı olaraq, qadağa 3 ay, 5 ay, qərar icra edilənədək və s. ola bilər. Bu, məhkəmənin səlahiyyətində olan bir məsələdir, burada limit yoxdur. Konkret müddət qoyula da bilər, qoyulmaya da bilər. Məsələn, borc olanda adətən şəxsin ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılır, yəni nə vaxt borc ödənilsə, qadağa götürüləcək”.

“Bəzən insanlar yanlış olaraq düşünürlər ki, aliment ödənməsi üçün mütləq ailə boşanmalıdır. Alimentin boşanmaya aidiyyəti yoxdur. Aliment - valideynin uşaq qarşısında maddi öhdəliyini könüllü icra etmədiyi halda ondan pulun məcburi tutulmasıdır. Boşanma olmadan da uşağı onda qalan valideyn alimentin tutulması üçün məhkəməyə müraciət edə bilər”, - deyə hüquqşünas əlavə edib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda boşanma hallarının əsas səbəblərini açıqlayıb. H.Hüseynova noyabrın 22-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib ki, komitə bu məsələ ilə bağlı araşdırma aparıb: “Biz digər ölkələrdəki vəziyyəti də araşdırmışıq ki, müqayisə edək. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də ciddi deyil, ancaq istənilən halda bu, Azərbaycan üçün ağır problemdir. Boşananların bir çoxu erkən yaşda qurulan ailələrdir, çünki bu insan ailə mühitinə hazır deyil. İkinci vacib məsələ sonsuzluqdur. Çox zaman belə ailələr bizə də müraciət edirlər ki, kömək edək, onlar övladlığa uşaq götürsün və ya xüsusi tibbi prosedurla uşağa sahib olsunlar. Bilirsiniz ki, bu prosedur da hər zaman uğurlu olmur. Digər məsələ zorakılıq halları ilə bağlıdır”.

Komitə sədri bildirib ki, boşanmadan əvvəl ailələrlə xüsusi söhbət aparılmalıdır: “Biz ailə dəyərlərimizi qoruyub saxlamalıyıq. Elçilik zamanı ağsaqqallar gedirlər, ancaq boşanma zamanı hamı boyun qaçırır və ya söz-söhbətlərə qoşulurlar. Biz çalışırıq ki, bu hallar aradan qaldırılsın. Son dövrlərdə digər bir problem odur ki, nikaha girərkən insanlar bunu rəsmiləşdirmirlər. Biz çalışmalıyıq ki, bu hallar da aradan qaldırılsın”.

H.Hüseynova bildirib ki, son 8 ildə əhalinin hər min nəfərinə nikahların ümumi əmsalı 9,7-dən 6,4-ə düşüb: “Həmin müddət ərzində isə əhalinin hər min nəfərinə boşanmaların ümumi əmsalı 1,2-dən 1,5-ə qədər artıb. Boşanma hallarının 57,2 faizi tərəflərin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən baş verib. Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, məişət zorakılığının və intihar hallarının artması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Nəticədə məhkəmələrdə uşaq tələbi, uşaqla ünsiyyət, alimentlərin ödənilməsi, əmlak bölgüsü ilə bağlı mübahisələr üzrə illərlə çəkişmələr gedir. Bütün bu hallardan ən çox əziyyət çəkən isə uşaqlar olur.

Təhlillər göstərir ki, nikahdan əvvəl tibbi müayinə ilə yanaşı, ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə ailə psixoloqu institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehtiyac var.

Tərəfimizdən bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilir. Ən yaxşı nümunələrdən biri Türkiyədir. Burada ailə psixoloqu həm Ailə və Sosial Siyasət Nazirliyinin, həm də bələdiyyələrin tərkibində fəaliyyət göstərir”.

Əsas mövzular