14:18 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Google şirkətinin ofisi

Silikon vadisi təcrübəsi Azərbaycana gəlir: Risk yüksək olsa da, uğur da var

© AP Photo / Mark Lennihan
CƏMİYYƏT
Qısa URL
108920

Ekspert: "ABŞ-da Silikon Vadisi vençur kapital və mələk investorların bazası əsasında qurulub. "Facebook", "Amazon" şirkətləri bu tip layihələrdən olub"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vençur assosiasiyasının yaradılmasına dair müzakirələr aparır. Bunu "APA-Economics"ə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O, bildirib ki, bu istiqamətdə işlərə artıq bir aya yaxındır başlanılıb və bir sıra görüşlər keçirilib: "Bu, Azərbaycan üçün bir qədər yeni mövzu olduğuna baxmayaraq, inanıram ki, fondların bir assosiasiya altında birləşməsi çox vacibdir. Son zamanlar ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi göz önündədir və vençur fondları ölkəyə xarici investorların cəlb edilməsində böyük rol oynaya bilər. Ümid edirəm, biz gələn il vençur assosiasiyasını yaradacağıq və o, fəaliyyətə başlayacaq. Assosiasiyanın tərkibinə, ilk növbədə yerli, gələcəkdə isə xarici şirkətlər daxil olacaq". 

Ekspertlər Azərbaycanda vençur assosiasiyasının yaradılması məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, vençur şirkətlər ideya sahiblərinin, startapların və yaxud da təşəbbüskarların maliyyəyə çıxış imkanlarını təmin edən platformadır: "Bu, investor ilə ideya sahibi arasında razılığın əldə olunmasına və biznes layihəsinin həyata keçməsinə dəstək verən maliyyələşmə mexanizmi hesab olunur. Vençur kapital şirkətləri Azərbaycanda çox zəif inkişaf edib və çox az sayda bu istiqamətdə fəaliyyət göstərən şirkətlər var. Bunların da əksəriyyəti faktiki olaraq platformanı fəal vəziyyətə gətirə bilmir".

O bildirib ki, hazırda bunun Azərbaycanda olmasına çox ciddi ehtiyac var: "Çünki ölkəmizdə biznesin maliyyəyə çıxış imkanları məhduddur. Mənbə daha çox banklardır və onların da faiz dərəcələrinin yüksək olması xüsusilə startap xarakterli müəssisələrin bu kapitaldan istifadəsini çətinləşdirir. Həmçinin bankların maliyyələşmə mexanizmi fərqlidir. Banklar girov tələb edir, əvvəlki fəaliyyət dövrü üçün gəlir və xərclərə baxır və bunun əsasında verəcəkləri kreditin məbləğini müəyyən edirlər".

"Amma vençur şirkətlər isə daha çox gələcəyə baxan və ideyanın gerçəkləşməsi imkanlarını qiymətləndirən platforma rolunu oynayırlar. Bu baxımdan startap xarakterli müəssisələrdən girov tələb olunmur və s. Bu addım alternativ maliyyə institutlarının formalaşmasına və beləliklə, biznesin xüsusilə yeni ideyaların maliyyə əlçatanlığı üçün şəraitin yaranmasına gətirə bilər" – deyə ekspert qeyd edib.

O əlavə edib ki, burada konkret müqavilələr olur: "Bu müqavilələrdə gələcək üçün yol xəritəsi müəyyən edilir, maliyyələşmə mexanizmi öz əksini tapır. Əslində bu istiqamətdə risk çox yüksəkdir, amma o qədər də uğurlu ideyalar ortaya çıxır. ABŞ-da Silikon Vadisi vençur kapital və mələk investorların bazası əsasında qurulub. "Facebook", "Amazon" şirkətləri bu tip layihələrdən olub".

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də Sputnik Azərbaycan-a deyib ki, elmi tədqiqatda yeniliyi tətbiq edən zaman risklər çoxdur və bunları təşviq etmək üçün vençur kreditlər var: "Bu sistem Qərb ölkələrində geniş yayılıb. Bizdə isə hələlik bu sahəyə ciddi investisiya yatırılmayıb. Azərbaycanda vençur kreditləşmə vasitəsilə kiçik və orta sahibkarlığa yeniliyin tətbiqi çox səmərəli olacaq. Vençur kreditlər biznes inkubatorların inkişafına təkan verəcək. Güman ki, burada güzəştlər tətbiq ediləcək".

Əsas mövzular