13:55 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Uşaqlar

"Uşaqpulu" gözləyənlər - İkicə gün də dözün

© CC0 / Free Photos / Friends
CƏMİYYƏT
Qısa URL
93110

Bizdə rəsmi iş yerlərinin rəsmi sayı 1,6 milyondur. Ölkədə isə 5,8 milyon əmək qabiliyyətli əhali var. 4,2 milyon əhalinin harada çalışdığı, nə ilə məşğul olduğu məlum deyil.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Artıq xeyli müddətdir ki, müzakirə olunan "uşaqpulu" mövzusuna dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aydınlıq gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Sputnik Azərbaycan-ın sualına cavab olaraq bildirib ki, "uşaqpulu" ünvanlılıq prinsipinə tam cavab vermir. Nazir müavini bunu hazırda uşaqlı aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi və 14 növ sosial müavinətin ayrılması ilə əlaqələndirib. Nazir müavininin bu açıqlamasından sonra cəmiyyətdə "uşaqpulu"nun verilməsinə olan inam demək olar ki, itib.

Sputnik Azərbaycan "uşaqpulu"nun hansı formada bərpa olunmasının mümkünlüyünü araşdırıb.

Milli Məclisin deputatı Vahid Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "uşaqpulu" ilə bağlı ƏƏSMN-nin mövqeyi bəlli olsa da, bu sosial müavinətin veriləcəyinə hələ ümid var: "Mən də nazir müavininin mövqeyini oxudum. Nazirlik "uşaqpulu" nun verilməməsini ünvanlılıq prinsipinin təmin olunmadığı ilə əsaslandırıb. Halbuki, "uşaqpulu"nda ünvanlılığın təmin olunmasına ehtiyac yoxdur. Bu müavinətin ünvanı bəllidir-uşaqlar... Biz "uşaqpulu"nun verilməsini uşaqların sağlam qidalanması, geyinməsi, böyüməsi üçün istəyirik. "Uşaqpulu"nu ünvanlı dövlət sosial yardımı ilə eyniləşdirmək və qarışdırmaq lazım deyil. Ünvanlı dövlət sosial yardımı nəyə görə verilir? Ona görə ki, o ailələrin çörək almağa, yeməyə, paltar almağa pulu yoxdur. Bir sözlə, ünvanlı dövlət sosial yardımı dolana bilməyən ailələrə verilir. Söhbət isə "uşaqpulu"ndan gedir. Uşağın yetişməsi, normal böyüməsi, inkişaf etməsi üçün vəsaitdən gedir. Mən hətta dedim ki, "uşaqpulu"nu 18 yaşa kimi vermirsiz, heç olmasa 6-7 yaşa qədər verin, tədricən də yaş həddi artırılsın. Nazir müavini deyir ki, müavinətlər 585 min uşağı əhatə edir. Amma söhbət 2,5 milyon uşaqdan gedir. Biz rayonlara gedirik, camaatla görüşürük, uşaqları görürük. Bakı ilə rayonları eyni tutmaq olmaz. Paytaxtda azdan-çoxdan iş yerləri var. Rayonlarda iş yerləri azdır axı".

V.Əhmədov bildirib ki, nazirlik "uşaqpulu" ilə bağlı təklif verməlidir: "ƏƏSMN "uşaqpulu"ndan söz düşən kimi beynəlxalq normaları əsas gətirir. Bizim beynəlxalq normalara çatmağımıza hələ çox var. Hələ ki, "uşaqpulu"nun verilməsinə ümid var, bu məsələlərlə bağlı müzakirələr gedir. Noyabrın 29-da bizə cavab verməlidirlər. Gözləyək görək hansı cavab verilir".

İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a bildirib ki, "uşaq pulu"nun verilməsində ünvanlılıq prinsipinin qorunmasının tərəfdarıdır. İqtisadçının fikrincə, bu gün Azərbaycanda "uşaqpulu"na ehtiyacı olmayan ailələr var: "Mən ucdantutma hamıya "uşaqpulu"nun verilməsini düzgün saymıram. "Uşaqpulu" ancaq ehtiyacı olan ailələrə verilməlidir. Amma bunu ünvanlı dövlət sosial yardımı ilə eyni tutmaq da düzgün deyil. Aztəminatlı ailələrə vəsaitin ayrılması tamamilə başqa məsələdir. Çünki, bizim Konstitusiyamızda da göstərilib ki, Azərbaycan sosial dövlətdir. Ünvanlı dövlət sosial yardımı da sosial vəziyyəti ağır olan insanların dolanışığına təsir edən yardımdır. Ünvanlı dövlət sosial yardımı ehtiyacı olan aztəminatlı ailələrə verilir, sırf uşaqlara yox. "Uşaqpulu" isə kasıb ailələrdə böyüyən uşaqların özünə yönələn müavinət növüdür".

N.Cəfərli "uşaqpulu"nun verilməsinə nəzarət mexanizmini yaradılmalı olduğunu da söyləyir. Onun sözlərinə görə, bu zaman ayrılan pulun uşaqlara xərclənib-xərclənmədiyinə də nəzarət etmək olar: "Avropa ölkələrində "uşaqpulu" alan ailələrdən bununla bağlı hesabat tələb olunur. Onlardan ayrılan vəsaitin uşağa xərcləndiyini sübut edən qəbz tələb olunur".

İqtisadçı bildirir ki, "uşaqpulunu" vermək üçün ehtiyacı olan ailələrin müəyyən edilməsi elə də çətin deyil: "Uşaqpulu"nun hansı ailələrə verilməsinə məmur qərar verməməlidir. Avropada məşğul və qeyri-məşğul əhalinin elektron qeydiyyatı aparılır. Müavinət və yardımların verilməsi ilə bağlı meyarlar müəyyən edilib. Sistem özü hansı ailəyə hansı yardım və müavinətin verilməsini avtomatik olaraq seçir. Bizdə rəsmi iş yerlərinin rəsmi sayı 1,6 milyondur. Ölkədə isə 5,8 milyon əmək qabiliyyətli əhali var. 4,2 milyon əhalinin harada çalışdığı, nə ilə məşğul olduğu məlum deyil. Ona görə də, öncə qeyri-leqal işləyən əhalinin statistikası üzə çıxardılmalıdır. Bunun üçün isə kölgə iqtisadiyyatı aradan qalxmalıdır ki, şəffaflıq olsun. Ona görə də, məsələyə kompleks yanaşılmalıdır".

Əsas mövzular