CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirir ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. 2000-ci ildən başlayan tikinti bumu ölkə iqtisadiyyatının inkişafına çox ciddi şəkildə müsbət təsirlərini göstərdi. Yeni yaşayış massivləri, yeni iş yerləri və s. tikilməyə başladı.

Bakı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtımızın qucağına bir şəhər də qoyduq - torpaq getdikcə əldən çıxır

Bakıda yaşayış massivlərinin durmadan artması əhali sayının da həmin qaydada artması deməkdir.

Buna uyğun olaraq isə xəstəxanalar, şadlıq evləri, ticarət mərkəzləri və xeyli sayda iaşə obyektləri istifadəyə verildi. Ancaq bəzi yeni salınan şəhərciklərdə məktəblərin tikilməsi unuduldu. Bu isə mövcud olan məktəblərdə şagird sıxlığı ilə nəticələndi.

Amma mütəxəssislərin fikrincə, əgər şəhərlərdə yeni binalar tikilirsə, əhali sayı artırsa, digər iaşə obyektləri kimi, məktəblər də tikilməlidir. Əks halda, bu, gələcəkdə savadsız insanların sayının artması ilə nəticələnə bilər.

Tikinti-əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirib ki, yeni çoxmərtəbəli binaların yaratdığı əsas problem elə təhsil sahəsində baş verən problemdir.

"Yeni yaşayış kompleksləri salınır, köhnə yaşayış binalarının arasında əhalinin dincəlməsi ücün nəzərdə tutulmuş parklar belə yaşayış binaları ilə əvəzlənir. Hətta bəzi ərazilərdəki keçmiş uşaq bağçaları və digər müəssisələr özəlləşdirilərək sökülür və yerində göydələnlər ucalır. Lakin burada yaşayan sakinlərin sayına uyğun yeni orta məktəblərin inşa edilməsi prosesi çox zəif şəkildə aparılır", - deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, məhz bunun nəticəsidir ki, normalda bir sinifdə 15-20 şagird oxumalıdırsa, indi hər sinifdə 30-40 uşaq təhsil alır: "Nəzərə alaq ki, bir dərs 45 dəqiqədir və onun 20 dəqiqə vaxtını müəllim dərs izah etməyə və geridə qalan zamanı bütün şagirdlərdən dərs soruşmağa ayırmalıdır. Lakin şagirdlərin sayının normadan 2 dəfə artıq olması səbəbindən demək olar ki, sinifin yarısı məktəb proqramından geri qalır. Təbii ki, hər bir valideyn məcbur qalaraq övladının təhsildən geri qalmaması üçün dərsdən sonra əlavə müəllim yanına hazırlığa qoymalı olur".

E.Fərzəliyev hesab edir ki, hər bir bina inşa olunmamışdan əvvəl orada yaşayacaq sakinlərin övladlarının orta məktəb problemi nəzərə alınmalıdır.

Ученик в классе, фото из архива - Sputnik Azərbaycan
Səkkiz məktəbdə şagirdlə müəllim arasında münaqişə olub

"Bu, təhsilin zəifləməsi ilə bərabər, digər problemlərə də yol açır. İnsanlar övladlarının təhsil alması üçün yaşadıqları ərazilərə yaxın yerlərdə məktəb tapmadıqda məcburən kənar ərazilərə üz tutmalı olurlar. Bu isə hər gün şagirdlərin məktəbə gedib-gəldikləri zaman paytaxt yollarında ciddi tıxacların yaranması ilə nəticələnir", - deyə E.Fərzəliyev vurğulayıb.

Mütəxəssis hesab edir ki, ölkədə məktəblərin sayı tələb olunandan xeyli azdır. Bunun nəticəsidir ki, valideynlər çox zaman sinifdə uşaqların sıxlığından şikayətlənir, uşaqları isə bilikləri yaxşı qavraya bilmirlər: "Əvvəllər deyərdilər ki, ucqar dağ kəndlərinin sakinləri daha savadlı olurlar və oradan daha çox alim yetişir. Bunu həmin ərazinin havası və qidası ilə də əlaqələndirirdilər. Lakin bu, əslində belə deyil. Ucqar dağ kəndlərinin sakinlərinin sayı digər ərazilərdəki kənd və qəsəbələrdən daha az olur. Hər sinifdə də təxminən 8-10 nəfər olduğu üçün müəllimlərin də şagirdlərlə işləməyə bolluca zamanı olur. Bu gün paytaxtda məktəblərin yetəri qədər olmadığı göz önündədir".

E.Fərzəliyev iddia edir ki, bu gün paytaxtda ciddi şəkildə yeni orta məktəblərin açılmasına ehtiyac var. Bu həm şagirdlərin təhsil səviyyəsinin yüksəlməsi, həm yüzlərlə müəllimin işlə təmin olunması, həm də paytaxtın qismən tıxaclardan azad olunması deməkdir.

Təhsil eksperti Kamran Əsədovun fikrincə isə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır.

"Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəblərin sayı isə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq yığılır. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, oraya yeni bir müəllim də təyin olunmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəllimi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedaqoji tələb yerinə yetirilməlidir".

Ekspertin fikrincə, bir sinifdə 30-40 şagirdin olması tədrisi zəiflədir.

"Bu baxımdan düşünürəm ki, Azərbaycanın təhsillə bağlı zəngin təcrübəsi var. Ondan istifadə etsinlər.

Bəzən deyirlər ki, hansısa xarici ölkədə də bir sinifdə 30-40 şagird təhsil alır. Bəlkə, həmin sinifdə şagirdlərə sadəcə olaraq ümumi məlumat verirlər. Fənləri dərindən öyrətmək istəmirlər. Bizim öz təcrübəmiz var. Öz təcrübəmizə, elə qanunumuza görə də bir sinifdə 25 nəfər şagird olmalıdır.

Bu da həyata keçirilməlidir. Şagirdlərin sayı artırsa, ikinci, üçüncü sinif yaratmaq lazımdır. Əlavə məktəb binaları tikilməlidir", - deyə K.Əsədov bildirib.

O əlavə edib ki, bu sıxlıq məsələsi Azərbaycan təhsilində şagirdlərin keyfiyyətli biliyə yiyələnməsində müəyyən maneə törədir: "Təhsili idarə edənlər məktəblərdə uşaq sıxlığı probleminə ciddi diqqət yetirməlidirlər. Təhsilin məqsədi gənclərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda bu vərdişlər ötürülmür. Sinifdə sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Uşaqlar bir-biri ilə him-cim oynayırlar və dərsin səviyyəsi sıfıra enir. Məktəblərdə dərs elə təşkil olunmalıdır ki, biliyin ötürülməsi öz maksimum həddinə çatsın. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrətmək olur. Tədqiqatlar göstərir ki, sinifdə şagird sayı 25-dən yuxarı olduqda sinif idarəolunmaz hala gəlib çıxır. Ona görə dövlət tərəfindən tədris üçün çəkilən xərc, müəllimlərin əziyyəti boşuna gedir. Bu vacib bir məsələdir".

Onun sözlərinə görə, günümüzdə sayı 30 nəfərdən artıq olan siniflər çoxluq təşkil edir. Və əksər məktəblərdə paralel siniflər təşkil olunmur. Dərslər bir otaqda 30-35 şagirdə tədris olunur. Xüsusən də ibtidai siniflərdə (I-IV) şagird sıxlığı daha çox yaşanmaqdadır.

Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ömrümüzü bitirən yollar: Hər dəqiqəmiz həyatdan gedir, qiymətini verən yoxdur

"Hazırda Azərbaycanın 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir. Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılması da vacibdir", - ekspert deyib.

Ekspert bildirir ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaratmaq, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır.

Xatırladaq ki, Türkiyədə bir müəllimə düşən şagirdlərin sayı 25, Rusiyada 18, Koreyada 35 nəfərdir. Azərbaycanda isə bu rəqəm 12-dir.

Xəbər lenti
0