09:31 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Pulun sayması, arxiv şəkli

Məcburi şəkildə pul ödəyəcəksiniz, amma bu xərcə sevinməyə dəyər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
717 0 0

"Artıq siyahıda görünəcək ki, işləyən şəxsin sığortası var, ya yoxdur. Bu, imkan verəcək ki, bütün işləyənlər sığortalansın. Sığorta etdirməyənlər üçün isə böyük məbləğdə cərimələr var"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Xidməti müqavilə üzrə işləyən şəxslərin də reyestrinin hazırlanması və İcbari Sığorta Bürosu (İSB) ilə mübadiləsi, əmək müqavilələri əsasında işləyən şəxslər kimi, onların da icbari sığortaya cəlb edilməsi üçün işlər aparılacaq. Nəticədə xidməti müqavilə əsasında işləyən şəxslərin də istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi ilə əhatə olunması təmin ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.

M.Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətini qeyd edib, bu sahədə nazirliklə İSB arasında fəal əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, aidiyyəti məlumatların elektron sistem üzərindən İSB ilə mübadiləsinin həyata keçirildiyini deyib. Nazirlik rəsmisi məşğul şəxslərin reyestri formalaşdıqdan sonra həmin reyestrin də sığorta şirkətləri ilə mübadilə ediləcəyini, bununla da sığorta sistemi ilə əhatə olunan şəxslərin dairəsinin əhəmiyyətli dərəcədə genişlənəcəyini qeyd edib.

Xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi məsələsini Sputnik Azərbaycan-a iqtisadçı Əli Əhmədov şərh edib.

O bildirib ki, bu sığorta növü "istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi" adlanır: "Bu, işçiləri sığortalamaq üçündür. İşdə hər hansı bir bədbəxt hadisə nəticəsində şəxs sağlamlığını və nəticədə iş qabiliyyətini itirə bilər. İşdə hadisə nəticəsində şəxs həyatını da itirə bilər. Bu sığorta həmin şəxsləri qorumaq üçündür və olduqca vacib və faydalıdır. Bu sığorta olan zaman əgər şəxs işdə həyatını itirərsə, onun ailəsinə kompensasiya verilir".

"Əgər şəxs işdə sağlamlığını itirərsə, ailəsinə və özünə aylıq ödənişlər edilir və bu ödəniş həmin şəxslərin maaşına, öhdəsində olan adamların sayına uyğun hesablanır. Yəni şəxsin 18 yaşınadək uşaqları və yaxud pensiyaya çıxan valideynləri varsa, ödəniş ona uyğun hesablanır. Uşaqlar 18 yaşına çatanadək onlara kompensasiya verilir", – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, bu sığorta indiyədək əmək müqavilələri əsasında işləyən şəxslərə aid idi: "Amma bundan sonra xidməti müqavilə üzrə işləyənlər də icbari sığortaya cəlb ediləcək. Xidməti müqavilə əsasında işləyən şəxslər də istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sistemi ilə əhatə olunacaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sığorta şirkətləri arasında müqavilə bağlanıb və bazalarını bir-birilərinə uyğunlaşdırırlar. Nəticədə bilinəcək ki, kim işləyir və onun sığortası yoxdur. Artıq siyahıda görünəcək ki, işləyən şəxsin sığortası var, ya yoxdur. Bu, imkan verəcək ki, bütün işləyənlər sığortalansın. Sığorta etdirməyənlər üçün isə böyük məbləğdə cərimələr var".

Onun sözlərinə görə, işçiləri sığortalamaq baha deyil: "Məsələn, ofisdə işləyənlərin illik sığortası 12-20 manatdır. 500 manat maaş alan satıcının illik sığortası 20-22 manatdır. Bu, kiçik məbləğdir, amma ödəniş olanda böyük ödənişlər olur. Sığorta haqqı xidməti müqavilə ilə işləyən şəxsin maaşından asılıdır. Ölkədə bütün iş yerləri risklərə görə 12 kateqoriyaya bölünüb. Məsələn, ən risksiz işlər ofis işləridir, adətən ofisdə hadisə baş vermir, ən riskli işlər isə atom elektrik stansiyalarındadır, istilik elektrik stansiyalarındadır, tikintidədir və s. Ofis işi jurnalistlərə də aiddir. Bunlar əmsallara və maaşlara görə bölünür. Eyni maaş almalarına baxmayaraq məsələn, tikintidə krançı və yaxud fəhlə işləyənin ödədiyi sığorta haqqı ofisdə işləyənin ödədiyi sığorta haqqından 6-7 dəfə çox olur. Çünki burada hadisənin baş vermə ehtimalı böyükdür. 500 manat maaş alan şəxsin ən bahalı sığortası illik 120-130 manatdır".

İqtisadçı deyib ki, "İcbari sığortalar haqqında" qanun ilə bu məsələlər tənzimlənir: "Bu, icbari sığorta olduğuna görə bunların taarifləri dövlət tərəfindən tənzimlənir, yəni taarifləri dövlət müəyyən edir. İşlərin hansı risk qrupuna aid olduğu məlumdur və işçilər rahat şəkildə sığortalanır".

Professor sığorta bazarındakı vəziyyətdən danışdı: dövlət ciddi tədbirlər görməlidir>>

"Xidməti müqavilə ilə işləyənlər də bədbəxt hadisələr zamanı müdafiəsiz qalmamalıdırlar. Hazırda xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi ilə bağlı müzakirələr aparılır", – deyə o əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, "PAŞA Həyat Sığorta", "Atəşgah Həyat Sığorta", "Qala Həyat Sığorta" və "Xalq Həyat" ASC-lərin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşdə İSB ilə məlumat mübadiləsi prosesində, ümumən əməkdaşlıq müstəvisində qarşıya çıxan məsələlərin həlli ilə bağlı işçi qrupun yaradılmasına dair yekdil fikir ifadə olunub. Ümumilikdə, icbari sığortaya cəlb edilmənin dairəsinin daha da genişləndirilməsi, elektron texnologiyaların tətbiqi şəraitində bu sahədə nəzarət sisteminin təkmilləşdirilməsi, işçilərin icbari sığortaya cəlbinin vacibliyi və əhəmiyyəti barədə işəgötürənlərin ətraflı məlumatlandırılması və s. məsələlər müzakirə olunub.

Əsas mövzular