17:23 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Badamdarda təmir işləri, arxiv şəkli

Döyüş səngərlərinə bənzəyən yollar: Biri qazır, o biri isə...

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
1007 0 0

“Azərsu” və AAYDA arasında mübahisə gedir. Biri qazır, işi o birinin üzərinə atır, o biri isə “mənlik deyil” deyərək, boyun qaçırır 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Paytaxtın bəzi küçələrində yollar qazılır, təmir işləri görülür, lakin çox zaman qazılan ərazi doldurulmur və asfaltlanmır. 

Yollarda qazıntı işləri bir neçə qurum tərəfindən aparılsa da, yer altında təmir və tikinti işləri daha çox “Azərsu” ASC-nin adı ilə bağlıdır. Çox zaman bu işlər su idarəsi tərəfindən həyata keçirildiyindən cəmiyyətdə də belə bir fikir formalaşıb – "Azərsu" gəldi, qazdı, getdi təmir etmədi...

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyir ki, bu irad bir tərəfdən haqlı olsa da, digər tərəfdən haqsızdır. Onun sözlərinə görə, “Azərsu” təmir işləri aparmaq üçün hansısa ərazini mütləq qazmaq məcburiyyətindədir. Qazılan yerlər isə müvafiq müqavilələrə uyğun olaraq AAYDA tərəfindən təmir olunmalıdır.

"Biz, qəza olsa, mütləq oranı qazmalı və təmir işləri aparmalıyıq. Amma "Azərsu" yolu qazdı, təmir etmədi və getdi" demək düzgün yanaşma deyil", – deyə Qorxmaz Hüseynov bildirib.

O qeyd edib ki, "Azərsu" ASC-nin asfalt təsərrüfatı yoxdur. Təmir işlərinin aparılması üçün AAYDA ilə müqavilə bağlanılır: "Biz 2-3 kvadrat metr yol qazırıq. AAYDA-nın da o imkanı yoxdur ki, biz deyən kimi dərhal gəlib ərazini düzəltsin. Ərazinin bərpası üçün bir neçə gün vaxt lazım olur".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə görə, hər hansı bir qurum yolu qazırsa, onu əvvəlki vəziyyətinə qaytarmalıdır.

"Əgər həmin qurumun yolu təmir edərək, əvvəlki vəziyyətinə qaytarmaq imkanları yoxdursa, o zaman həmin qurum AAYDA-ya müraciət edərək, müqavilə bağlaya bilər. Həmin qurum qazıntı işləri, doldurulma işlərini həyata keçirəndən sonra müqavilə əsasında AAYDA asfaltlama işlərini apara bilər", – deyə A.Nəcəfli qeyd edib.

Onun sözlərinə görə, konkret olaraq "Azərsu" ASC-dən söhbət gedirsə, bu idarə hər hansı qazıntı işlərinin aparılması üçün texniki şərt alır və müəyyən işlər görür: "Əgər AAYDA ilə müqaviləsi varsa, qazıb təmir etdikdən sonra doldurur, bizim quruma məlumat verir və ödənişini edir. 

Bundan sonra AAYDA həmin ərazidə asfalt-beton örtüyünü bərpa edir. Yəni bu proses belə həyata keçirilir. Əgər müqavilə yoxdursa, heç bir ödəniş edilməyibsə, o zaman qazıntı işlərini aparan qurum özü təmir işlərini həyata keçirməlidir".

Bu məsələ kiçik problem kimi görünsə də, kifayət qədər ciddidir. Çünki mərkəz istisna olmaqla, paytaxtın bütün rayonlarında tez-tez belə hallarla qarşılaşırıq. Şəhər az qala döyüşdən sonrakı səngərə bənzəyir. Hər gün böyüyən, əhalisinin və nəqliyyat vasitələrinin sayı artan meqapolis üçün isə bu, yolverilməzdir.

Amma görünən odur ki, paytaxtın daha bir müəmması hələ uzun müddət həll olunmamış qalacaq. Görünən odur ki, qurumlar məsuliyyəti bir-birinin üstünə atmaqda davam edəcək. Odur ki, dünən hələ mövcud olmayan növbəti doldurulmamış xəndəyə düşməmək üçün diqqətli olun.

Əsas mövzular