CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç kim xəzinə xilaskarı olmaq istəmir - iyirmi il kim oxuyar?

© Sputnik / Murad OrujovФонд редких книг Президентской библиотеки Азербайджанской Республики
Фонд редких книг Президентской библиотеки Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Əlyazmalarımızın Azərbaycana gətirilməsi üçün xarici ölkələrdəki kitabxanalarda yerində araşdırma aparılmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 noyabr — Sputnik. Bir neçə gün öncə Milli Məclisin iclasında deputat Gövhər Baxşəliyeva xarici ölkələrdə xeyli sayda Azərbaycana məxsus əlyazmaların olduğunu bildirib. Deputat təklif edib ki, dünya kitabxanalarından Azərbaycana aid olan əlyazmalar ölkəmizə gətirilməlidir.

Cəlil Məmmədquluzadənin ev muzeyinin açılışı olub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Mirzə Cəlilin bir əsərini oxumayan Cavanşiri: “Onun belə böyük şəxs olduğunu bilmirdim”

Sputnik Azərbaycan dünyanın müxtəlif ölkələrində saxlanan əlyazmaların Azərbaycana gətirilməsinə mane olan səbəbləri araşdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xarici ölkələrdəki əlyazmaların Azərbaycana gətirilməsi işi davam edir. Sadəcə olaraq, əlyazmaların gətirilməsi sistemli şəkildə aparılmır: "Öncə qeyd edim ki, əlyazmaların gətirilməsi deyəndə bəzən insanlar istila nəticəsində talan olunaraq xaricə aparılan əlyazmalarımızın olduğu kimi geri qaytarıldığını başa düşürlər. Həmin əlyazmalar Azərbaycan xalqının qeyri-maddi mənəvi sərvəti olsa da, hazırda saxlanılan ölkələrdən gətirilməsi mümkün deyil. Biz ancaq həmin ölkələrdən əlyazmaların surətini gətirə bilirik. O ki qaldı əlyazmaların surətinin Azərbaycana gətirilməsi prosesinin sürətləndirilməsinə, biz də bu təklifi alqışlayırıq. Mən indiyədək dünyanın müxtəlif ölkələrindən Azərbaycana xeyli sayda əlyazmanın gətirilməsinə nail olmuşam. Bu prosesin sistemli hal alması üçün ayrıca bir mərkəzin açılmasına ehtiyac var".

P.Kərimov deyir ki, əlyazmaların toplanması üçün ayrıca mərkəz yaranarsa, 21-ci əsrdə xarici ölkələrin kitabxanalarında saxlanılan əlyazmalarımızı toplaya bilərik. Həmsöhbətimiz bildirir ki, hazırda da bəzi ölkələrdən əlyazmalarımızın surətinin Azərbaycana gətirilməsi prosesi davam edir: "Əlyazmaların ölkəmizə gətirilməsi işi dayandırılmayıb. Amma bu prosesin sürətləndirilməsi üçün araşdırmalara ehtiyac var.

Bəzi ölkələrdə kitabxanaların elektron kataloqunda bizə məxsus əlyazmaları tapmaq mümkündür. Amma elə kitabxanalar var ki, onların ya elektron kataloqu yoxdur, yaxud da bizə məxsus əlyazmalar həmin kitabxananın elektron kataloquna salınmayıb. Bəzi kitabxanaların elektron kataloqu isə köhnədir. Bu kimi problemlər olduğundan, əlyazmalarımızın Azərbaycana gətirilməsi üçün xarici ölkələrdəki kitabxanalarda yerində araşdırma aparılmalıdır.

Həmin kitabxanalara gedib orada bizim əlyazmalarımızın saxlanılıb-saxlanılmadığını öyrənmək lazımdır. Buna isə maliyyə vəsaiti lazımdır ki, mütəxəssislərimiz müxtəlif ölkələrin kitabxanalarına getsinlər, bir müddət həmin ölkələrdə qalıb kitabxanalarda araşdırma aparsınlar".

P.Kərimov hazırda bu işi həyata keçirmək üçün mütəxəssislərimizin olduğunu söyləyir: "Başlanğıc mərhələ uçun kadrlarımız var. Amma mərkəz yaradılsa, bu sahə üçün kadr hazırlanmasına ehtiyac duyulacaq. Çünki bu sahədə kadrın yetişməsi 20 il vaxt aparır. Çox təəssüf ki, gənclərimiz bu sahə üzrə mütəxəssis kimi yetişmək istəmirlər. Əlyazma üzrə mütəxəssisin yetişməsi işi də paralel aparılmalıdır ki, sabah bu sahədə kadr çatışmazlığı ilə üzləşməyək".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı sərginin açılışında iştirak edib - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Milli Kitabxanada Nəsimi ilə bağlı sərgi açılıb - FOTO

P.Kərimovun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Misir dövləti bütün əlyazmalarını toplayıb: "Dünyanın elə şərq əlyazma xəzinəsi yoxdur ki, bizim orada əlyazmamız olmasın. Mərkəz yaranarsa, 21-ci əsrdə biz onları yığıb toplaya bilərik".

İnstitut direktorunun sözlərinə görə, əlyazmalarımız əsasən İran, Türkiyə, Hindistan, Pakistan kimi ölkələrdə, Avropada, Fransa Milli Kitabxanasında, Böyük Britaniya Muzeyində, Berlin Dövlət Kitabxanasındadır: "Son dövrlərdə bizə məlum oldu ki, Şərqi Avropa ölkələrində, ABŞ-da da bizim əlyazmalarımız saxlanılır. Mütəmadi olaraq həmin əlyazmaların surətləri Azərbaycana gətirilir. Demək olar ki, əlyazmalar bütün dövrləri əhatə edir. Nizami Gəncəvi, Nəsirəddin Tusidən başlayaraq son dövrlərə aid müxtəlif əlyazmalarımız ölkəyə gətirilib. Sovet dövründə əlyazmalarımızın gətirilməsi çox çətin idi. Bunun üçün Moskvadan icazə almaq tələb olunurdu. İndi isə belə maneə qalmayıb. İndi də bu işin maliyyə tərəfi var. Mən Kaliforniyadan dəyərli yazarımızın əlyazmasını gətirmişəm. Bu, Zövqi adında Azərbaycan şairidir. Onun 17-ci əsrdə yazılmış divanı, Nəsimiyə həsr olunmuş nəzirəsi var. Bir sıra əlyazmalarımız var ki, onların ölkəmizə gətirilməsi üzərində iş aparılır".

Xəbər lenti
0