CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siz sayını artırmaqda olun, ruzisini də hökumətdən tələb edin

© pixabay / rauschenberger / familyСемья, фото из архива
Семья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çoxuşaqlı ailə statusuna malik ailələrdə doğulan uşaqların sayı 9 min 132-dir. 2327 valideyn isə çoxuşaqlı valideyn sayılır və onlara aylıq müavinət verilir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Milli Məclisdə çoxuşaqlı ailələrə verilən müavinətin artırılması, güzəştlərin tətbiq olunması təklif edilib. Bu barədə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsi şərtləri çoxuşaqlı ailələrə də şamil olunsun. Deputat həmçinin çoxuşaqlı, sosial təminatı zəif olan ailələrin uşaqlarının asudə vaxtının keçirilməsi üçün düşərgələrin salınmasını da təklif edib.

Sputnik Azərbaycan hazırda çoxuşaqlı ailələr üçün hansı imtiyazların olduğunu, hansı güzəştlərin tətbiq edildiyini araşdırıb.

Uşaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çoxuşaqlı ailələrlə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq Əlaqələr, kommunikasiya sektorunun müdiri Sevinc Quluzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu günə olan məlumata görə, çoxuşaqlı ailə statusuna malik ailələrdə doğulan uşaqların sayı 9 min 132-dir. 2327 valideyn isə çoxuşaqlı valideyn sayılır və onlara aylıq müavinət verilir. DSMF sözçüsü bildirir ki, "Sosial müavinətlər haqqında" qanuna əsasən, beşdən çox uşağı olan qadınlara müavinət, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir: "Uşaqların sayı beşdən çox olduqda, altıncı uşaq bir yaşına çatdıqda, ailədəki bütün uşaqların hər birinə ayda 55 manat müavinət verilir. Bu müavinət beşdən çox uşağı olan qadınlara uşağın 18 yaşı tamam olan ayın sonunadək verilir. Bundan başqa 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət almaq hüququ verilir. Prezidentin sərəncamı ilə beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata çatdırılıb".

S. Quluzadə hazırda 5-dən çox uşağı olan ailələr üçün yeni stimullaşdırıcı tədbirlərin müzakirə mərhələsində olmadığını söyləyib.

Milli Məclisdə çoxuşaqlı ailələrə güzəştli ipotekanın verilməsi təklifi isə belə ailələrin ürəyincədir. Sputnik Azərbaycan-a danışan çoxuşaqlı ailə başçısı Arzu Əliyeva bildirib ki, hazırda kirayədə yaşayır: "Mən Nizami rayon sakiniyəm. Həyat yoldaşımdan ayrıldığım üçün 6 uşağı tək böyüdürəm. Uşaqların atası xəstə olduğundan, aliment də ala bilmirəm. Hazırda 6 uşağa görə ayda 330 manat müavinət alıram. Bir də dövlətimiz sağ olsun ki, ayda 390 manat sosial yardım verir. Bu müavinətlər olmasa mən kirayədə 6 uşağı böyüdə bilmərəm. Ayda 150 maat kirayə haqqı verirəm. 6 uşaqla bir otaqda yaşayıram. Buna yaşamaq demək olarsa... Maddi imkanımız çatmadığından, ucuz ev tutmuşuq. Ona görə də, otaqlar nəm və kif qoxuyur. Bizim kimi ailələrə güzəştli ipoteka verilsə əlbəttə ki, şad olarıq. Bu gün mənim ən böyük problemim ev problemidir. Güzəştli mənzillərdən də ev ala bilmirik. Heç olmasa aşağı faizlə ipoteka ilə ev versələr bu uşaqların da nəmişlikdə yaşamaqdan canları qurtarar. Gələcəyimiz üçün sağlam vətəndaş yetişdirərik".

© © Courtesy of Arzu Aliyeva Arzu Əliyeva beş övladı ilə
Siz sayını artırmaqda olun, ruzisini də hökumətdən tələb edin - Sputnik Azərbaycan
Arzu Əliyeva beş övladı ilə

Hazırda işsiz olan A. Əliyeva bildirir ki, övladlarının böyüyü 12, kiçiyi isə 2 yaşındadır. O, dörd övladının məktəbli olduğunu, onlara sosial yardım və müavinət almaqla təhsil verməyin çətin olduğunu söyləyir: "Sovet dövründə çoxuşaqlı ailələrə dövlət tərəfindən güzəştlər vardı. Belə ailələrə növbədənkənar mənzil verilirdi. Avtomobil hədiyyə edilirdi. Çox təəssüf ki, indi bizim kreditlə belə ev almaq şansımız yoxdur. Gənc ailələr də bizim kimi çoxuşaqlı ailələrin çətin vəziyyətdə yaşadığını görüb bir və iki uşaqla kifayətlənir".

Qeyd edək ki, sovet dövründə dövlət əhalinin artımına nail olmaq üçün çoxuşaqlı ailələrə güzəştlər edirdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sovetlər dövründə çoxuşaqlı ailələrə avtomobil, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilirdi: " Analar "Qəhrəman ana" adı ilə xüsusi döş nişanları ilə də təltif edilirdilər. Həmin analar vaxtından əvvəl təqaüdə çıxırdılar və sair".

Центр Баку - Sputnik Azərbaycan
Əhalimizin sayı azalır - Günahkar isə olmayan üçüncüdür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Babək Hüseynov isə Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda çoxuşaqlı ailələrə elə bir güzəşt olmayıb: "Sovet dövründə yalnız "Qəhrəman ana" statusu vardı. O da 10-dan çox uşağı olanlara şamil edilirdi. 2006-cı ilə qədər isə Azərbaycanda uşaqlara uşaq pulu verilirdi. Uşaq pulu özünü doğrultmadığından, bu ləğv olunaraq əvəzinə aztəminatlı ailələrin ünvanlı sosial yardımla təmin olunmasının həyata keçirilməsinə başlandı. Hazırda "Sosial müavinətlər haqqında" qanuna görə, beşdən çox uşağı olan qadınlara müavinət verilir".

Məlumat üçün bildirək ki, son illər çoxuşaqlı ailələrin sayında ciddi azalma müşahidə olunur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycanda 1999-cu ilin əhalinin siyahıya alınması zamanı 4 və daha çox uşaqlı ailələrin sayı isə 213 900 (16,7%) olub. 2009-cu ildə əhalinin siyahıya alınması zamanı 4 və daha çox uşaqlı ailələrin sayı 126 700 (9,7%) təşkil edib. Müqayisəli təhlil də göstərir ki, Azərbayanda 4 və daha çox uşağı olan ailələrin sayında azalma müşahidə olunur.

Xəbər lenti
0