CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "meşə insanları" gün üzünə çıxmaq istəyirlər - FOTO

© Sputnik / Musa MuradliAğdamın Şıxlar kənd sakini, məcburi köçkün Qədir hüseyinov
Ağdamın Şıxlar kənd sakini, məcburi köçkün Qədir hüseyinov - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdənin Lək meşəsində yüzədək ailə yaşayır. Evləri çiy kərpicdən, qamışdandır. Hər evdə ən azı bir revmatizm xəstəsi var

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Ağdamın Şıxlar kəndi işğala məruz qalan gündən məcbur olub isti yuvalarından didərgin düşmüş yüzə qədər ailə Bərdənin Lək meşə massivində məskunlaşmalı olub. Çiy kərpicdən özlərinə daxmalar tikib, qarğı, qamışla üstünü örtüblər. O gündən bu günə qədər də burada yaşayırlar. Dünyadan köçənləri bu ünvandan yola salıblar, azyaşlılar böyüyüb, burada ailə həyatı qurub, yeni doğulanlar məktəb məzunu olaraq, ali təhsil almaq üçün paytaxta, başqa şəhərlərə yola düşüblər.

Sputnik Azərbaycan Lək meşəsində yaşayan köçkünlərin həyat şəraiti, dolanışıqları ilə maraqlanıb.

Qədir Hüseynov 93-cü ildə Ağdam işğal olunarkən hərbi xidmətdəymiş. Həmin il atası ailəsini götürüb Ağdam rayonundan çıxarkən həmkəndliləri ilə Lək meşəsində məskunlaşıblar. 1997-ci ildə hərbi xidmətdən tərxis olunan Q.Hüseynov Şıxlar kəndindəki doğma evinə deyil, çiy kərpicdən tikilmiş köçkün daxmasına gəlib. Ata-anasını bu ünvandan son mənzilə yola salıb. Bu balaca komaya gəlin gətirən Q.Hüseynovun indi iki qızı Azərbaycan Pedaqoji Universtitetinin tələbəsidir. Oğlu Əli isə 4-cü sinifdə oxuyur.

© Sputnik / Musa MuradliAğdamın Şıxlar kənd sakini, məcburi köçkün Qədir Hüseynovun evi
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Ağdamın Şıxlar kənd sakini, məcburi köçkün Qədir Hüseynovun evi

İki tələbə, bir şagirdin ehtiyaclarını qarşılamaq isə bəllidir ki, elə də asan deyil. Bunun üçün Qədir Hüseynov bir müddət usta yanında fəhlə, bacarıqlarını təkmilləşdirəndən sonra isə hörgü ustası kimi işləməyə başlayıb. Ana isə yayda pambıq becərməyə gedir, məhsul vaxtı pambıq toplayır. Zəhmətkeş köçkün ailəsinin ən böyük arzusu, heç şübhəsiz ki, övladlarının xoşbəxt və firavan həyatına dəstək olmaqdır. Ancaq bədbəxt hadisələrdən hər kəs kimi onlar da sığortalanmayıblar.

"Tələbə qızlarıma baş çəkmək üçün Bakıya getmişdim. Həyat yoldaşım da pambıq yığımındaymış. Belə olanda evimiz 4-cü sinifdə oxuyan oğlum Əlinin ümidinə qalır. Əli televizoru açmaq istəyəndə dəhlizdə səs eşidib. Yaxşı ki, səsə laqeyd qalmayıb. Görüb ki, köhnəlmiş naqildə qısaqapanma baş verib. Qığılcımları daxmanın üzərinə tavan əvəzi döşənmiş qarğı-qamışa od salıb. Əlinin harayına çatan qonşular yanğının yayılmasının qarşısını alıblar", - deyə Q.Hüseynov bildirib.

Qədir balaca daxmanın tikintisində çiy kərpicdən, meşədən qırılmış ağaclardan, qarğı-qamışdan istifadə edib. Dəhlizin üstünə döşənmiş ağaclar çürüyüb, sınıb. Onları dəyişmək üçün Qədirin yardıma ehtiyacı var. 10 ağacdan 6-nı qonşu öhdəsinə götürsə də, qalan 4-nü əldə etmək üçün ailə başçısı götür-qoy edir: "Əlimdə-ovcumda olanları uşaqların yanına - Bakıya gedəndə xərclədim. Görüm indi neyləyirəm".

© Sputnik / Musa MuradliQədir balaca daxmanın tikintisində çiy kərpicdən, meşədən qırılmış ağaclardan, qarğı-qamışdan istifadə edib
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Qədir balaca daxmanın tikintisində çiy kərpicdən, meşədən qırılmış ağaclardan, qarğı-qamışdan istifadə edib

Q.Hüseynov bildirib ki, "Qaçqınkom"un Bərdə nümayəndəliyi məcburi köçkünlər üçün inşa olunacaq yeni binalarda onların da evlə təmin olunacağına söz verib. Ancaq sonuncu istifadəyə verilən binalardan sonra ev tikintisi dayandığından gözləmədə qalıblar. Günü-gündən isə yaşadıqları evlərin qəzalı vəziyyəti daha da ağırlaşır.

Dörd ağacın fikrini eləyən Q.Hüseynovun yardım üçün nə "Qaçqınkom"un Bərdə nümayəndəliyinə, nə Bərdə rayon İcra Hakimiyyətinə, nə də Ağdam rayon İcra Hakimiyyətinə müraciət etmək fikri var. Deyir ki, hədər yerə vaxtım gedəcək, vaxt itirincə iş görərəm.

"Bir neçə il əvvəl istifadə etdiyimiz yola gətirib çınqıl-şeben tökdülər. Uzunboy bir adam Bərdə rayon İcra Hakimiyyətinin başçısı ilə gəlmişdi ki, Əli Həsənov biz köçkünlərlə görüşə gələcək. Əvvəlcədən guya bizim şəraitimizlə tanış olmaq istəyirlər. Üç adamın evini göstərdim - Qədirin, Kərimin, bir də Bilalın. Evlərə girən qonağımız düz qamətilə daxil ola bilmədi. Məcbur olub, əyildi. Özü də razılaşdı ki, burada yaşamaq üçün normal şərait yoxur", - deyə Lək meşəsində məskunlaşmış Ağdam rayon Şıxlar kənd sakini Allahyar Rəhimov bildirib.

© Sputnik / Musa MuradliQədir Hüseynovun evinin üstündəki sınan ağac
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Qədir Hüseynovun evinin üstündəki sınan ağac

Burada məskunlaşmış məcburi köçkünlərlə söhbət zamanı məlum olur ki, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri onlarla görüşə gəlməyib. Başqa yerdə daha yaxşı şəraitdə yaşayan köçkünlərlə görüşüb.

"Bizimlə heç kim maraqlanmır. Nə "Qaçqınkom", nə Bərdə, nə də Ağdam rayon İcra Hakimiyyətindən nümayəndələr bir dəfə də olsun bizə baş çəkməyiblər. İşğaldan sonra Ağdam rayonunda beş başçı dəyişib. Heç biri də bizim yaşadığımız yerə gəlməyib. Deputat seçmişik, o da bizi yada salmayıb. Hansı ki, məntəqə seçki komissiyası bizim ərazidə təşkil olunub", - deyə A.Rəhimov rəsmilərin münasibətindən gileylənib.

Lək meşə massivində məskunlaşmış köçkünlərin ən çox qorxduğu yağışlardır. Torpaq evlər üçün onda daha çox təhlükə yaranır.

© Sputnik / Musa MuradliAğdamın Şıxlar kənd sakini Qədir Hüseynovun evi
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Ağdamın Şıxlar kənd sakini Qədir Hüseynovun evi

"Güclü yağış olsa, evlərin çoxu çökəcək. Mənim evimdə artıq çökmə gedir. Qarşısını almaq üçün içəridən dirək qoymuşam. Baxıb, görə bilərsiniz, evin divarında çatlar yaranıb. Üstündən suvamışam. Evlərin hamısında belədir", - deyə Rizvan Bəylərov bildirib.

Məcburi köçkünlər məişət problemlərinin həlli üçün "Qaçqınkom"a müraciət etdiklərini, uzun çək-çevirdən sonra "yox" cavabı aldıqlarını bildiriblər. Bu səbəbdən də evləri uçub, başlarına düşsə də, heç kimə və heç hara müraciət etmirlər. Köçkün Rizvan Bəylərov başına gələn hadisəni nəql edir:

"İşıq gücləndirən cihazın alışması səbəbilə evdəki elektrik avadanlıqları yanıb sıradan çıxdı. Yataq əşyaları, yorğan-döşək, evin, demək olar ki, yarısı yandı. "Qaçqınkom"un Bərdə nümayəndəliyinə dedim. Gəldi, baxdı. Dedi ki, bizdə büdcə olmadığına görə köməklik edə bilmirik. Bakıya yazaq, görək, nə deyirlər. Bakıdan gələn bizə dedi ki, belə yanan əşyalara görə yardım göstərilmir. Ev yansa, bəlkə də, nə isə eləmək olardı. Bu münasibətdən sonra nə olsa da, dərdimizi heç kimə demirik".
© Sputnik / Musa MuradliAğdamın Şıxlar kənd sakini Qədir Hüseynovun evi
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Ağdamın Şıxlar kənd sakini Qədir Hüseynovun evi

Ələmşah Allahyarov da çətin durumda olduğunu, 5 nəfərlik ailənin bir otaqda yaşadığını, orada süfrəyə oturduqlarını, həm də yatdıqlarını danışıb: "İki qızım, bir oğlum var. Artıq övladlarım böyüyüblər. Paltarla yatıb-dururuq. Evin döşəməsi DSP materialındandır, artıq qırıq-qırıqdır. Qızımın ayağı yaxınlarda döşəmənin qırılan yerinə düşüb əzildi. Qırıla da bilərdi. Yaşayışımız dözülməzdir. Əlil olduğuma görə işləyə də bilmirəm. Əlimin biri yoxdur. Bu evi əlil təqaüdü ilə saxlayıram. Prezidentimiz icra başçıları qarşısında yeni tələblər qoyub. Vətəndaşların qayğısına qalmağı tapşırıb, biz də nə vaxt bizi yada salacaqlarını gözləyirik".

Lək meşəsindəki məcburi köçkünlərin məşğuliyyətindən danışan həmsöhbətlərimiz bildiriblər ki, kişilər fəhləlik edirlər. Bəziləri 3-5 qoyun saxlayırlar. Qadınlar isə tarlalarda gündəlik 10 manata, ancaq günəş şüaları altında olduqca ağır işlərə getməklə ailənin dolanışığına dəstək olmağa çalışırlar.

© Sputnik / Musa MuradliKənd sakini Ələmşah Allahyarovun beş ailə üzvü ilə yaşadığı otaq
Azərbaycanda meşə insanları gün üzünə çıxmaq istəyirlər - FOTO - Sputnik Azərbaycan
Kənd sakini Ələmşah Allahyarovun beş ailə üzvü ilə yaşadığı otaq

Məcburi köçkünlər illər uzunu yaşadıqları dözülməz şəraitə görə sağlamlıqlarını itirdiklərini bildirirlər. Revmatizm xəstəliyindən hər evdə əziyyət çəkənin olduğu məlum olub. Buna da səbəb qış aylarında normal istiliyin olmamasıdır. Köçkün daxmalarına yaxın kənd evlərində qaz yansa da, ağdamlı sakinlərə mavi yanacaqdan istifadə etmək üçün şərait yaradılmayıb.

İndi qışın gəlişi yanacaq ehtiyatlarının toplanmasını labüd etsə də, onların buna hazırlığı o qədər də ürəkaçan deyil. Qədir Hüseynovun həyətində görünən qış ehtiyatı bir araba odundan ibarətdir ki, onu da qaynı gətirib. İmkanların məhdudluğu və qayğıların çoxluğu qışın qarşısında ağdamlı köçkünləri qorxuya salıb. Meşədə yaşasalar da, ağac ehtiyatlarından istifadə üçün pul tələb edilir, o imkan olmadığından, görünür, qışla mübarizə də çətin keçəcək.

Xəbər lenti
0