CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respublika radiosunu kəsib bizi bağlayırdılar, indi deyirlər, ver vəsiqəni, işlədək

Abunə olmaq
"Vəzifədə olanların çoxu sonradan öz kreslolarından ayrılmamaq üçün mənə yalvarırdılar ki, sənə nə istəsən, verək, bircə bu çıxışlar efirə getməsin"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Diqqət, diqqət! Danışır Balakən! Yerli radionun yayımına başlayırıq!" Sputnik Azərbaycan bildirir ki, düz 49 il əvvəl Balakən sakinləri bu sözü Zümrüd Dibirovadan eşitdilər.

Balakən rayonunun radio qovşağının verilişlərinin baş redaktoru, eyni zamanda radionun diktoru, Azərbaycan Jurnalistlər İttifaqının üzvü olan Z.Dibirova ilə o illərə qiyabi səyahət etdik: "Balakən yerli radiosunun 44 il əməkdaşı olmuşam. 1970-ci ildə həmin radioda diktor kimi başladım. 1975-dən 2014-cü ilin dekabrına qədər orada redaktor işlədim. Bundan başqa, 25 il Respublika radiosunda bölgə müxbiri oldum. Radio mənim həyatımdır. Evimizdə bir neçə radio var. İndinin özündə də qulaq asıram. Müasir studiyalara gedirəm, baxıram, həvəslənirəm. Öz-özümə deyirəm ki, kaş yenidən doğulaydım, yenidən radioda işləyərdim. Bizim dövrümüzdə bu qədər mükəmməl deyildi. İndi hər şey çox asan və keyfiyyətlidir".

Üzünüzü Görək! Ancaq səsini eşitdiyimiz aparıcılar radionun problemlərini açıqladı  - Sputnik Azərbaycan
VİDEO
Üzünüzü Görək! Ancaq səsini eşitdiyimiz aparıcılar radionun problemlərini açıqladı

Zümrüd xanım ilk efiri və ilk müsahibini yada salır: "1967-ci ildə məktəbi, 1969-cu ildə texnikumu bitirdim. 1970-ci ildə ilk dəfə radioda diktor kimi işləməyə başlayanda veriliş hazırladım. Universitetin filologiya fakültəsində oxuyanda  məni işə dəvət elədilər. "Diqqət, danışır Balakən radiosu" cümləsi ilə efirimizə başlayırdıq. İlk müsahibim Həlimət Qarayeva olub. Əməkdar müəllim idi, bizə kimya dərsi deyirdi".

Zümrüd xanımın nəvəsi Fatimə də nənəsinin yolunu davam etdirir: "Nəvəm jurnalistika fakültəsinə daxil olub. O, televiziya aparıcısı olmaq istəyir. Kiçik nəvəm Səadət də diktorluq həvəsindədir. O qədər jurnalistikadan danışmışam, onlarda bu sənətə qarşı sevgi yaranıb".

"Məni radionun fanatı adlandırırlar. Uşaq vaxtından radio həvəskarı olmuşam. Natəvan Hacıyevaya, Ofeliya Sənaniyə qulaq asırdım. Anama deyirdim, "can ana, bütün işlərimi bitirdim, icazə ver, radioya qulaq asım". Uşaq verilişləri olurdu o zamanlar. 1960-cı ildə isə televizor aldıq. Kənddə ilk televizor bizdə olub. "Sehrli qutu" adlandırırdıq onu. Çox böyük sevgim var idi hər ikisinə. Amma radio məni daha çox cəlb elədi", - deyə Dibirova əlavə edir.

© Sputnik / Shahperi AbbasovaÖmrünü radioya həsr edən qadın - Zümrüd Dibirova
Respublika radiosunu kəsib bizi bağlayırdılar, indi deyirlər, ver vəsiqəni, işlədək - Sputnik Azərbaycan
Ömrünü radioya həsr edən qadın - Zümrüd Dibirova

Zümrüd xanım müasir radio verilişlərinə iradını bildirir: "Radioya qulaq asan insan oradan nəsə götürməlidir. Müasir radiomuz isə sırf şouya köklənib. Həddən ziyadə musiqi verirlər. Əlbəttə, musiqi də olmalıdır, amma həddində. Təbii ki, yaxşı radio jurnalistlərimiz də var. Müasir dillə desək, diceylər. Maarifləndirmək ən ümdə məsələdir. Lakin bizim müasir diceylərimiz üstünlüyü ancaq şouya verdiklərindən, bir neçə dəqiqədən sonra dalğanı dəyişmək istəyirsən".

"Bizim dövrümüzdə 15 dəqiqəlik verilişin 10 dəqiqəsi ayrılırdı təsərrüfat xəbərlərinə. Raykomun 3-cü katibi baxmamış biz efirə çıxmazdıq. Mədəniyyət xəbərləri, məktəb rubrikası da yer alırdı. Həftədə 3 dəfə efirə çıxırdıq. 15 dəqiqəlik Respublika radiosunu kəsirdilər, bizi bağlayırdılar. Bütün rayonların yerli radiosu var idi", - Dibirova xatırlayır.

Zümrüd xanım radio adlı sehrli aləmdə bütün problemlərini unutduğunu söyləyir: "O vaxt məktəbin radio qovşağında danışırdım, məndə həvəs oradan başladı. Sonradan pioner baş dəstə rəhbəri olanda tez-tez radio qovşağında verilişlər təşkil edib uşaqları efirə çıxarırdım, onları danışdırırdım. Radioda hər şeyi unuduram, problemlərimi, dərdimi-sərimi..."

Araz FM-in aparıcısı Aygün Akif - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Aygün Akif: "Pultun üstündəki düymələri az qalırdı ki, çıxardım yeyim"

Müsahibimiz Azərbaycan televiziya və radio tarixində xüsusi imzası olan bir çox diktorların müəllimi olub: "Aybəniz Məmmədəliyeva, Nailə İslamzadə mənim şagirdim olublar. Aybəniz xanım deyir ki, "Zümrüd xanım olmasaydı, bəlkə də, mən radioya gəlməzdim".  Respublika radiosunda rəhmətlik Mailə Muradxanlı, Fəridə Aslanbəyova, Qaçay Köçərli, Fatma Cabbarlı, Valid Sənani ilə çiyin-çiyinə çalışmışam".

Həmsöhbətimiz "sarı mətbuat" və saxta vəsiqə ilə insanları şantaj edən "jurnalist"lərdən gileylidir: "Baxırsan, heç bir təhsili yoxdur, əlində vəsiqə var. Adı it dəftərində də olmayan hansısa bir qəzetin təmsilçisi düşür kəndlərin canına. Vəsiqəni göstərib pul dilənir. Qurunun oduna yaş da yanır. Elələrinin ucbatından bu gün dəyərli jurnalistlərimizə olan inam azalıb. Hələ elə adamlar var ki, mənə təklif edirlər ki, "ver vəsiqəni, biz işlədək".

Qəhrəmanımız söyləyir ki, təmənna ilə yazı hazırlamaq ənənəsi sovet dövründə də olub: "O dövrdə də təmənna güdürdülər, sifarişli yazılar yazırdılar. Onda daha çox idi. Kolxozlara, məktəblərə, klublara gedib oradan pul istəyirdilər. O dövrün məmurları da öz səhvlərini ört-basdır etmək üçün müxbirə pul verirdilər. İndiki insanlar o dövrünkülərə nisbətən daha ayıq-sayıqdırlar. İndi internet var, sosial media var. Amma buna baxmayaraq bu işlə məşğul olub, sənətini qəpik-quruşa qurban verənlər də var".

© Sputnik / Shahperi AbbasovaZümrüd Dibirovanın radio aparatı
Respublika radiosunu kəsib bizi bağlayırdılar, indi deyirlər, ver vəsiqəni, işlədək - Sputnik Azərbaycan
Zümrüd Dibirovanın radio aparatı

Peşəsini hər şeydən üstün tutan müsahibimizə də zamanında böyük miqdarda pullar təklif olunub. Lakin sənətə olan sevgisini puldan üstün tutan xanım imtina edib: "1986-cı il idi. O vaxt bir erməni uşaq geyimləri mağazası açmışdı. Xarici mallar gələn vaxtı üstündə böyük miqdarda pul götürmüşdü. Mən də onu işlədiyim qəzetdə və radioda ifşa etmişdim. Bu yazının çıxarılması üçün mənə böyük miqdarda pul təklif elədi, yanıma mötəbər insanları göndərdi. Dedim, olmaz. Mən sözümdən dönmərəm".

20 Yanvar hadisəsindən sonra insanların böyük bir hissəsi Kommunist partiyasından imtina edib, öz partbiletlərini yandırmışdı. Z.Dibirova deyir ki, bəziləri sonradan peşman olub, ondan həmin lentləri silməyi xahiş ediblər:

"20 Yanvar hadisələri baş verəndə çoxları Kommunist partiyasından çıxmışdı, bəzi məmurlar da dövlət əleyhinə çıxışlar edirdilər. Əksəriyyəti partbiletlərini cırmışdı. Mən də həmin vaxtlarda çəkiliş etmişdim. Vəzifədə olanların çoxu sonradan öz kreslolarından ayrılmamaq üçün mənə yalvarırdılar ki, "sənə nə istəsən, verək, bircə bu çıxışlar efirə getməsin". Qızıl, pul təklif edirdilər, dedim "xeyr, artıq çəkilib". Vəzifə eşqi Vətən sevgisindən üstün olanlar Kommunist partiyasından çıxdıqlarına görə peşman idilər".

"Hər bir güclü qadının arxasında güclü kişi dayanır" deyirlər. Bu baxımdan xanım Dibirovanın bəxti gətirib. Ömür-gün yoldaşı Ömər bəy onun hər addımında yanında olub, dəstəyini əsirgəməyib: "Mən universitetin 3-cü kursunda oxuyanda ailə qurdum. Yoldaşım mənə söz verdi ki, sənin təhsilin yarımçıq qalmayacaq. Sözünün üstündə durdu. Onu bircə məsələyə görə bağışlaya bilmirəm: 1976-cı ildə mən Respublika Radiosunun müxbiri olanda rəhmətlik Tahir Paşazadə diksiyamı bəyəndiyinə və ədəbi dili mükəmməl bildiyimə görə məni paytaxta dəvət elədi. Yoldaşım razı olmadı. Mən müsabiqədə iştirak etmişdim, Rafiq Hüseynov komissiyanın sədri idi. O vaxt Əhməd Cəmilin "Qaçqınlar" şeirini söylədim, münsiflər heyətində olanların gözləri doldu. Sanki ürəyimizə dammışdı ki, bir müddətdən sonra xalqımızın böyük bir hissəsi qaçqınlıq həyatı yaşayacaq..."

Ömrünü jurnalistikaya həsr etmiş qadın gənc həmkarlarına tövsiyə verməyi də unutmur: "Obyektiv olsunlar. Doğrudur, işin xatirinə nəyisə yazmaq məcburiyyətində qalırsan. Bu, məndə də olub. Amma maksimum obyektivliyi qorusunlar. Obyektiv olsunlar ki, sonradan utanc hissi keçirməsinlər. Və ən əsası, daim mütaliə etsinlər. Jurnalist hərtərəfli olsa, bu onun və işlədiyi mətbu orqanın adını yüksəklərə qaldıracaq".

Xəbər lenti
0