01:05 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Zəfəran, arxiv şəkli

Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?

© AP Photo / Ebrahim Noroozi
CƏMİYYƏT
Qısa URL
166440

Azərbaycan zəfəranına tərif yağdıran, onun keyfiyyətini və xüsusiyyətlərini tərifləyən ekspertlərin fikirləri reallığı əks etdirmir. Fikirlərimiz elə daxili bazar üçündür, özümüz deyib, özümüz də eşidirik

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanda zəfəran yığımı başlanıb. Bir vaxtlar “qızıl” qiymətinə Avropa və Rusiya bazarlarına daşınan bu əvəzsiz ədviyyənin istehsalı ölkədə çox aşağıdır. Yığımla bağlı heç əməlli-başlı statistika da yoxdur. Təxminən bir-iki dəfə televiziya ekranından illik 100 kq quru məhsulun yığıldığı barədə məlumat səsləndirilib. Şübhəsiz, bu da dəqiq deyil. Gərək məhsul yığıla, qablaşdırıla, yerli və ya dünya bazarına çıxarıla ki, miqdarı bilinsin.

Zəfərandan dəmlənən çay insanı yüksək tonusda saxlayır

Zəfəranı elə şəxsi təsərrüfatlarda ayrı-ayrı fərdlər yetişdirir, özü də az sayda. 100 kq quru zəfəran kiməsə çox görünə bilər. Amma müqayisə üçün deyək ki, bir əsr öncə bundan 20 qat artıq məhsul yetişdirilib. Əgər daha uzaq tarixə üz tutsaq, bəzi mənbələr ildə bir pud, yəni 16 ton quru məhsulun istehsalından xəbər verir.

Özü də zəfəran heç vaxt ucuz qiymətə olmayıb, hətta ən bol məhsul olan illərdə belə bu ədviyyənin baha olması qaçılmazdır. Zəfəran yığımında bir çox işlər hələ də avtomatlaşdırılmayıb, əllə görülür. Əgər əkini texnikanın köməyi ilə reallaşdırmaq olsa belə, çiçəyinin yığılması yalnız insan amilinə bağlıdır.

Zəfəran adətən mülayim subtropik iqlim şəraitində yetişdirilən, elmi adı “Crocus sativus” adlanan bitkiyə deyilir. Bu bitki qədim zamanlardan Abşeron yarımadasında yetişdirilir. Azərbaycan mətbəxinin plov, bozbaş, piti kimi yeməklərində, paxlava, şəkərbura, badambura və bir sıra başqa şirniyyatlarında istifadə edilir.

Ora dərdlə gələnlər şəfa tapıb gedirlər – On iki xəstəliyin dərmanı olan bulaq>>

Zəfəran həyat tonusunu yüksəldən bir afrodiziak sayıla bilər. Ürək, qara ciyər, mədə-bağırsaq sisteminin işini tənzimləyir. Xərçəng xəstəliyinin profilaktikası üçün yararlıdır. Beyində serotoninin səviyyəsini yüksəldir. Zəfərandan dəmlənən çay insanı yüksək tonusda saxlayır, kəskin, ən bahalı ətirləri xatırladan qoxusu isə baş ağrısını aparır və yüksək əhval yaradır. Zəfəranla bağlı uzun illərdir elmi laboratoriyalarda tədqiqat işləri aparılır. Müxtəlif preparatların tərkibinə əlavə edilir. Zəfəran dediyimiz ədviyyə bu bitkinin çiçəyindən alınan 3 tünd qırmızı rəngli dişicikdən alınır. Amma hazırda zəfəranın qalan çiçəyindən və hətta soğanağından belə müxtəlif dərman vasitələri hazırlanır.

Sovxozun elmi laboratoriyası, qurutma qurğuları, ixtisaslı kadrları itirilib

Hansı bucaqdan baxsan, xeyirli bitkidir. Amma bu ədviyyə ölkədə öz mövqeyini itirib. Neft dövrünə qədər tonlarla zəfəran yığırdıq, məhsuldarlıq orta hesabla hər hektara 10-11 kq quru məhsul edirdi. Sonra neft çıxarmağa başladıq, Bakı bir şəhər olaraq dayanmadan böyüdü, zəfəran əkilən ərazilər tutuldu. Məhsuldarlıq 1-1,5 tona düşdü. Daha sonra sovet hakimiyyəti quruldu, neft hasilatı bir az da artdı. İstehsal azaldı.

Amma 1927-ci ildə Bilgəh kəndi və ona yaxın ərazilərdə “Zəfəran” sovxozu yaradıldı. Hələ II Dünya Müharibəsi dövründə sovxozun ərazisi təxminən 450 hektar idi, yarım tona qədər məhsul alınırdı.

SSRİ dağılanda artıq ərazi təxminən 130 hektara qədər azalmışdı. Cəmi 150 kq quru məhsul istehsal edilirdi. Amma sovxoz təkcə zəfərançılıq yox, maldarlıq, gülçülük kimi istiqamətləri də inkişaf etdirirdi. Bu sovxozun tam dağılması 1990-cı illərin ortalarına təsadüf etdi. Torpaqlar əsasən insanlara paylanıb, ya da satılıb. Boş ərazi demək olar yoxdur. Sovxozun elmi laboratoriyası, qurutma qurğuları, ixtisaslı kadrları itirilib.

Dünya bazarında Azərbaycan zəfəranı heç cür təmsil olunmur. Ola bilər, hansısa sərgi üçün kiçik həcmdə məhsul təqdim edilsin, amma böyük mənada zəfəran yoxdur, çünki həm məhsul istehsalı azdır, həm keyfiyyəti analiz edən laboratoriyamız yoxdur. Brendləşmə, sertifikatlaşma kimi işlərdə də geridəyik. İnformasiya mühitində da xeyli boşluq var. Axı, dünya brendləri və aparıcı ölkələr hər istehsal etdiyi məhsuldan öncə informasiya mühitini araşdırır, özününkünü tərifləməklə, digərlərinin məhsulunu kölgədə qoymağa çalışır.

Mədə dərmanı, üz üçün maska və daha nələr... Bakıda “ən şirin yarmarka” keçirilir>>

İranda bir zəfəran kultu yaradılıb

Dünyanın zəfəran bazarını kim idarə edir? Kim liderdir, kim lider olmağa can atır?

Əlbəttə, zəfəran bazarının ən böyük oyunçusu İrandır. Azərbaycan mətbuatında və telekanallarında “keyfiyyətsiz İran zəfəranı” ifadəsi çox işlədilir. Yerli bazarda İrandan gətirilən hər cür zəfəran var, keyfiyyətlisi də, keyfiyyətsizi də. Qiymət də aşağıdır. Amma keyfiyyətsiz olduğuna görə yox. Sadəcə bu ölkədə orta hesabla ildə 300 ton məhsul istehsal olunur. İranın bəzi bölgələrində çox yüksək, bəzi bölgələrində isə aşağı keyfiyyətli zəfəran yetişir. Zəfəranın keyfiyyəti əkildiyi bölgədən və qurutma texnologiyasından asılıdır.

İranda bir zəfəran kultu yaradılıb. Yəni zəfəran haqqında bəslənən musiqilərdən tutmuş, muzeyinə kimi hər şey var. İldə 60 ton quru məhsul qurutmaq gücündə olan zəfəran zavodu da inşa edilib. İran zəfəranı dünyanın bütün ölkələrinə yol tapıb. Hətta bəzi ölkələr İrandan zəfəran alıb öz brendi adı altında satış edirlər. Azərbaycanda da İran zəfəranını pisləyib yerli zəfəranı tərifləmək ənənəsi var, amma bunun kökündə həqiqətin olduğunu demək çətindir. Bəli, Bilgəhdə yetişdirilən və düzgün qurudulan zəfəran çox keyfiyyətli, premium maldır. Amma bu maldan nə qədər var?

Aparıcı ölkələrdə gözəl qablarda qramı 10-12 dollara satılan ispan zəfəranı almaq olar

İrandan əlavə bazarda Əfqanıstan, İspaniya, Fransa, İtaliya kimi istehsalçılar var. Son illər “narkotik əvəzinə zəfəran” proqramına qoşulan Əfqanıstan artıq bu sahədə uzun illər liderlik edən bir sıra ölkələri geridə qoyub. Həm zəfəranın istehsalının həcmini 10 tona çatdırıb, həm də məhsulun keyfiyyətinə görə illərdir birincilik qazanır. İşçi qüvvəsi ucuz, əkin üçün isə ideal şərait olduğuna görə zəfəranın Əfqanıstanda yetişdirilməsi ildən-ilə artır.

Əlbəttə, İspaniya zəfəran brendi dünyada çox tanınır, yəni bütün aparıcı ölkələrdə gözəl qablarda qramı 10-12 dollara satılan ispan zəfəranı almaq olar. Ümumi istehsalın həcmi elə də yüksək olmasa, ispan zəfəranı həm keyfiyyətli, həm də bahalı mal kimi tanınıb.

Zəfəran Mərakeş, Hindistan, Pakistan, Çində də yetişdirilir. Hindistanla Pakistana şərikli məxsus olan Kəşmir vilayətində bəlkə də dünyanın ən keyfiyyətli məhsulu - Kəşmir zəfəranı yetişdirilir. Bu brend məhsul dünya bazarında tanınır.

Ukraynanın elə bir zəfəran istehsal etmək gücü yoxdur

Nə qədər qəribə olsa da, hazırda zəfəran bazarına yeni oyunçular daxil olmaqdadır. Bu sırada Özbəkistan, Ukrayna və Bolqarıstanın adını hallandırmaq olar. Özbəkistanda zəfəran üçün o qədər də uyğun olmayan bir iqlim var, çünki təbiəti bir az qurudur. Yüksək məhsuldarlığa nail olmaq üçün zəfəranı xeyli suvarmaq lazım gəlir. Halbuki, yağıntıların bol olduğu yerlərdə payız mövsümündə 5-6 yağış bitkinin çiçəkləməsinə tam bəs edər. Bu baxımdan Abşeronun iqlimi zəfəran üçün tam yararlıdır, süni suvarmaya ehtiyac belə olmur.

Hazırda Özbəkistanda zəfəran üzrə dövlət proqramı qəbul olunub, sahələr ayrılıb. Çox yəqin, yaxın gələcəkdə bu ölkəni də zəfəran istehsalçıları sırasında görəcəyik.

Ukraynada zəfəran hərəkatı cəmi iki fermerin Oleq Demçenko və Vitali Şakalonun şəxsi təşəbbüsü hesabına inkişaf etməyə başlayıb. Bir neçə il öncə bu işlə məşğul olmağa başlayan fermerlər ilk ildə cəmi 5 sot yerdən 300 qram, növbəti ildə isə 20 sot ərazidən 700 qram məhsul əldə edə biliblər. Hazırda Demçenko və Şakalo dünyanın ən bahalı ədviyyəsi olan zəfəranın qramını 5 ABŞ dollarına satırlar. Bu azmış kimi fermerlər yerli kanallardan birinə müsahibədə öz məhsullarını hətta Azərbaycana da ixrac etdiklərini bildiriblər.

Əlbəttə, Ukraynanın elə bir zəfəran istehsal etmək gücü yoxdur. Bu bitki bazara təzə-təzə daxil olur, amma vaxt ötəcək, bu ölkə də öz yerini bərkidəcək, Avropa bazarına yaxınlığı isə məhsulu daha baha qiymətə satmağa imkan verəcək. Özü də Ukrayna mətbuatı bu iki iş adamının zəfəran fəaliyyətini daim müsbət yönümdən işıqlandırır, informasiya dəstəyi yüksək səviyyədə baş verir.

Azərbaycanlıların qoz-fındıq davası: Kimdir müqəssir?>>

Bolqarıstan zəfəranı keyfiyyət baxımından hətta İran zəfəranını geridə qoyur

Zəfəran bazarının ən ciddi oyunçularanıdan birinin Bolqarıstan olacağı gözlənilir. Bolqarıstan deyərkən bir zaman SSRİ-yə ixrac edilən “Pomorin” diş pastası, olduqca dadlı çiyələk cemi və əsl şaftalı şirəsi, bir də hər kioskda satılan “Tu 134”, “Opal” kimi siqaretlər yada düşür. Bolqar çiyələk cemi olduqca yeməli idi, uşaqlıq dövründə bunu dadanlar yaxşı xatırlayır. Amma köhnə sistem dağıldı, Bolqarıstan Avropa Birliyinə daxil oldu, nəticədə demək olar bütün istehsalı çökdü. Rusiya və digər postsovet ölkələrinin də bazarını başqa istehsalçılar tutdu. Dünyada siqaretə qarşı gedən ümumi kampaniyanın fonunda heç tütünün əkilməsi və istehsalı da maraqlı görünmür. AB-də Bolqarıstan kasıb ölkələr sırasında yer alıb.

Amma müsbət tendensiya da az deyil. Haradasa 5 il öncə Bolqarıstanda zəfəran əkininə başlanılıb. Zəfəran İstehsalçıları Assosiasiyasının sədri Həsən Tahirovun təşəbbüsü ilə zəfərana maraq artıb. İqlimi və şəraiti ən keyfiyyətli zəfəran yetişdirməyə imkan verir. Hazırda Bolqarıstanda 5 minə yaxın insan zəfəran istehsalı ilə məşğul olur. Fransa alimlərinin qənaətinə görə, Bolqarıstan zəfəranı keyfiyyət baxımından hətta İran zəfəranını geridə qoyur. Aparılan tədqiqatlar bunu deməyə əsas verir.

Bolqarıstanda belə keyfiyyətli zəfəranın yetişdirilməsi Avropa Birliyində bir sıra iş adamlarını maraqlandırıb. Yaxın gələcəkdə məhz Bolqarıstan Avropanın zəfəran mərkəzinə çevriləcək. Çox yəqin belə bir plan artıq hazırlanır, bu yolla Avropa özünün bazarını tam olaraq bu məhsulla təmin edə biləcək. Bolqarıstan təkcə zəfəranı ədviyyə kimi istehsal etməklə yox, həm də onun soğanağını dünya bazarında baha qiymətə satmaqla məşğuldur. Zəfəran soğanağı həm bir sıra ölkələrə həm əkin üçün, həm də dərman istehsalı üçün lazımdır. Elə 2019-cu ildə Bolqarıstan Çinə 40 ton soğanaq satmağı nəzərdə tutmuşdu. Bu göstəricinin bir neçə ilə 10 dəfə artacağı gözlənilir. Çili də bolqar soğanaqlarını almağa hazırdır. Artıq bu sahədə danışıqlar aparılır. Təkcə Fransanın Kənd Təsərrüfatı Nazirliyi və Dərman İstehsalı Agentliyi Bolqarıstandan ildə 500 ton soğanaq sifariş edir. Dubay bütün bolqar zəfəranını almağa hazır olsa da, hələlik tələb olunan qədər məhsul yoxdur.

Beləliklə, Bolqarıstan yaxın 10-15 ildə zəfəran istehsalı üzrə lider ölkələrdən birinə çevrilmək niyyətindədir.

Hindistan narı Qəbələdə – qeyri-adi meyvə Azərbaycanda necə yetişdirilir>>

Hər hansı bir istehsal müəssisəsi və ya assosiasiya yaratmaq azdır

Azərbaycanda da bu sahənin inkişaf etdirilməsinin zəruriliyini anlayırlar. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC bu ildən zəfəranın qablaşdırılmasını və satışını həyata keçirəcək. Pirallahı Sənaye Parkında qeydə alınan yeni rezident “Absheron Saffron Ltd” MMC müasir texnologiyalar vasitəsilə yerli xammal əsasında zəfəranın emalını və ondan müxtəlif növ məhsulların istehsalını reallaşdıracaq. Müəssisədə 50 yeni iş yeri açılacağı nəzərdə tutulub. 

Əlbəttə, hələlik ölkədə bu müəssisələri təmin edə biləcək qədər zəfəran istehsal edilmir, amma gələcəkdə həcmin artacağı gözlənilir. Həm də bu müəssisələrdə İrandan gətirilən zəfəranı da qablaşdırmaq olar. 2019-cu il iyunun 4-də ölkədə Zəfəran İstehsalçıları, emalçıları və ixracatçıları Assosiasiyası təsis edilib. Kənd Təsərrüfatı Nazirliyi məhz bu qurumla əməkdaşlıq edəcəyini bəyan edib. Bunun ardınca daha bir qurum yaradılıb. Azərbaycan Zəfərançılığının İnkişafı Assosiasiyası İctimai Birliyinin rəsmi təqdimatı bu ilin iyun ayının 27-də baş tutub.

Müəyyən proseslərin getdiyi açıq-aşkar duyulur. Amma hər hansı bir istehsal müəssisəsi və ya assosiasiya yaratmaq azdır, zəfəran prosesinin informasiya dəstəyi məsələsi demək olar embrional vəziyyətdədir. Axtarışda zəfəran yazarkən Azərbaycan zəfəranına tərif yağdıran, onun keyfiyyətini və xüsusiyyətlərini tərifləyən ekspertlərin fikirləri reallığı əks etdirmir. Fikirlərimiz elə daxili bazar üçündür, özümüz deyib, özümüz də eşidirik.

Bəlkə də hazırda dünya zəfəran istehsalçıları ilə daha sıx əməkdaşlıq formalarını düşünməliyik. Bolqarıstan hazırda bir güc mərkəzinə çevrilirsə, deməli onun yanında hələ tutulmayan yerlərdən birini tutmalıyıq.

Azərbaycan zəfəranı bir vaxtlar itirdiyi mövqeyə qayıdacağı anı gözləyir.

Əsas mövzular