CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ömrümüzü bitirən yollar: Hər dəqiqəmiz həyatdan gedir, qiymətini verən yoxdur

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan
Abunə olmaq
Araz Əlizadə işçiyə əlavə pul verməkdən daha böyük problemlərimizin olduğunu, Fazil Mustafa isə vətəndaşın çəkdiyi çətinlikləri düşünmək gərəkdiyini bildirir 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Bakının hansısa kənar qəsəbəsindən, eləcə də Sumqayıtdan iş üçün mərkəzə gedib-qayıtmaq bəzən 2-3 saata yaxın vaxt alır. Tıxaclar olanda isə bu müddət bir qədər də uzanır. Əlbəttə, bu amil işçilərin günə daha məhsuldar başlaması yolunda əngəldir. İşə çatmazdan öncə enerjimizin bir hissəsini yolda itirmiş oluruq.

Amma məsələnin digər, daha vacib tərəfi də var. İş həftəmizin 5 gündən ibarət olduğunu götürsək (6 günlük iş günləri də olanlar var), il ərzində bu, təxminən 1000 saat (bəzən isə daha da çox), yaxud təxminən 45 gün edir! Yəni, bəzi insanlar hər il ancaq yola həyatlarının 45 gününü itirirlər.

Девушка пострадавшая в ДТП, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol qəzalarında ölümlər azalacaq - üç nazirlik fəaliyyətə keçdi

Eyni problem digər ölkələrdə də yaşanır. Amma vaxtı pul hesab edən bəzi Avropa ölkələri bu vəziyyətdən çıxış yolunu tapıblar. Belə ki, artıq inkişaf etmiş Avropa ölkələrində yola sərf olunan zaman da iş saatına aid edilir və buna görə də əlavə əmək haqqı ödənilir. Eyni zamanda, hər qəpiyinin qədrini bilən avropalılar yola xərclənən zamana görə daha çox vəsait ödəməmək üçün çıxış yolu da axtarırlar. Onların qarşısında dayanan əsas hədəf tıxaclarda keçən vaxtı azaltmaq, nəqliyyatın rahat hərəkətini təmin etməkdir. 

Azərbaycanda bu istiqamətdə hansı addımların atılması vacibdir?

Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında işə getmək üçün yola sərf edilən zamanın işin tərkib hissəsi kimi sayılması fikri ilə razılaşır: “Buna görə də işçiyə yola sərf etdiyi zamana görə əmək haqqı ödənilməsi ədalətli yanaşmadır. Amma düşünmürəm ki, bu layihə yaxın zamanlarda Azərbaycanda baş tutsun. Çünki Azərbaycanda işə götürənlər hər addım başı işçinin hüququnu pozurlar. Hazırda onların hansısa güzəştə gedəcəyi inanılan deyil".

Ekspert şəhərdaxili hərəkət müddəti haqda da danışıb: "Nəqliyyat sisteminin effektivliyi də önəmlidir. Amma Azərbaycanda nəqliyyatda sərf olunan zaman ötən illərlə müqayisədə artıb. Məsələn, ötən il şəhər daxilində orta səyahət vaxtı 40 dəqiqə idisə, bu il həmin rəqəm 45 dəqiqədir. Bu da şəhərdaxili tıxacların vaxtının artması deməkdir".

"Təəssüflər olsun ki, Azərbaycanda qənaət edilmiş səyahət vaxtının hesablanması ilə bağlı metodologiya mövcud deyil. Bizim əmək bazarının strukturu da buna uyğun deyil", - deyə ekspert əlavə edib.

Millət vəkili Araz Əlizadə Azərbaycanda işçiyə yola sərf etdiyi vaxta görə əlavə pul ödəməyin gərək olmadığını deyib. O, bunu son zamanlar ölkədə minimal əmək haqqının artması ilə izah edib: “Belə xərclərə ehtiyac yoxdur. Siz elə düşünürsünüz ki, bu şəxslərin yola sərf etdiyi saata görə alacaqları əlavə pul yüksək olacaq? Bizim bundan da böyük problemlərimiz var".

Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Biləsuvarda yol qəzası olub, ölən var

Millət vəkili Fazil Mustafa isə məsələyə həmkarından fərqli yanaşıb. O bildirib ki, hazırda Azərbaycanda da belə bir addımın atılması gərəklidir: "Bu baş verərsə, o zaman müvafiq dövlət qurumları əlavə vəsait xərclənməməsi üçün tıxacların qarşısını almaq istiqamətində addımlar atmış olacaqlar. Lakin indiki vəziyyətdə işçinin işə necə gəlib çatması hansısa rəhbərin vecinə deyil. Hərəsi bir şlaqbaum qoyub və qeyd edir ki, işçilər saat 09:00-da işdə olmalıdırlar. Əhmədli tərəfdə yaşayan bu yazıq şəxs gərək səhər 7-də evindən çıxsın ki, 9-da gəlib işə çata bilsin. Vətəndaşın hər gün işə gedib gələrkən qarşılaşdığı çətinliklər haqda düşünmək lazımdır. Çünki ümumilikdə işə gedib qayıtmaq üçün bir işçi 4 saatını yolda itirmiş olur, tıxacda qalır. Belə bir addımın atılması isə vətəndaşa əlavə pul verməkdən öncə, həm də tıxacların qarşısının alınmasına töhfə verəcək".

"Başqa ölkələrdə metroya alternativ olaraq trolleybus, tramvay yolları var. Azərbaycanda isə metroya alternativ yoxdur. Bununla yanaşı, nəqliyyat sektoru yetərli səviyyədə təmin olunmadığı üçün hamı məcbur olaraq avtomobil alır. Yollarda isə tıxacın yaranması həm avtobusların, həm da maşınların hərəkətinə əngəl törədir. Metroda isə tez-tez problemlər müşahidə edilir. Ay ərzində haradasa 10 dəfə metroda problem yaranır", - deyə o əlavə edib.

Millət vəkili iş saatları ilə bağlı daha bir addımın atılmasının da gərək olduğunu bildirib: "İş saatlarının dəyişdirilməsini təklif edirəm. Nə üçün Azərbaycanda iş vaxtı 7-də başlayıb, günorta 3-də bitməsin? Əgər bu iş yeri vətəndaşa xidmət müəssisəsi deyilsə, bir işçinin saat 6-ya kimi işdə qalmasının nə mənası var? Bununla da həm tıxacların qarşısını almaq mümkün olar, həm də işləyən şəxs özü, ailəsi üçün də zaman ayıra bilər. Artıq bəzi Avropa ölkələrində iş saatları 7-də başlayır, 3-də bitir".

Sınıqkörpü sərhəd gömrük məntəqəsi - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Bir kəmər, bir yol" - Azərbaycanla Türkiyə daha çox qazana bilər

Millət vəkilinin sözlərinə görə, bunun üçün qanun səviyyəsində addım atılmalıdır: "Lakin bu məsələnin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxması gözlənilmir. Çünki burada maliyyə məsələlərindən söhbət gedirsə, müvafiq qurumların hesablamalarını təqdim etməsi vacibdir".

Bakıya isə yaxın ərazilərdən, eləcə də Sumqayıt şəhərindən də hər gün müəyyən çəkidə bir işçi qüvvəsinin axın etdiyini nəzərə alsaq, yola sərf edilən zaman üçün ayrılan vəsaitin, yəni kompensasiyanın yorğun yolçuluqdan sonra işə köklənmək üçün bir motivasiya olacağını da deyə bilərik. Hələlik isə bizə belə bir qanun layihəsinin hazırlanaraq müzakirəyə çıxmasını gözləmək qalır...

Xəbər lenti
0