CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da

© Sputnik / Nigar IskanderovaDövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsinin əməkdaşı
Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsinin əməkdaşı - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyar İbrahimov bəzi malların ölkəyə buraxılması və gətirilməsinin qadağan edilmə səbəblərinə aydınlıq gətirib

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Ölkəyə ixrac edilməsi nəzərdə tutulan, lakin mənşəyi bəlli olmayan mallar Dövlət Gömrük Komitəsinin Ekspertiza İdarəsində yoxlanılır. Bunun üçün isə Dövlət Gömrük Sərhəd Keçid Məntəqələrindən həmin idarəyə sorğu göndərilir. Bu sorğulara 20 gün müddətində baxılır.

Флаги США и Европейского совета в Брюсселе - Sputnik Azərbaycan
Dövran dəyişdi: Avropa ABŞ məhsullarına gömrük rüsumları tətbiq edir

Lakin elə ekspertizalar da var ki, onların müddəti 4 ayadək də uzadıla bilər. Bu zaman hər bir mal ayrılıqda kodlaşdırılır. Belə ekspertizalarda vətəndaşla gömrük məmuru arasında təmas olmur. Məlumatlar sorğuçuya elektron formada göndərilir. Burada malın aidiyyətinin ayırd edilməsi onun gömrük dəyərinin dəqiq müəyyənləşdirilməsinə, bu da öz növbəsində verginin əskik, yaxud da artıq verilməsinin qarşısının alınmasına xidmət edir.

Gömrük orqanlarında ekspert-tədqiqat funksiyasının həyata keçirilməsi başlıca amillərdən biridir. Bu səbəbdən də gömrük ekspertizası gömrük işinin güzgüsü adlandırılır. Sputnik Azərbaycan-ın əməkdaşı gömrükdə ekspertizaların necə aparılmasını öyrənmək üçün Şıxovda yerləşən Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsində olub.

© Sputnik / Nigar IskanderovaDövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsi
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsi

Mərkəzin rəhbəri Təyyar İbrahimov fəaliyyət istiqamətlərindən və laboratoriyalardan danışıb: “Ekspertiza işi təhlükəsizliyə təminatda, ölkə iqtisadiyyatında, suverenlikdə, ekologiya, flora və faunanın qorunmasında, büdcənin mədaxil hissəsinin formalaşmasında da həlledici rola malik olur. Burada xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq malların dəqiq kodlaşdırılması həyata keçirilir. Bu kodlar əsasında isə qüvvədə olan tarif dərəcələrinə müvafiq tariflər tətbiq olunur və idxal olunan mallardan rüsumlar alınır”.

T.İbrahimov deyir ki, malların dəqiq təsnifatı 4 əlamətə görə aparılır. İlk olaraq onların mənşəyi, kimyəvi tərkibi , hazırlandığı materiala görə öyrənilir. Sonda isə onun həyata keçirdiyi funksiya öyrənilir.

Hər bir malın öz rekvizitlərinin olduğunu söyləyən T.İbrahimov buradaki əsas şöbələrdən birinin texnoloji və mexaniki avadanlıqların ekspertiza şöbəsi olduğunu bildirir. Ekspertiza şöbəsində texnoloji və mexaniki malların aidiyyəti müəyyənləşir və tarif və dərəcəsi bəlli olur.

© Sputnik / Nigar IskanderovaTəyyar İbrahimov
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Təyyar İbrahimov
Həmsöhbətimiz deyir ki, ölkəyə idxal olanda aidiyyəti mallardan icazə statusu alınmalıdır. İdxal nəzarəti haqda Azərbaycan Respublikasının qanuna əsasən avadanlıqların göstərilən tələblərə uyğun olub-olmaması araşdırılır. Bu uyğunluq yoxdursa, o zaman həmin malların ölkəyə buraxılmasına icazə verilmir. Hüquqi, yaxud da fiziki şəxsin icazə sənədi yoxdursa, bu malların da ölkəyə buraxılmasına icazə verilmir.

Söhbət əsnasında laboratoriya ilə tanış oluruq. Kod nömrəsinin verilməsi üçün laboratoriyaya gətirilən məhsullar arasında kartofun daha çox üstünlük təşkil etdiyini görürük. Bizə bildirilir ki, laboratoriyadakı cihazlar ən son texnologiyalara cavab verir. Yapon istehsalı olan cihazlar bir sıra detalları müəyyənləşdirməyə imkan yaradır.

Ağ ölümə qarşı mübarizədə həlledici olan İON SCAN cihazı isə psixotrop və partlayıcı maddələr, narkotik preparatları müəyyənləşdirməyə imkan verir. Həmsöhbətimizlə narkotik mallar haqda danışırıq: "Biz laboratoriyamızda bir maddənin həqiqətən də narkotik, yaxud da psixotrop maddə olmasını müəyyənləşdiririk. Çünki elə maddələr var ki, onlar həm də prekursor kimi istifadə edilir. Prekursorlar partlayıcı, narkotik-pisxotrop maddələrin hazırlanmasında istifadə edilir. Aseton, sulfat turşusu da təmayülündən asılı olaraq eyni zamanda prekursordur".

© Sputnik / Nigar IskanderovaLaboratoriyada məhsuldan nümünə götürülməsi
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Laboratoriyada məhsuldan nümünə götürülməsi
T.İbrahimov vaxtilə hər aptekdə olan, əhali tərəfindən “marqansovka” kimi tanınan kalium permanganatın apteklərdən yığışdırılması məsələsinə də toxunur: "Onlardan narkotik vasitələrin hazırlanmasında inqrediyent kimi istifadə olunduğu üçün yalnız  Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin icazəsi əsasında ölkəyə buraxılır. Bu "marqansovka"ların hazır məhlul halında bəzi apteklərdə satışına icazə verilir".

O, xüsusi icazə ilə buraxılan digər məhsul haqda da danışıb: "Aseton xüsusi icazə əsasında ölkəyə buraxılır. Hazırda asetonun xüsusi əvəzediciləri var. Çünki elə istehsal sahələri var ki, orada asetondan istifadə olunur".

"Elə məhsullar var ki, onlar olduğu formada ölkəyə buraxılmır. Məsələn, yodlaşdırılmamış duzun ölkə ərazisinə buraxılması da qəti qadağandır. Çünki bu zaman da müxtəlif ağır xəstəliklər yaranır", – deyə həmsöhbətimiz əlavə edib.

Buradakı laboratoriyalar qazın tərkibinin də müəyyənləşdirilməsinə imkan verir. Eyni zamanda da yapışdırıcıların tərkibi də müəyyənləşdirilir: "Qaz balonları ilə bağlı daima xoşagəlməz hadisələr baş verir. Bu balonlar İran İslam Respublikasından gətirilir. Biz onun neçə paskal təzyiqə malik olmasını, istismara icazəsinin olub-olmamasını öyrənirik. Bundan başqa, uyğunluq sertifikatı ilə də bu balonların yararlı olub-olmaması araşdırılır".

© Sputnik / Nigar IskanderovaLaboratoriyaya gətirilən məshullar arasında kartofun daha çoxdur
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Laboratoriyaya gətirilən məshullar arasında kartofun daha çoxdur
Bundan başqa əmtəə nişanlarının sahibliyi hüquqlarının qorunması üçün də daxil olan sorğular araşdırılır: "Malların kontrafakt, pirat olub-olmadığı da mərkəzdəki laboratoriyalarda müəyyənləşdirilir. Əmtəə nişanına sahiblik qorunur. Bu zaman əmtəə nişanının qeydiyyata düşüb-düşməməsinə diqqət yetiririk. Şovinizmi, əxlaqi-etik çərçivələrə zidd olan pornoqrafik əsərlərin ölkəyə buraxılmasına icazə verilmir".

Hər bir brendin özünün tanınma atributlarının olduğunu deyən həmsöhbətimiz bunun geyimin iç tərəfində hansısa hissəsində gümüşü sap ola biləcəyini də söyləyir: "Məhsulun brendə aid olmasını müəyyənləşdirən tanınma nişanları müxtəlif yerlərdə ola bilər". 

Onun sözlərinə görə, azad ticarət sazişi olan 9 ölkənin (Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Tacikistan və Qırğızıstan) mallarından gömrükdə heç bir rüsum və vergi alınmır. Bu mallardan yalnız əlavə dəyər vergisi və aksizə düşən mallardan aksiz vergisi alınır. 

© Sputnik / Nigar IskanderovaLaboratoriyada soba
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Laboratoriyada soba

Laboratoriyanı gəzdikcə burada ekspress diaqnostika bölməsi, mərkəzdə qızılların əyarını müəyyən edən “Gold dedector”la da tanış oluruq.

Mülki dövriyyəsinə icazə verilən malların hər kəs tərəfindən ölkəyə sərbəst gətirildiyini deyən T.İbrahimov qeyd edir ki, 2018-ci ildə kodların dəyişdirilməsi ilə büdcəyə 295 min 760 manat mədaxil olub. Cari ilin 9 ayında isə bu rəqəm 450 min 940 manat təşkil edib: "Bundan başqa, 2018-ci ildə büdcədənkənar inkişaf fonduna 732 min 310 manat, bu ilin 9 ayında isə 762 min 289 manat vəsait daxil olub". 

Bu ilin yanvarın 4-də isə mərkəz ekologiyanın qorunması məqsədi ilə ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinə inspeksiya xidməti göstərən orqan statusu alıb. Bu orqan tərəfindən avtonəqliyyatdan atmosferə atılan zərərli maddələrin miqdarı müəyyən edilir, istifadə olunan nəqliyyat vasitələrinin AVRO 4 standartlarına uyğun olması öyrənilir.

© Sputnik / Nigar Iskanderova Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsinin əməkdaşı
Hər şey orada başlayır: Texnika da, partlayıcı da, narkotik də, hətta kartof da - Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin Mərkəzi Ekspertiza İdarəsinin əməkdaşı

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi İSO/İEC 17025:2005 Beynəlxalq Standartı üzrə akkreditasiya alıb. DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin akkreditasiya sahəsinə 10 analitik metod - müxtəlif içkilərdə dəmir və mis kimi toksiki elementlərin, benzoy və sorbin turşusu kimi konservantların təyini, qoz-fındıq məhsullarında aflatoksin B1, B2, G1, G2 və onların cəminin müəyyən edilməsi, qida məhsullarında və heyvan yemində bağırsaq çöpü, bakterioloji çirklənmə, kif və maya göbələklərinin və salmonella bakteriyalarının təyini daxildir.

Haqqında bəhs etdiyimiz laboratoriya 1992-ci ildən fəaliyyətə başlayıb. 2000-ci ildən sonra Mərkəzi Gömrük Ekspertizası İdarəsi təşkil olunub. 

Xəbər lenti
0