19:14 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Əlində gül tutan qadın

"Günlərlə çörək yemədiyimiz, ac qaldığımız vaxtlar olub" - İnsan alverinin qurbanı

CC0 / Kristina Paukshtite / woman
CƏMİYYƏT
Qısa URL
53810

İnsan alverinin qurbanına çevrilən qadınların çoxu vaxtı ilə məişət zorakılığından əziyyət çəkən, boşanmış şəxslər olub və müəyyən təkliflərə aldanıblar

BAKI, 14 oktyabr — Sputnik. İnsan alveri qlobal dünyanın ən böyük problemlərindən biridir. Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların məcburi silahlı qruplaşmalara cəlb edilməsi, orqanların transplantasiyası... Bir sözlə, bütün bunlar eyni dəhşətli cinayətin – insan alverinin fərqli növləridir.

Son bir ildə Azərbaycanda 71 yerli vətəndaş insan alverinin qurbanı olub. Onlardan 65-i qadın, 5-i kişi, biri isə 13 yaşlı uşaqdır. Atası rəhmətə gedən azyaşlı əmək istismarına məruz qalıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin rəhbəri Həbibə Qəribova deyib.

İnsan alverinin yaranmasına səbəb olan amillərdən danışan H.Qəribova bildirib ki, bu sırada ilk olaraq yoxsulluğu, iqtisadi gücün olmamasını göstərmək olar. Bu amillər xüsusi ilə qadınlar arasında insan alverini yaradan səbəblərdən biri kimi qiymətləndirilir. Bundan başqa, ailənin dağılması, yaxud da məişət zorakılığı, gender bərabərsizliyi, təhsilsizlik də insan alverinə zəmin yaradan səbəblər sırasında sadalanır.

Söhbət əsnasında Həbibə xanım bizə fəaliyyətləri və bu şəxslərlə görülən işlərdən danışıb: “Mərkəzimiz 2009-cu ildən etibarən fəaliyyət göstərir. Bizə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən həmin şəxslərin siyahısı göndərilir. Bu siyahıya əsasən qurbanlarla işə başlayır, onlarla əlaqə saxlayırıq. Onlara eyni zamanda tibbi, hüquqi, sosial, psixoloji yardım göstəririk. Hüquqi yardım zamanı isə onlara sənədlərini bərpa etməyə kömək edir, alimentlərlə bağlı lazım olan köməklikləri göstəririk”.

“Qadınlar daha çox cinsi, kişilər isə əmək istismarına məruz qalırlar. Onu da xüsusən vurğulamaq istəyirəm ki, bir şəxsin aldadılması, ona əmək haqqının verilməməsi də insan alveri hesab edilir”, - deyə həmsöhbətimiz əlavə edib.

Onun sözlərinə görə, insan alveri qurbanlarına müxtəlif peşələr öyrədilir, eyni zamanda da onlar işlə təmin edilirlər: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə sıx əməkdaşlıq edirik. Onlar insan alveri qurbanlarının işlə təminatına kömək edirlər. Dövlət Məşğulluq Xidmətinin peşə kursları da fəaliyyət göstərir ki, burada da xərclər dövlət tərəfindən qarşılanır. Peşə kursları zamanı bərbər, saç və manikür ustası, dərzilik, fəhləlik öyrədilir. Onlar arasında hətta ingilis dili kurslarına gedənlər var. Bu kurslar çərçivəsində zərərçəkmişin yol haqqı da dövlət tərəfindən qarşılanır. Onu da qeyd edim ki, insan alverinin qurbanı olanlar arasında sonradan ali təhsil alanlar da olub”.

Mərkəzdə eyni zamanda insan alverinin qurbanları və potensial qurbanların ailə üzvlərinə də yardımlar göstərilir: “İnsan alveri olan qurbanımızın birinin anası, digərinin bacısı təşəbbüsümüzlə əməliyyat olunub. Təzəlikcə insan alverinin qurbanı olan bir qadının da doğuşunu həyata keçirtmişik”.

İnsan alverinin qurbanı olan qadınlarda müxtəlif cinsi xəstəliklərin aşkarlandığını vurğulayan həmsöhbətimiz deyir ki, mərkəzdə qurbanların övladlarına da sosial yardımlar göstərilir.  Bu yardımlar çərçivəsində onlar məktəb ləvazimatları ilə təmin edilir.

Mərkəzin əsas hədəfləri isə belə şəxslərin reabilitasiya və reinteqrasiyasını həyata keçirtməkdir. 

Avaralıqla, yaxud da dilənçiliklə məşğul olanlar, səfil və əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız şəxslər, təhsildən yayınan uşaqlar, narkotik maddə və psixotrop dərmanlardan asılı şəxslər də insan alverinin potensial qurbanı hesab edilir.

H.Qəribovanın sözlərinə görə, potensial qurbanlar mərkəzə QHT-lər vasitəsi ilə müraciət edirlər: “Maariflənmə işləri çərçivəsində də potensial qurbanlar tərəfindən bizə müraciətlər daxil olur. Belə şəxslər xaricdən iş və təhsillə bağlı təkliflər aldıqlarını deyirlər”.

“İnsan alverinin qurbanı olan şəxslərlə yanaşı, biz həmçinin potensial qurbanlara da eyni xidmətləri göstərir, onlara yardım edirik. Onların sayı isə 20, yardım göstərdiyimiz uşaqların sayı isə 6 olub”, - deyə o əlavə edib.

O insan alveri qurbanları və potensial qurbanların iş, məşğulluqla təminatı haqda da danışıb: “Bir il ərzində insan alveri qurbanlarından 11-i məşğulluqla, 9-u peşə kursları, digər 11-i isə tibbi yardımla təmin edilib. Digər şəxslər həm psixoloji, həm də hüquqi yardımlardan yararlanıblar. Potensial insan alveri qurbanlarından 2-i məşğulluğa, 7-i peşə kurslarına cəlb edilib”.

H.Qəribova insan alverinin qurbanı olmamaq üçün başqa ölkəyə getmək qərarında bəzi nüansları diqqətdən qaçırmamaq lazım olduğunu bildırir. Onun sözlərinə görə, ilk olaraq xaricə getməzdən öncə təklif olunan işin qanuni olmasına əmin olmaq lazımdır. Həm agentliyin, həm də vasitəçi şirkətin yerli vətəndaşları xaricdə işə düzəltmək icazəsi olmalıdır. Bu agentliyin xarici ölkədəki həmin şirkətlərlə sazişləri olmalıdır.

Müqaviləni oxuyarkən də diqqətli olmaq tələb olunur. Müqavilədə işəgötürən şəxsin və şirkətin adı, o cümlədən də ünvan əksini tapmalı, işəgötürən şəxsin o ölkədə hüquqi statusu və vəzifəsi öyrənilməlidir. Müqavilə ilə yanaşı verilməsi nəzərdə tutulan əmək haqqının miqdarı və verilmə şərtləri ilə də tanış olmaq lazımdır. Bundan başqa, işçinin hüquq və vəzifələri, tibbi sığortanın mövcudluğu haqda öncədən məlumat almaq zəruridir.

İnsan alverinin qurbanı olmamaq üçün internetdə tanışlıq qurarkən də diqqətli olmaq tövsiyə edilir.

Xaricdə təhsil almaq üçün mütləq tələbə vizası olmalıdır. 

Tövsiyə olunur ki, təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq şəkildə ora da rəsmi müraciət edəsiniz. Əks halda isə bu haqda məlumatları almaq üçün Təhsil Nazirliyinə müraciət etmək tövsiyə olunur.

H.Qəribova vurğulayır ki, insan alverinin qurbanına çevrilən qadınların çoxu vaxtı ilə məişət zorakılığından əziyyət çəkən, boşanmış şəxslər olub və müəyyən təkliflərə aldanıblar.

Elə mərkəzin hüquqşünası Fariz Əkbərlə insan alverinə, xüsusən də qadın alverinə səbəb amillər haqda danışırıq: “Qadın yoldaşından boşanan zaman onun maddi problemləri yaranır. Xüsusən də uşaqlı qadınlar üçün bu böyük bir problemə çevrilir. Belə olan halda qadın ona gələn təklifləri düzgün müəyyənləşdirə bilmir və hər hansı biri ilə razılaşır. Buna səbəb isə qadının çıxılmaz vəziyyətdə olmasıdır”.

“Belə olan hallarda bəzən qadınlar insan alverinin qurbanına çevrilir, ölkə xaricində fahişəliyə cəlb olunur, cinsi istismar olunurlar. Ola bilər ki, şəxs öncədən insan alverinin qurbanı olacağını bilir, amma ona veriləcək pulun müqabilində buna razı olur”, - deyə o əlavə edib. 

Hüquqşünas tövsiyə edir ki, sənədlərə imza atacaq şəxs müqavilənin hansısa bəndi ilə razı deyilsə, bu zaman onu imzalamasın. Xaricdə işləmək üçün iş vizasının olması vacibdir, turist vizası ilə işləmək isə qadağandır. Bundan başqa, mərkəzin tövsiyələrində qeyd olunur ki, vizanın rəsmiləşdirilməsi prosesi şəxsin gələcək maaşı hesabına olacaqsa, bu zaman razılaşmaq, müqaviləyə qol çəkmək olmaz. Səfər üçün gərəkli sənədləri kiməsə verməmək, eyni zamanda da şəxsiyyət vəsiqəsinin bir surətini saxlamaq məsləhətdir.

F.Əkbər bildirir ki, insan alverinin qurbanı olan şəxslər daha çox yaxınları tərəfindən bu yola təhrik edilir, aldadılırlar: “İnsan alveri ilə məşğul olan şəxslər daha çox ən yaxın bildikləri şəxsləri özləri ilə aparırlar. Onlar bu şəxsləri MDB dövlətlərinə, Birləşmiş Ərəb Əmirliklərinə aparırlar”.

“Savadsızlıq, təhsilsizlik, erkən nikah da insan alverinə səbəb ola bilir. Potensial qurbanlarla insan alveri qurbanları arasında olan məsafə isə bir addımdır”, - deyə o əlavə edib.

Sonda isə insan alverinin qurbanı olan 40 yaşlı R.Ə. və sosial işçi Günel Əfəndiyeva ilə həmsöhbət olduq. İki il əvvəl insan alverinin qurbanı olan qəhrəmanımız başına gələnlərdən danışır: “18 yaşında ailə həyatı qurmuşam. Ailə qurmaq xətrinə ailə qurmuşam. Öncədən nəsə bir tanışlığımız, aramızda sevgimiz də olmayıb. Mənə elçi gələn kimi valideynlərim razılıq verdi və qısa müddətdə toy baş tutdu. Anam erkən yaşlarda, atam isə bir neçə ildir ki, dünyasını dəyişib. Həyat yoldaşımdan boşandıqdan sonra iki övladımla birgə ata evinə getdim. Orada atamın ikinci həyat yoldaşı ilə yola gedə bilmədik, o səbəbdən iş üçün Bakıya gəldim, burada kirayələrdə qaldım”.

Tərtərdə doğulan həmsöhbətimiz ali təhsil almadığını deyir. O, ikinci övladının dünyaya gəlməsindən sonra evdə xırda məişət problemlərinin polisyarandığını, zamanla bu problemlərin daha da böyüdüyünü, münasibətlərin soyuduğunu bildirib: “İki uşaqlı idim, həyat yoldaşım gəlib deyinirdi ki, niyə yemək yoxdur. Mən də deyirdim ki, pul olsun, evə nəsə alınsın ki, yemək də bişirim. Zaman keçdikcə münasibətlərimiz daha da soyudu, o içkili halda evə gəlməyə başladı. Hətta elə günlər oldu ki, ümumiyyətlə evə gəlmədi”.

“İki övladımı dolandırmaq üçün yol kənarında olan kafelərdə işləmək məcburiyyətində qaldım. Bakıya gəldiyim vaxtda mənə çox adam iş söz verdi. Bu müddətdə xadimə, qabyuyan kimi çalışdım. Bakıya gəldiyimiz vaxtlarda günlərlə çörək yemədiyimiz, ac qaldığımız günlər olub. Bir gün kafelərin birinə işə düzəldim. Orada çalışdığım vaxtda müştərilərdən biri mənə təklif etdi ki, gəl səni xaricə aparaq, orada işlə, daha çox qazan. Beləcə məni salona işə düzəltmək adı ilə Türkiyəyə apardılar", - deyə o əlavə edir.

Türkiyədə gedəndə isə övladları ataları ilə birgə qalır, o isə 15 gündən sonra geri qayıdır: "15 gün orada qaldığım müddətdə məni fahişəliyə cəlb etdilər. Daha sonra orada bir azərbaycanlı mənə qayıtmağa kömək etdi. Bakıya gələn kimi dərhal bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdim”.

O deyir ki, normal iş və əmək haqqı təklif olunsaydı, işləyərdi. Lakin normal iş adı ilə fahişəliyə cəlb olunacağını düşünməmişdi.

Qəhrəmanımızla işləyən sosial işçi Günel Əfəndiyeva belə şəxslərdə müşahidə olunan fəsadlardan danışır: "Xüsusən o hadisədən danışarkən onda müəyyən psixoloji fəsadları görməmək mümkünsüzdür. Çünki 15 gün ərzində psixoloji travma alan, fahişəliyə cəlb olunan şəxsin bu cür problemlərini birdən-birə aradan qaldırmaq mümkün deyil. Belə şəxslər hər dəfə başlarına gələnlərdən danışanda sanki həmin anları bir daha yaşayırlar".

"Biz heç cür bu şəxslərin öz istəkləri ilə fahişəliklə məşğul olub-olmadığını bilə bilmərik. Onlar nəyi danışmaq istəyirlərsə, onu da danışırlar. Biz heç kimi məcburi danışdıra bilmərik", - deyə o əlavə edir.

G.Əfəndiyevanın sözlərinə görə, insan alverinin qurbanı olan şəxslər arasında normal təminatı olanlar yoxdur. İnsan alverinin qurbanı olmamaq üçün ailələrin onlara sahib çıxması vacibdir. 

Hazırda manikür ustası olmaq üçün peşə kurslarına yazılan həmsöhbətimizə işləmək üçün mərkəz tərəfindən yardım göstərilir, o avadanlıqlarla təmin edilir.

Qeyd edək ki, BMT-nin hesabatına görə, insan alverinin qurbanı olan hər beş nəfərdən biri yetkinlik yaşına çatmayan şəxslərdir.

Adını anonim saxladığımız qəhrəmanımız özü ali təhsil almasa da, qızına ali təhsil verir, onun təhsil xərclərini qarşılayır. O deyir ki, insan alverinin qurbanına çevrilməmək, cəmiyyətdə əskilməmək üçün xüsusən də qızların ali təhsilinin olmasını vacib bilir.

Sonda həm mərkəz rəhbəri, həm hüquqşünas və sosial işçi, həm də qurbana çevrilən qəhrəmanımızın dediklərindən bu qənaətə gəlmək olar ki, əksər hallarda qızların təhsilsizliyi, ali təhsilinin, sənət və peşəsinin olmaması, iqtisadi asılılığı və erkən nikahlar ailə-məişət zəminində böyük problemlərlə yanaşı, həm də insan alveri qurbanına çevrilməsinə səbəb olur.

Qeyd edək ki, insan alverinin qurbanları və potensial qurbanlar xilas olmaq üçün mərkəzin bu qaynar xətti ilə əlaqə saxlamalıdırlar: 012 409 26 91

 

Əsas mövzular