CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapalı yerlərdə yenə zəhər uduruq – Qanun obyektlərin bacasında ilişib qalıb

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidПроизводство сигарет, фото из архива
Производство сигарет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zəhərli toksiki maddələr ikincili, üçüncülü tütün tüstüsü kimi çox təhlükəlidir, bizi ölümə doğru sürükləyir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 oktyabr — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qapalı məkanlarda siqaretin çəkilməsini qadağan edir. Həmin qanuna görə, qapalı yerdə tütün çəkilməsinə görə (əgər xüsusi icazə yoxdursa) böyük məbləğdə cərimə nəzərdə tutulur. Amma bu qadağaya məhəl qoyan azdır. Hətta iş o yerə çatıb ki, məsələ Milli Məclisdə də müzakirə olunub.

Eyvanda yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qonşuda bişdi, yəqin bizə də düşər – Kabab və siqaret qadağası gələcəkmi?

Milli Məclisin iclasında bu məsələyə toxunan deputat Musa Quliyev deyib ki, qanunla qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkilməsi, buna şərait yaradılması davam edir. O qeyd edib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tələblərinə əməl edilmir: "Parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur. Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələni nəzarətə götürsün".

Qeyd edək ki, qanun qüvvəyə mindikdə qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq edilib. Məlumat verilib ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda, onlar cərimələnəcəklər. Amma buna baxmayaraq, hələ də qanunun tələbinə məhəl qoymayanlar var.

Paytaxtda ictimai iaşə obyektlərində apardığımız müşahidələr zamanı da bu kimi hallarla rastlaşdıq. Hətta qadın bərbərxanalarından birində zərif cinsin nümayəndələrinin də qanunu kobud şəkildə pozaraq siqaret çəkdiyinin şahidi olduq.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qapalı yerlərdə siqaret çəkməyi yasaqlayan qanun olsa da, qanuna nəzarət mexanizmi yoxdur: "Qanunlara nəzarət etmək icraedici orqanların vəzifəsidir. Milli Məclis qanunları qəbul edən orqandır. Bundan sonra qanuna nəzarət çün icra mexanizmləri işləməlidir".

Deputat bildirib ki, qapalı yerlərdə siqaretin çəkilməsinə olan qadağaya ictimai nəzarət də olmalıdır: "Bu elə məsələdir ki, təkcə qanunla iş bitmir. Hər bir şəxsin özünün məsuliyyəti olmalıdır. Çox təəssüf ki, bizim heç də hamımız siqaret çəkən şəxsə reaksiya vermirik. Xarici ölkələrdə isə bu məsələyə münasibət fərqlidir. Hər bir şəxs digərinə nəzarət edir. Yəni, bu cür məsələlərdə ictimai nəzarət funksiyası var. Mənim fikrimcə, bizdə də heç bir şəxs özünü bu məsələdən kənara çəkməməlidir. Qapalı yerdə siqaret çəkən gördükdə, dərhal iradını, etirazını bildirməlidir. Bu ən gözəl nəzarət mexanizmi olar".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Lətafət Dadaşova Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, insan orqanizminə qapalı yerdə çəkilən siqaretin daha pis təsiri var: "Açıq yerdə çəkilən siqaretin insan səhhətinə təsiri, qapalı yerdə çəkilən siqaretlə müqayisədə daha azdır. Qapalı yerlərdə tütün tüstüsünün ətrafa yayılmasının zərərini heç bir vasitə ilə aşağı salmaq mümkün deyil. 

Elektron siqaret (veyp) və mobil telefon, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elektron siqaret həqiqətən öldürür – Daha 5 fakt qeydə alındı
Qapalı yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, siqaret onu çəkəndən çox ətrafda onun tüstüsünü qəbul edənlərə ziyandır. Ümumiyyətlə, siqareti çəkənlərdən deyil, ətrafdakılar onun ikincili təsirinə daha çox məruz qalırlar. Belə halda biz passiv siqaret çəkmiş oluruq. Halbuki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Qapalı yerlərdə, ictimai yerlərdə siqaret çəkənlər nəzərə almalıdırlar ki, onlar bizim bu hüququmuzu pozurlar".

L.Dadaşova bildirib ki, evdə siqaret çəkmənin də ciddi fəsadları var: "Belə halda siqaretin tüstüsü, zəhərli maddələr divara, evdəki əşyaların üzərinə çökür. Zəhərli toksiki maddələr üçüncülü tütün tüstüsü kimi çox təhlükəlidir. Bu, tənəffüs yolları, ürək qan-damar, bəd xassəli xəstəliklərin meydana çıxmasına səbəb olur".

Odur ki, İSİM nümayəndəsi evdə siqaret çəkməyin də ciddi fəsadları olacağı barədə həyəcan təbili çalır.

Qeyd edək ki, qanunda qapalı yerlərdə siqaret çəkənlərə inzibati cəza mexanizmi də var. İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub. Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilmir. Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərlidir.

Xəbər lenti
0