09:39 18 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
235010

Gənc Azərbaycan vətəndaşları arasında sorğu ilginc nəticələri ortaya çıxarıb: Hər dörd gəncdən biri səhhətindən və halsızlıqdan şikayətçidir

Zarina Orucova, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycanda 29 yaşadək olan hər dörd vətəndaşdan birinin səhhətində problem var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat "Azərbaycan Gəncliyi 2017-2021" Dövlət Proqramının Koordinasiya Şurasının iclası zamanı verilib.

Tədbirdə ölkənin müxtəlif regionlarında gənclər arasında keçirilən sorğunun nəticələri açıqlanıb. Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğuda iki min respondent iştirak edib. Onlara problemləri, hədəfləri, planları, münasibətləri və həyatın digər aspektləri ilə bağlı 75 sual verilib.

Sorğuda iştirak edən gənc adamların 25,3%-i səhhətindən, özünü pis hiss etməsindən, halsızlıqdan şikayətlənib.

"Onların yaşlarını nəzərə alanda, bu, xüsusi narahatlıq doğurur", - deyə sorğunun nəticələrini səsləndirən Gənclər və İdman Nazirliyinin nümayəndəsi İndira Hacıyeva bildirib.

Suallara cavab verən respondentlərin 57,6%-i öz maliyyə vəziyyətini orta adlandırıb. Yalnız 22,2% sorğu iştirakçısı pul çatızmazlığından şikayətçi olmadığını bildirib.

Bununla yanaşı, diqqətəlayiq haldır ki, sorğu iştirakçılarının 55,2%-i yaxın illərdə iş tapmaq, 66,8%-i özünün və ailəsinin maliyyə vəziyyətini, 5,12%-i yaşayış yerini yaxşılaşdırmaq niyyətindədir. Respondentlərin 28%-i isə bizneslə məşğul olmağı hədəfləyib.

"Əgər pulunuz olsaydı, onu nəyə xərcləyərdiniz" sualına əksəriyyət (41,2%) "ev və ya mənzil alardım" cavabını verib. Maşın almaq istəyənlər sorğu iştirakçılarının 33,1%-ni, səyahətə getmək istəyənlər 32,5%-ni, şəxsi biznesini qurmaq istəyənlər isə 32,2%-ni təşkil edib.

Soğrunun müəllifləri özləri üçün maraqlı kəşf də ediblər. Məlum olub ki, gənc nəslin üçdə biri heç vaxt karyera qurmaq və ya vəzifə tutmaq istəmir. Həmin gənclər bunların həyatda heç bir əhəmiyyət daşımadığını düşünürlər.

İ.Hacıyeva hazırkı gəncliyin fərqli dəyərləri inkişaf etdirdiyini də qeyd edib. Respondentlərin bir çoxu uğurlu insan olmağı maddi imkanlara sahib olmaq, sevdikləri insanların əhatəsində yaşamaq, səyahət etmək imkanına malik olmaq və eyni zamanda dinc həyat tərzi sürmək kimi başa düşürlər. Onlar üçün ailə ilk yerdə gəlir. Bunun ardınca sağlamlıq, maddi zənginlik, təhsil, dostlar, din, karyera və yalnız son yerdə siyasət gəlir.

Rəyi soruşulanların 18,9%-i boş vaxtının olmadığını qeyd edib. Respondentlərin 54,7%-i boş vaxtını dostları ilə, 46,9%-i ailəsi ilə keçirir. Onların 52%-i boş vaxtlarını sosial şəbəkələrə sərf edir, 38,2%-i isə televizora baxır.

"Qeyd edək ki, bölgələrdə respondentlərin 40%-i televizora baxır, Bakıda isə bu rəqəm heç 18%-ə çatmır", - deyə Hacıyeva bildirib.

Azərbaycanlı gənclər hər şeydən çox öz çevrələrində və ya ictimai işlərdə olmağı, teatrlara getməyi üstün tuturlar.

Sorğunun nəticələrini eşidən Gənclər və İdman naziri Azad Rəhimov bunun reallığı tam əks etdirmədiyini, amma yenə də bunların nazirliyin fəaliyyətində nəzərə alınacağını bildirib.

Əsas mövzular